18 
Noy
2019
13:28
319
67
2583
Virtual karabakh

Deputat: Gəlin qayınananın, qayınatanın məsləhətlərinə qulaq asmalıdır - MÜSAHİBƏ

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Tahir Rzayevin Oxu.Az-a müsahibəsi:

- Tahir müəllim, rəsmi statistikaya görə, ilin əvvəlindən bu yana 10 minə yaxın ailə dağılıb. Ailə institutunun deqradasiyaya uğramasında daha çox sosial problemlər rol oynayır, yoxsa psixoloji amillər?

- Boşanmaların səbəbi kimi sosial amillər irəli çəkilə bilməz. Çünki bütün dövrlərdə insanların müəyyən çətinlikləri, ailə problemləri olub. Ailələrin dağılmasının əsas səbəblərindən biri sevginin, məhəbbətin olmamasıdır.

İnsanların bir-birini öyrənmədən evlənməsi, valideynlərin, ağsaqqalların bu sahədə zəifliyi ailələrin dağılmasına gətirib çıxarır. Ağsaqqallar, valideynlər gənclərə lazımi və dəyərli məsləhətlər vermirlər.

Təbii ki, biz psixoloji amilləri də kənara ata bilmərik. Lakin insanlar bir-birini başa düşəndə, bir-birini dəqiq öyrənəndə psixoloji amillərə az yer qalır.

- Bəs psixoloji amilləri yaradan faktorlar nədir?

- Psixoloji anlaşılmazlığı yaradan əsas səbəblərdən biri odur ki, ailə quranlar bir-birlərini yaxşı öyrənmirlər. Bu gün Azərbaycanda vəzifəyə, hansısa maddiyyata, karyeraya görə ailə quranlar çoxdur. Bunlar da nəticədə qurulan ailələrin dağılmasına gətirib çıxarır. İlin sonu olmamış 10 min ailənin dağılması bizi düşündürməlidir. Bu, çox ciddi problemdir. Azərbaycan ailəsi möhkəm olmasa, Azərbaycan cəmiyyəti də möhkəm ola bilməz. Çünki ailə cəmiyyətin təməlidir.

- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailə təsisatlarının tənəzzülə uğramasında məsuliyyət dərəcəsi nə qədərdir?

- Bu komitə biz deputatların da iştirakı ilə bir çox əhəmiyyətli tədbirlər keçirir. Vaxtaşırı olaraq onlar televiziyada, mətbuatda çıxışlar edirlər. Maarifləndirici materiallar hazırlayırlar. Amma problemlərin səbəbini tək bir ailənin və komitənin üzərinə yıxmaq olmaz.  Ailənin möhkəmliyi həm də cəmiyyətdən asılıdır.

Ailənin möhkəmlənməsində valideynlərin, ağsaqqalların rolu böyükdür. Gənclər ailə quranda ağsaqqallarla, valideynlərlə məsləhətləşsinlər, onların sözlərinə qulaq assınlar. Gəlin qayınananın, qayınatanın məsləhətlərinə qulaq asmalıdır.

Eləcə də, kürəkən qayınanasına və qayınatasına ehtiramla yanaşmalıdır. Mən bunları deyən kimi, bildirirlər ki, fikirlərim gənclərin hüquqlarını pozmağa yönəlib. Xeyr, belə deyil! Bir məsəl var, deyilir ki, Allahsız yerdə otur, böyüksüz yerdə oturma. Böyüyün, ağsaqqalın sözü çox vacibdir.

- Sizcə, böyüklər həmişə düzgün məsləhət verir?

- Çox az halda ola bilər ki, ata, ana övladlarına yaxşı nəsihət verməsin. Birdən elə hallar olur ki, adam dəhşətə gəlir. Baxırsan, gənc ailədir, amma nə ağsaqqalın, nə də valideynlərin yerini bilir. Nə böyük tanıyır, nə də kiçik, sonra da deyir ki, mənim ailəm dağıldı.

Təəssüflər olsun ki, valideyn uşağını evləndirmək istəyəndə videoda, fotoda qızın şəklini göstərir, oğlan da bəyənirsə, onu evləndirirlər. Ya da  oğlan küçədə bir qızı görür, xoşuna gəlir, iki gündən sonra nişanlanır. Ancaq öyrənmir ki, bu qız hansı xüsusiyyətlərə malikdir, ailəsi necədir. Ya da qız yaraşıqlı oğlanı görür, bənd olur, bir neçə aydan sonra da evlənir. Bundan bir neçə ay sonra da həmin ailə dağılır.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri