Bu gün “Sea Breeze” ailəvi-istirahət mərkəzində Bilgəh qəsəbəsində yerləşən qocalar evinin sakinləri üçün Yeni il süfrəsi açılıb.
Oxu.Az xəbər verir ki, bu barədə yeni il münasibəti ilə təşkil olunan tədbirdə iştirak edən Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət mərkəzinin direktoru Qətibə Əsədova məlumat verib. O bildirib ki, tədbir qocalarda müsbət təəssüratlar yaradıb:
“Müəssisəmiz Bilgəh qəsəbəsində yerləşir. Hazırda müəssisəmizdə 245 şəxs yaşayır. Onların hamısı 63 yaşdan yuxarı olan şəxslərdir. Tədbirdə 60-a yaxın şəxs iştitrak edir. Müəssisəmizdəki digər ahıllara isə “Sea Breeze” tərəfindən yeməklər göndərilib”.
Onlar biləndə ki bu gün xüsusi ilə onlar üçün yeni il tədbiri təşkil olunub, həm sevinib, həm də kövrəliblər:
“Mən bu tədbiri Leyla xanım Əliyeva ilə əlaqələndirirəm. Leyla xanım hər zaman bizim müəssisəmizin üzvlərini qonaq çağırır. Nəqliyyatla təmin edir. O öz ad gününü bizimlə qeyd edir. Avqustun 26-sında Vitse-prezident Mehriban xanım Əliyeva özü şəxsən müəssisəmizə gələrək, ahıllarla görüşdü. Onlar bizim müəssisəmizin üzvləri ilə tez-tez təmasda olurlar. Leyla xanım bizi “Port Baku”da yerləşən restoranlara aparır. İnanın, çox sevinirlər. Yeni il ərəfəsində də gözləyirdilər ki, bu günlərdə dövlətimiz tərəfindən böyük diqqət olacaq.
“Onların ziyarətinə yaxın ətrafı gəlir?” sualına Q.Əsədova bu cür münasibət bildirib:
“Aralarında kimsəsiz olanlar var. Elə şəxslər də var ki, yad adamlarını özlərinə qohum bilib, sıx ünsiyyət qururlar. Əksəriyyəti təbii ki, kimsəsizlərdir”.
Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət mərkəzində olan şəxslər bizə özləri müraciət edir:
“Onlar Dövlət Sosial Müdafiə Fonduna, digər adiyyəti orqanlara və ya televiziya kanallarına müraciət edirlər. Bu yolla da onlar bizim müəssisəmizə yerləşdirilirlər. Tam dövlət təminatında həmin şəxslər yemək və geyimlərlə təmin olunurlar, müalicəsi də öz yerində. Hər birinin bir otaqlı mənzili var. Otaqda hər bir şərait var. Gündə üç dəfə dövlətimiz ahılları qida ilə təmin edir.
Müraciətlərin sayı çoxdur. Elə olur ki, biz bir gündə 5 şəxsi müəssisəmizə qəbul edirik. İnanın, bu qədər adamın müəssisəmizə müraciətini görəndə sıxılıb, pis oluram. Bu axı bizim milli mentalitetimizə uyğun deyil. Axın çoxdur. Narazılıq olsa, bizə üz tutmazlar. Yaxşı yaşayırlar, özünüz baxın, çəkiləri 130 kilodur”.
Müəssisəmizdə yaşlıların gündəlik qida rasionuna və istirahətinə də xüsusi diqqət ayrılır:
“Səhərlər ahıllara südlü sıyıq, yağ, pendir, çörək verilir. Rasionda olmasa da, elə günlər olur ki, onlara sosiska və kolbasa verilir. Nahara normativ çərçivəsində plov, qarabaşaq, mal, qoyun və toyuq əti verilir. Əlavə qidalar da müəssisəmizə göndəriləndə yeməklər bol olur, hamı da doyur.
Tez-tez onlar üçün konsert proqramları təşkil olunur. Leyla xanım ahılları Filipp Kirkorovun konsertinə apardı. Nardaranda, Maştağada keçirilən konsertlərdə də iştirak edirlər. Ən sevdikləri müğənnilər isə Xalq artistləri Aygün Kazımova, Tünzalə Ağayeva, Əməkdar artist Mətanət İsgəndərlidir. Xalq artisti Emin Ağalarovu çox istəyirlər. Amma əfsuslar olsun ki, onunla hələ də görüşə bilməyiblər. Bizim ahıllarımız biləndə ki, Eminin yaratdığı “Sea Breeze” istirahət mərkəzinə gedirlər, sevinclərinin həddi-hüdudu olmadı”.
Mərkəzin daimi sakinləri bayram günlərində öz yaxınları ilə bir dəfə də olsa, görüşməyi arzu edirlər:
“Deyirlər ki, bura yaxşıdır, amma öz evlərimiz olsa, daha yaxşıdır. Kimin ki övladı var, onun yanında olsa, daha yaxşıdır. Onlara bundan sonra yalnız cansağlığı lazımdır”.
Yeni il tədbirində iştirak edən ahıllar öz təəsüratlarını redaksiyamızın əməkdaşı ilə bu cür bölüşdülər:
Həbib Qəmbərov :
“Emin müəllimə təşəkkürümüzü bildiririk ki, yeni il ərəfəsində bizi bura dəvət edib, sevindirdi. Dü ya Azərbaycanlılarının Həmrəyliyi Günündə bizi bir yerə toplayıb, həmrəy etdi və xoş əhval bəxş elədi. Bu bizim üçün böyük bir töhfədir. Hər il iş adamları bayram öncəsi bizim üçün süfrə açıb, həmrəy olurlar.
Biz qocaların bir arzusu və istəyi var. Televizorda baxıb gördük ki, Emin Moskvada yaşlılar üçün bir kafe ərsəyə gətirib. Bizim üçün də elə bir kafe tikib istifadəyə versə, inanın, çox sevinərik. Saytınız vasitəsi ilə xahiş və istəyimizi Emin bəyə çatdırmağınızı rica edirik”.
Sona Rəhimbəyova:
“Hökumətimiz bizi heç vaxt yadından çıxartmır. Bizim üçün yeni il öncəsi bu cür şərait yaradıldı, süfrə açıldı. Bunlara görə isə Emin bəyə təşəkkürümüzü bildiririk. Biz qadınlar bu cür tədbirlərə gələndə çox şad oluruq. Üzümüz gülür, əhvalımız yaxşı olur. Əziyyəti keçən hər bir şəxsə təşəkkürümü bildirirəm”.
Sonda isə müəssisənin üzvləri birlikdə şən musiqi sədaları altında rəqs edib, əyləniblər.
Rəşad Əliyev
Rəylər