Dünyada su ehtiyatları uğrunda mübarizə dövlətlər arasında gərginliyi artırır. Asiyanın iki qüdrətli dövləti - Hindistan və Çin arasında da su ilə bağlı illərdir gərginlik yaşanır. Dünyanın əhalisi ən çox olan iki ölkəsi Himalay dağlarından başlayan bir sıra mühüm çayların formalaşdırdığı su ehtiyatlarından asılıdır. Xüsusilə Yarlunq Tsanpo (Brahmaputra), Hind çayı hövzəsi və digər transsərhəd su sistemləri iki ölkənin strateji maraqlarının kəsişdiyi məkanlardır.
Son vaxtlar Hindistan və Çin arasında hidroqovşaqların tikintisi ilə bağlı planlar səbəbindən ziddiyyətlər daha da dərinləşib. Çin Yarlunq Tsanpo çayı (Hindistanda Sianq, daha aşağı axarında isə Brahmaputra adlanır) üzərində dünyanın ən böyük hidrotexniki qurğusunu inşa etməyi planlaşdırır. Yeni Dehlidə ehtiyat edirlər ki, Pekin su axınına nəzarətdən Hindistana təzyiq vasitəsi kimi istifadə edə bilər. Hindistan isə Çinə məxsus Tibetlə sərhədə yaxın, Arunaçal-Pradeş ştatının ərazisində öz bəndini tikməyi planlaşdırır.
Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.
Hindistanda Adi tayfasının etirazları

Hindistanın Arunaçal-Pradeş ştatında yaşayan Adi tayfasının nümayəndələri kəndlərinin Çin və ya öz ölkələrinin inşa edəcəyi bəndin suları altında qalacağından qorxurlar. Tayfa nümayəndələri etirazlarını bildirmək üçün küçələrə çıxıblar. Nümayişlər o qədər gərgin xarakter alıb ki, yerli hakimiyyət orqanları əraziyə əlavə polis qüvvələri göndərməyə və 21 nəfəri həbs etməyə məcbur olub. Nümayişlərdə iştirak edən gənclər hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş atıb, polis məntəqəsini və dövlətə məxsus elektrik enerjisi korporasiyasının binasını yandırıblar.
Sianq çayı vadisində etirazlar iki ildir davam edir. Aksiyalara Sianq Yerli Fermerlər Forumunun prezidenti, vadidə yaşayan Adi tayfasının fəallarından biri Geqonq Ciconq çağırış edib. Forumun əsas tələbi gücü 10 min MVt-dan çox olan Yuxarı Sianq Çoxməqsədli Layihəsinin (SUMP) ləğv edilməsidir. Fəalların bildirdiyinə görə, layihə ən azı 27 yaşayış məntəqəsinin su altında qalmasına, daha 40-50 yaşayış məntəqəsinə isə ziyan dəyməsinə səbəb olacaq.
Etirazçılar "Dağıntısız inkişaf" şüarı ilə çıxış edir və dövlətin ilkin ekspertiza işləri aparmasına mane olurlar. Onlar kiçik su elektrik stansiyalarının tikintisinə qarşı deyillər, lakin çay vadisinin su altında qalmasına qəti etiraz edirlər. İlk baxışdan mühəndislərin və hər iki ölkənin mütəxəssislərinin görüşərək məsələni peşəkar səviyyədə həll etməsi mümkün görünür. Lakin fikir ayrılıqlarının arxasında siyasi amillər dayanır.

İki ölkə arasında qarşıdurmaların tarixi
Asiyanın iki nəhəngi arasında hərbi qarşıdurmaların tarixi əsasən 1962-ci il sərhəd müharibəsi və sonrakı illərdə baş verən lokal, qanlı sərhəd toqquşmaları ilə xarakterizə olunur. İki ölkə rəsmi olaraq yalnız bir dəfə irimiqyaslı müharibə aparsa da, strateji rəqabət və ərazi mübahisələri bu gün də davam edir.
Böyük Britaniya regionu tərk edərkən sərhədləri dəqiq müəyyənləşdirməmişdi. Hindistan Britaniya müstəmləkəçiliyi dövründən qalan MakMahon xəttini (şərqdə) və Conson xəttini (qərbdə) rəsmi sərhəd hesab edir. Çin isə bu xətləri "müstəmləkəçi müqavilələr" adlandıraraq tanımır.
Çinin Tibeti öz ərazisinə birləşdirməsi iki ölkəni birbaşa qonşu edib. 1959-cu ildə Tibet üsyanı yatırıldıqdan sonra Hindistanın dini lider Dalay Lamaya sığınacaq verməsi Pekinin ciddi narazılığına səbəb olub. Çinin Hindistanın öz ərazisi hesab etdiyi Aksay-Çin bölgəsindən gizli şəkildə strateji hərbi yol çəkməsi isə münasibətləri daha da gərginləşdirib.
Hindistanın baş naziri Cəvahirləl Nehru Çin qoşunlarının qarşısını almaq üçün mübahisəli zonaların dərinliklərində hərbi postlar qurmaq barədə əmr verib. 1962-ci il oktyabrın 20-də Çin Xalq Azadlıq Ordusu həm şərq (Arunaçal-Pradeş), həm də qərb (Ladax/Aksay-Çin) cəbhələrində eyni vaxtda irimiqyaslı hücuma keçib.
Müharibə 4 000 metrdən yüksək, havanın son dərəcə soyuq olduğu Himalay dağlarında gedib. Hindistan ordusu belə yüksəklikdə döyüşməyə, dağ iqliminə və sərt qış şəraitinə tam hazır deyildi. Çin ordusu taktiki və say üstünlüyü sayəsində Hindistanın müdafiə xəttini yararaq Assam düzənliklərinin kənarına qədər irəliləyib.
1962-ci il noyabrın 21-də Çin birtərəfli qaydada atəşkəs elan edib və qüvvələrini geri çəkib. Lakin bölgənin bir hissəsi Çinin faktiki nəzarətində qalıb. Müharibədə 1 300-dən çox Hindistan əsgəri həlak olub.
1962-ci il müharibəsindən sonra da tərəflər arasında 1967, 1987 və 2020-ci illərdə bir neçə ciddi hərbi qarşıdurma baş verib. Bu gün iki ölkə arasında dəqiq müəyyənləşdirilmiş və qarşılıqlı razılaşdırılmış sərhəd yoxdur. Onun əvəzinə Həqiqi Nəzarət Xətti (LAC) mövcuddur. Hər iki dövlət sərhəd zonalarında geniş hərbi infrastruktur, yollar və aerodromlar tikir, on minlərlə ağır silahlı əsgər saxlayır.

Su məlumatlarının paylaşılması və diplomatik münasibətlər
Hindistan və Çin arasında su məsələləri yalnız qarşıdurma ilə məhdudlaşmır. İki ölkə transsərhəd çaylarla bağlı müəyyən əməkdaşlıq mexanizmləri də yaradıb. 2002-ci ildə Brahmaputra çayının daşqın mövsümündə hidroloji məlumatların paylaşılması ilə bağlı memorandum imzalanıb. 2006-cı ildə isə Transsərhəd çaylar üzrə Ekspertlər Səviyyəsində Mexanizm (Expert Level Mechanism) yaradılıb. 2013-cü ildə imzalanan memorandum tərəflərin məlumat mübadiləsini və fövqəladə halların idarə olunması sahəsində əməkdaşlığını gücləndirməyi nəzərdə tuturdu. Lakin bu əməkdaşlıq hərtərəfli su bölgüsü sazişi demək deyil.

Hindistan və Çin arasında su ilə bağlı gərginlik müasir beynəlxalq münasibətlərdə təbii ehtiyatların geosiyasi güc amilinə çevrilməsinin mühüm nümunəsidir. Brahmaputra çayı ətrafında yaranan rəqabət göstərir ki, su ehtiyatlarına nəzarət məsələsi dövlətlərin iqtisadi inkişafı, milli təhlükəsizliyi və regional nüfuzu ilə birbaşa bağlıdır.