24 
Yan
2020
13:36
327
48
6580
Virtual karabakh

Azərbaycanlı səyyah: Düzünü desəm, gördüyüm ən təmiz millət elə özümüzük - MÜSAHİBƏ

24 Yan, 2020
13:36
6580

Azərbaycanlı səyyah: Düzünü desəm, gördüyüm ən təmiz millət elə özümüzük - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birləşmiş Ərəb Əmirliklərində turizm 50-60-cı illərdən sonra neftin hesabına inkişaf etməyə başlayıb. Onlar səhranın üstündə şəhər qurublar. Çox çətin olsa da, bunun öhdəsindən gəliblər. Əsas düzgün infrastruktur qurmaqdır. Azərbaycanın çox zəngin sərvətləri var. Ölkəmizdə turizmi daha da inkişaf etdirmək üçün bütün imkanlar mövcuddur.

Oxu.Az səyyah Vüqar Quliyevlə müsahibəni təqdim edir:

- Birinci dəfə səyahət etmək qərarını necə verdiniz?

- İlk olaraq işlərimlə əlaqədar səyahətlərə başlamışam. Onsuz da səyahəti sevirdim, bu isə səfərləri daha da sevməyimə səbəb oldu. Bu gün artıq səfərlərimin 50 faizi işə, 50 faizi isə öz istəyimə bağlıdır.

- Bu günə qədər neçə ölkə, şəhər gəzmisiniz?

- Bu günə qədər 75 ölkə, 150 şəhər gəzmişəm. 

- Belə görürəm ki, Azərbaycanın turizm sektoru sizi qane etmir?

- Ölkəmizin də üstün cəhətləri çoxdur. O qədər yerləri gəzmişəm, görmüşəm ki, istərdim Azərbaycan üçün də bu sözləri deyən olsun. Turistlərin də Azərbaycana gəlmək üçün can atdığını, yüksək təəssüratlarla getdiyini eşitmək istərdim. Sadəcə, bu turizm sektoruna sanki can yandıran yoxdur.

Azərbaycanda turizmi inkişaf etdirmək üçün Amerika kəşf etməyə ehtiyac yoxdur. Məsələn Birləşmiş Ərəb Əmirliklərində turizm 50-60-cı illərdən sonra neftin hesabına inkişaf etməyə balayıb.

Təsəvvür edin, səhranın üstündə şəhər qurublar. Yəni, bizimlə müqayisədə onlar üçün bu çox daha çətin olsa da, öhdəsindən gəldilər. Burada məsələ düzgün infrastruktur qurmaqdır. Azərbaycanda bunu etmək çox daha asandır, ona görə ki, ağ qızıl, qara qızıl və s. sərvətlərimiz var.

- Bu müqayisələri hansı ölkələrlə aparırsınız?

- Hər zaman daha yaxşılarla müqayisə aparmaq lazımdır ki, nəticə əldə olunsun. Rəqabət olmalıdır. Məsələn, Sinqapurun özü belə bu cür yaranıb. Azərbaycanın üstünlüyü çoxdur, ölkəmizin Dubay olması üçün heç bir maneə yoxdur. Sadəcə, düzgün infrastruktur olmalıdır.

- Müxtəlif ölkələrin vətəndaşları ilə ünsiyyətdə olmusunuz. Deyə bilərsiniz, onlar Azərbaycanda nə görmək istəyirlər?

- Dubayda bir-birindən fərqli o qədər ticarət mərkəzləri (mall) var. Bizdə olan ticarət mərkəzləri isə eyni stildə, eyni üslubda. Birində axtardığını tapmadınsa, o birində də tapmırsan. Dubayda malların içərisində elə katok qurublar ki, sanki bir anda qış fəslinə keçirsən, xizək belə sürə bilirsən. Bütün bunlar ölkəyə hərtərəfli qazanc gətirir.

Bu gün Dubay vizası ən bahalı vizalardan biridir. Amma insanlar yenə də ora getmək üçün qəpik-qəpik pul yığırlar. Niyə? Çünki orada gəzməyə, əylənməyə müxtəlif yerlər var. Məsələn, Parisə Eyfel qülləsi, Noterdam kilsəsi, Luvr muzeyi üçün gedirsən, Azərbaycana gələn Bakıdan başqa hara getsin? Azərbaycana gələn turist maksimum hara gedir? Bulvar, İçərişəhər, Qız Qalası, “Tarqovı” kimi tanıdığımız məkan və bir də Yanar Dağ. Vəssalam. Turistin Bakı haqqında təsəvvürü bundan ibarətdir.

Maksimum regionlardan - Şamaxıya, Quba, Qusar, Şəkiyə gedə bilərsən. Orada da dağa çıxdın-düşdün vəssalam, bitdi. Başqa gəzib görə biləcəyimiz heç nə yoxdur. Elə bilirsiniz Antalyaya gedən adam ancaq üzmək üçün gedir? Yox təbii ki. Orada istirahət üçün kifayət qədər əyləncə mərkəzləri var. Bütün bunlar bizdə də olmalıdır.

- Azərbaycana gələn turistlər iddia edirlər ki, burada qiymət məsələsində onları aldadırlar. Bəs siz necə, xaricdə heç aldanmamısınız?

- O qədər (gülür). Bu, bütün ölkələrdə var. Otel qiymətləri və ən əsas nəqliyyatda daha çox aldadırlar. Bütün ölkələrdə hava limanına düşdüyün an, taksi sürücüləri 5 manatlıq yolu 15 manata aparacaq. Hətta dünyanın ən sivil ölkəsi hesab olunan İsveçrədə, eləcə də Yaponiya, Sinqapurda da turistlər bu cür hallardan şikayət edirlər. Bəzi ölkələr bu halların qarşısını almaq üçün hava limanında taksometrlə çalışan taksilərə icazə verir. Amma bu da fırıldağın bir növüdür. Çünki onlar da kilometri olması gərəkdiyindən baha hesablayaraq turisti daha “mədəni” şəkildə aldadırlar.

- Niyə xanımlar “Dubaya gedirəm” deyən zaman insanlarda qəribə bir baxış, təsəvvür yaranır?

- Xanım olmasam da özüm 7-8 dəfə Dubayda olmuşam. Görəsən, bu sualdan özümə də pay götürməliyəm? (gülür) Əlbəttə ki, bu fikirdə olanlar səhv edirlər. Ümumiyyətlə,əgər söhbət əxlaqsızlıqdan gedirsə, bunun üçün nəinki Dubaya, başqa ölkələrə də mütəmadi gedən xanımlar var. Amma bu, o demək deyil ki, hər Dubaya gedənə söz qoşmaq lazımdır.

Sizə deyim ki, Dubayda turistlərə əxlaqsız təklif edənlərin çoxu flippinlidir. Ümumiyyətlə, boş söhbətdir ki, xarici ölkələrdə əxlaqsızlıqla məşğul olan qadınlar arasında azərbaycanlılar çoxluq təşkil edirlər. Əksinə deyərdim ki, hara baxsan çinli, filippinli və afrikalı xanımlar görürsən.

- Sizə necə, bu niyyətlə yaxınlaşan olub?

- Bəlkə bu suala cavab verməyim? Bir dəfə Sinqapura getdim. Hava limanından çıxıb otelə çatdım, salamsız-kəlamsız bir xanım yaxınlaşdı ki, “yaxınlıqda otelimiz var, gedək?”. Mən də dedim yox, getməyək. (gülür) Olanda olur, sadəcə, mən belə şeyləri sevmirəm. Səyahətimi daha səmərəli dəyərləndiməyə üstünlük verirəm.

- Səyahətin ən çətin məqamlarından biri də mətbəx məsələsidir. Sizcə hansı ölkənin yeməkləri daha yaxşıdır?

Mən yemək məsələsində çox həssasam. Təmizliyə önəm verirəm. Natəmizlik olarsa, yemək yeyə bilmirəm. Düzünü desəm, gördüyüm ən təmiz millət elə özümüzük. Amma Dubay, Qatar, Küveyt də təmiz yerlərdir, orada da rahat yemək yemək olar. Misir, Oman, Yəmən üçün isə eyni sözləri demək olmur. Hindistanda ümumiyyətlə, çöldə yemək yemək olmaz, zəhərlənmə riski yüsəkdir.

Bombeydə olanda xüsusi restoran var ki, ancaq orada yemək yeyirəm. Baha olsa da, əsas təmizdir. Hindistanın ən elit insanları məhz ora gəlirdi. Axşam yeməyi bizim pulla təxminən 20-25 manata başa gəlir.

- Səyahət sevənlər üçün maraqlı məqamlardan biri də xarici ölkələrdə münasib qiymətə hotel və hostellərdir. Bu barədə nə deyə bilərsiniz?

- Gəzmək istəyən insan üçün qalmaq məsələsi bir o qədər də vacib olmamalıdır. Bütün günü gəzirsən, gecə bir neçə saat yatmağa bir yer oldu bəs edir, məncə. Amma təhlükəsizlik baxımından bu, ölkədən ölkəyə dəyişir. Məsələn, inkişaf etmiş ölkələrdə Amerikada, Kanadada, Avropa ölkələrində hostellərdə qalmaq yaxşıdır. Çünki həm ucuz, həm də təhlükəsizdir.

Amma Hindistan, Şri-Lanka, Filippin, İndoneziyada hostellərdə qalmaq məsləhət deyil. Həm natəmizlikdir, həm də oğurluq halları çox olur. Ən salamatı hoteldə qalmaqdır. Çünki qiymətlər münasib olur. Məsələn, Hindistana ilk dəfə gedəndə hosteldə qalmışdım. İki saat ərzində otaqda 2-3 siçan gördüm. Dərhal oradan çıxdım.

- Belə bir fikir var ki, digər ölkələrdə istirahət Azərbaycanda istirahətdən daha ucuz başa gəlir. Həqiqətənmi bu belədir?

- Bu məsələdə təəssüf ki, Azərbaycan çox da yaxşı təsəvvür yaratmır. Bu günə qədər acından ölən, ən kasıb ölkələrdə - Hindistanda, Filippin, Kamboçada 100 manatla bir həftə rahat dolanmaq olduğunu görmüşəm. Onların standart menyusu, qiymətləri var.

Amma Azərbaycanda yerli camaat üçün ayrı, turistlər üçün ayrı menyular olur. Onlar davamlı müştəri toplamağa maraqlı deyillər. Bizim restoran, otel sahiblərinin bir məqsədi var. Ərəb bir turist gəlsin, onu bacardığımız qədər “soyub soğana” çevirək. Sabah gəlməsə də olar. Elə bu gün nə qazandım, qazandım.

Buna görə də bizim ölkədə turizm heç vaxt normal inkişaf edə bilmir. Heç bir ölkədə bizim restoranlarda gördüyüm qədər şişirdilmiş qiymətlər görməmişəm.

- Bəs yaradılan qış turizmi necə, turistləri cəlb etmir?

- İnanırsınız, mən 5 gün Şahdağda qalmalı idim, mühit məni o qədər sıxdı ki, 2 gündən çox qala bilmədim. Bəlkə də Laplandiyada, İsveçrədə qış turizmini görmüşəm və bu mənə maraqlı gəlməyib. Soyuq havaları çox sevmirəm. Amma işimlə əlaqədar getmişdim. Onlar bütün dünya ölkələrindən yüzlərlə turist qəbul edir və yüksək səviyyədə xidmət göstərirlər. Bizdə isə qiymətlər çox bahadır. Kiçik bir pizzaya 8-10 manat pul verdim, o da keyfiyyətsiz.

Bu səbəbdən də xarici vətəndaşlar ora bir dəfə gedəndən sonra daha getmək istəmirlər. Demək ki, yüksək səviyyəli xidmət və qiymət önəmlidir. Dubay uzaqdır, viza almaq da bahadır. Amma insanlar yenə də ora getməyə can atırlar. Xərc çəksələr də, qarşılığını alırlar. Amma bura turist niyə görə gəlib xərc çəksin, əsəbiləşib getsin? Bizim turizm sektorunda təklif edilən qiymətlər nə yerli camaat üçün, nə də turistlər üçün münasib deyil.

- Ölkədə həm yerli əhalinin, həm də turistlərin diqqətini cəlb etmək üçün nələr yaradılmalıdır?

- Bir neçə il əvvələ qədər Bulvar bu qədər gözəl, səliqəli deyildi. Amma təmirdən sonra istər Bulvar, istər Qız Qalasının görünüşü insanı valeh edir. Amma bu yenə də turist üçün azdır. Yerli camaat üçün isə bu ümumiyyətlə maraqsızdır, çünki gündəlik insanların yolu demək olar ki, həmin ərazilərdən keçir.

- Bütün çatışmazlıqlara rəğmən, ölkəmizdə kifayət qədər ərəb turistlər var. Onların bir hissəsi artıq neçənci dəfədir ki, ölkəyə gəldiyini deyir.

- Ərəblərin Azərbaycana gəliş səbəbləri fərqlidir. Burada ərəblər üçün ağlınıza gələcək hər şey ucuz və rahatdır. İş ilə əlaqədar gələnlər var ki, onları Bakıda 5 il ard-arda görə bilərsiniz.

Amma neçə dəfə Avstriyada, Avropa ölkələrində yaşayan dostlarımı Bakıya dəvət etmişəm. Onlar bir dəfə gəlib, ikinci dəfə isə gəlmək istəmədiklərini deyiblər. Yadda qalan isə İçərişəhər, Qobustan qaya təsvirləri olur. Amma artıq bunlar da turistləri təəccübləndirmir. Bilirsiniz niyə?

Məsələn, sizin gözünüzü bağlayıb İordaniyanın Petra şəhərinə aparsalar, elə bilərsiniz ki, keçmişə səyahət etmisiniz. Həmin qədimilik, qaya üzərində təsvirlər və s. hər yerdə var.

Mən Anxel, Niaqara şəlaləsini görmüşəm. Niaqara şəlaləsindən saniyədə 1 milyon ton su axır. Dostlarla Qəbələyə getdik. Uşaqlar dedi ki, səhər gedərik şəlaləyə. Gedib gördüm ki, qayadan elə bil krant suyu axır. Digər şəlalələrlə müqayisədə çox gülünc görünürdü. Bunları deyəndə elə bilirlər ki, ölkəmi bəyənmirəm. Amma xeyr. Mən ölkəmi hər zaman üstün tutmuşam. Sadəcə olaraq, reallıqdan danışmaq, çatışmayan cəhətləri aradan qaldırmaq lazımdır ki, inkişafa doğru gedək. Turistləri ora aparmaq doğru deyil.

- Kifayət qədər zəngin və dadlı olan Azərbaycan mətbəxi necə? Düşünürəm ki, bu mövzuda digər ölkələrdən kifayət qədər üstünük.

- Bununla razıyam. Dünya ölkələrinin böyük əksəriyyətinin demək olar ki, öz mətbəxi yoxdur. Asiyada mən ümumiyyətlə, yemək yeyə bilmirəm. İtaliya, Portuqaliya, Yunanıstanın yeməklərini hardasa yemək olur. Hansı ki, bütün Avropanı onların mətbəxi idarə edir desək, yerinə düşər. Amma Almaniya, Norveçdə isə demək olar ki, mətbəx yoxdur. Onlar “fasd food” üzərində qurulub.

- Təsadüfən qurbağa əti yemisiniz və onun dadlı olduğunu deyirsiniz. Başqa hansı heyvanların ətini yemisiniz?

- Mən qurbağanı özüm sifariş etməmişdim. Amma yedikdən sonra bildim ki, qurbağa ətidir. Daha sonra mən bunu araşdırdım. Onlar yemək üçün xüsusi fermada qurbağalar yetişdirirlər. Həmin fermada 30 növ - qara, qırmızı, yaşıl və s. rəngdə, ölçüdə qurbağalar var. Bu qurbağalar ölkə daxilində restoranlara satılmaqla yanaşı, xarici ölkələrə ixrac edilir. Qurbağa əti artıq biznesdir.

Həm də qurbağalar heç vaxt çirkli suda olmur. Mən bunu bilmirdim, orada öyrəndim. Baxmayaraq ki, böcək yeyirlər, onlar ancaq təmiz suda olur. İnsanların çoxu iyrənir. Toyuq əti yeyirik. Guya toyuq qurd, böcək yemir? Söhbət əgər iyrənməkdən gedirsə. Dadı da toyuq ətini xatırladır.

Başqa timsah, zebra, zürafə, ceyran, maral əti və s. yemişəm. Amma Taylandda tarakan, siçan kababları verirlər, onları yeməmişəm. Yeməyi də düşünmürəm.

- Qarşıda getmək və kəşf etmək istədiyiniz yerlər varmı?

- Çin. Bir dəfə getmişəm, amma zamanım az olduğu üçün ürəyimdə qalıb. (gülür) Çini rahat gəzmək üçün 16-17 gün azı vaxt lazımdır. Ora tam başqa aləmdir.  Eləcə də Hindistan. Şərqi başqadı, cənubu başqa.

 - Niyə hər zaman tək səyahət edirsiniz? Daha az xərc, yoxsa baş sakitliyi?

- Əslində, səyahət edəcəyim yerlərlə bağlı bir neçə dəfə elan vermişəm. Bir-iki dəfə qoşulanlar olmuşdu. Amma aralarında mız-mız adamlar çox idi. Ona görə də gələn dəfə etmədim. Xərc məsələsi deyil, çünki gələn xərclərini özü qarşılayır. Hərdən elə bilirlər ki, Vüqar tur təşkil edir, xeyr, elə deyil. Mən sadəcə, təklif edirəm. Qoşulmaq istəyən xərcləri nəzərə alaraq qatıla bilər.

- Bu qədər ölkə gəzirsiniz, nə əcəb bloq açmırsınız?

- Bu barədə mənə çox adam deyir. Artıq başlamışam. Mikrofon almışam. Tokio, London, Seul, Edinburq və s. haqqında video hazırlayıram. Ora getmək üçün hansı addımlar atılmalıdır? Viza məsələsi, ən sərfəli hostel və ya hotellər, nəqliyyat, asan hərəkət etmək üçün qısa bir xəritə verirəm deyək.

Çünki səyahətdə ən bahalı olan qalmaq üçün yer və nəqliyyat olur. Onları tənzimlədikdən sonra asan olur. Bütün bunlar barədə məlumatlar verəcəyim videolar hazırlayacağam. Səyahət sevənlər izləyib faydalana biləcək.

- Əsas məsələlərdən biri də viza problemidir. Rahat və asan yolla viza almaq üçün nə etmək lazımdır?

- Dörd böyük ölkəyə - Kanada, Amerika, Avstraliya, Böyük Britaniyaya viza almaq çox çətindir. Eləcə də, Şengen ölkələrində də problem olur. Mənə də deyirlər ki, müraciət etdim, yox cavabı aldım və s. Bu ölkələrin viza məsələsində problem etdikləri məqamlardan biri terrorizmlə bağlıdır, ikincisi isə miqrantlar.

Birinci məqam Azərbaycana aid deyil, bu, əsasən ərəb ölkələrinin vətəndaşlarına şamil edilir, risk faktoru sayılırlar. İkinci məqam isə vətəndaşın ölkəyə gəlib qalmasıdır. Xarici ölkələr miqrant çoxluğundan əziyyət çəkir. Ona görə şərtləri çətinləşdirirlər. Ailəvi şəkildə gedənlərə daha çox “yox” cavabı gəlir. Səfirliklər nəzərə almır ki, bu insan ailəlikcə gəzməyə gedə bilər. İlk olaraq işinə, ailə vəziyyətinə baxırlar.

Əgər işi normal deyilsə, yoldaşı çalışmırsa, ümumiyyətlə, aldığı məvacib azdırsa və adında heç bir əmlak yoxdursa, onlar düşünür ki, bu insanlar birdəfəlik ölkəni tərk edir. Ona görə də viza vermirlər. Amma normal işi, maaşı, evi və maşını olan insanlar üçün viza almaq daha asandır. Çünki onların geri qayıtmaq üçün səbəblərinin olduğu nəzərə alınır.

Əvvəllər tələbələrə daha rahat viza verirdilər. Çünki hesab edirdilər ki, tələbədir, o qayıdıb təhsilini davam etdirəcək. Amma bir neçə tələbə təhsilini yarıda qoyduğu üçün artıq tələbələrin də işi çətinləşib. Tələbələrin ailə vəziyyətinə və s. baxırlar.

Ölkələr hər il analiz aparır və bütün ölkələrdən gələn turistlərin hansı məqsədlə gəldiyinə dair statistika hazırlayırlar. Növbəti ilin şərtlərində dəyişiklik olursa, bu statistika meyar götürülür.

- Ölkələrdən xatirə olaraq nə gətirirsiniz?

- Mən, əsasən, kağız pullar gətirirəm. Kolleksiya deməzdim buna, amma qəpik pullar hər ölkədə olmur. Suvenirlər, ölkələrə aid simvolik hədiyyələr alıram.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri