Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qəbul imtahanlarının ikinci mərhələsində iştirak edə bilməyənlər üçün ikinci şans yaradılacaqmı?- AÇIQLAMA
Ali məktəbə qəbul imtahanları zamanı hərarət səbəbindən imtahana buraxılmayan abituriyent ona ikinci dəfə şəraitin yaradılmadığını deyir.
Bu barədə Oxu.Az-a avqustun 14-də Mingəçevir şəhəri 4 saylı tam orta məktəbdə III ixtisas qrupu üzrə keçirilən imtahanlarda iştirak etməli olan Turanə Məmmədovanın atası Asim Məmmədov şikayət ünvanlayıb.
O bildirib ki, avqustun 14-də Mingəçevir şəhəri 4 saylı tam orta məktəbdə imtahan keçirilib, lakin qızını hərarəti olduğuna görə imtahana buraxmayıblar:
“İmtahan saatından xeyli əvvəl qızımı Mingəçevir şəhəri 4 saylı tam orta məktəbin qarşısına gətirdim. Pandemiya ilə əlaqədar hərarəti ölçüldü. Havanın isti olmasını və yol gəlməsini nəzərə almadılar. Hərarəti 37 dərəcə civarında olub. Üstəlik imtahan həyəcanı da buna səbəb ola bilərdi. Təcili Tibbi Yardım çağırılıb, həkimlər də bunun sadəcə həyəcanla əlaqəli olduğunu deyiblər. Qızımda heç bir xəstəlik simptomu olmayıb. Lakin bütün bunlara baxmayaraq onun imtahan zalına girişinə icazə verilməyib.
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinə (DİM) ərizə ilə müraciət etdim. 14 gün ərzində cavab veriləcəyi bildirilsə də, heç bir cavab ala bilmədim. Övladımın ali məktəbə qəbul imtahanlarında iştirakına şərait yaradılmasını rica edirəm”.
Məsələ ilə bağlı DİM-ə ünvanlanan sorğuya cavab olaraq bildirilib ki, iyun ayının 10-dan etibarən buraxılış (qəbul) imtahanlarının keçirilməsinə başlanılıb. Bu tarixdən sonra keçirilən bütün imtahanlar pandemiya şəraitinin tələblərinə uyğun təşkil olunub:
“İmtahan özlüyündə kütləvi bir prosesdir, on minlərlə insan iştirak edir. Bizim əsas məqsədimiz, hamı üçün tam təhlükəsiz şəraitdə imtahanların keçirilməsidir. Buna görə də imtahanlar zamanı insanların sağlamlığına hər hansı bir təhlükənin yaranmaması üçün bir sıra tədbirlər həyata keçirilib. Bu tədbirlərdən biri də iştirakçının sağlamlıq haqqında bəyannamə təqdim etməsi və binaya daxil olarkən bədən temperaturunun ölçülməsidir. Bədən temperaturunun yüksək olduğu üçün imtahana buraxılmama halı olubsa, hər imtahandan sonra bununla bağlı məlumat verilib. Ümumilikdə, iyun-iyul ayları ərzində keçirilən imtahanlarda 40-a yaxın belə hal olub.
Qeyd edək ki, indiyə qədər bu imtahanlarda temperatur, eləcə də digər üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün DİM-ə tam sağlam olduqları haqqında arayış təqdim etdikdən sonra növbəti imtahan günlərinin birində imtahan verməsi üçün şərait yaradılıb. Onlar da gəlib imtahan veriblər. Çünki buraxılış (qəbul) imtahanları bir neçə dəfə keçirilib (müxtəlif şəhər və rayonlar üzrə) və ay yarımdan artıq davam edib. Buna görə də həmin şəxslərin də imtahan verməsi üçün imkan yaradılıb.
Qəbul imtahanlarının ikinci mərhələsinin II və III ixtisas qrupları üzrə 13-14 avqust, I və IV ixtisas qrupları üzrə 20-21 avqust tarixlərində keçirilib. Əvvəlki illərdə qəbul imtahanlarının ikinci mərhələsi iki dəfə keçirilirdi və bu imkan verirdi ki, bir imtahanda iştirak edə bilməyənlər növbəti imtahanda iştirak etsinlər. Lakin pandemiya şəraitinə görə DİM-in hələ yanvar ayında elan etdiyi qrafikdə dəyişikliklər edildi və mart, aprel, may aylarında keçirilən imtahanlar, eləcə də qəbul imtahanlarının iki dəfə keçirilməsi təxirə salındı. İyun ayından etibarən isə sıx qrafiklə təxirə salınan imtahanlar baş tutdu.
İndiki halda qəbul imtahanlarının ikinci mərhələsində hər hansı bir səbəbdən iştirak edə bilməyənlər üçün yenidən imtahanların keçirilməsi nəzərdə tutulmur”.
DİM-dən verilən cavabda o da qeyd edilib ki, qəbul kampaniyası bir-birinə zəncirvari şəkildə bağlı olan mürəkkəb bir prosesdir və təkcə imtahandan ibarət deyil:
“Bir mərhələdən sonra növbəti mərhələ başlayır və bu proses gecikdirilə bilməz. Nəticələr artıq elan olunub. Yaxın günlərdə isə ixtisas seçimi başlayır”.
Eyni zamanda vətəndaşın ərizəsinə gəldikdə isə onun müraciətinə qanunvericiliyə uyğun olaraq 15 iş günü ərzində cavab verildiyi də qeyd edilib.
Könül Cəfərli
"DİM" teqi üzrə xəbərlər
- Gələn ilin buraxılış imtahanlarında yenilik olacaq - Detallar AÇIQLANDI
- DİM-dən magistraturaya qəbul olmaq istəyən əvvəlki illərin məzunlarına ÇAĞIRIŞ
- DİM ədliyyə orqanlarına qəbulla bağlı namizədlərə müraciət edib
- Bakıda imtahan vermək "həvəskarı" olan üç nəfər qiymət əvəzinə cəza aldı
- Dövlət qulluğuna qəbul imtahanında 101 namizəd uğur qazanıb
Rəylər