Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakı restoranlarının qapalı məkanlarında karantin qaydalarına riayət olunurmu? - REPORTAJ
Bu gündən ictimai iaşə müəssisələrinin, kafe-restoranların açıq hava sahələri ilə yanaşı, qida qəbulu zallarında, otaqlarında da müştərilərə xidmət etməsinə icazə verilir.
O şərtlə ki, oturacaqların ara məsafəsi eyni masa arxasında bir metrdən, masalararası məsafələr isə iki metrdən az olmasın.
Uzun müddətdir qapalı qalan kafe-restoranlar bir neçə gündür ki, açılışa hazırlaşırlar. Nazirlər Kabineti yanında operativ qərargahın elan etdiyi qərarların nə dərəcədə düzgün tətbiq edildiyini elə yerindəcə görmək üçün paytaxtın bəzi kafe-restoranlarına üz tutduq.
"Pizza İnn" restoranında həm açıq hava sahələri, həm də qida qəbulu zallarında, otaqlarında masalar iki metr məsafə ilə düzülmüşdü. Administratorun sözlərinə görə, pandemiya ilə bağlı sosial məsafənin gözlənilməsi üçün bir neçə masa yığışdırılıb:
“Operativ qərargahın elan etdiyi təlimatlara tam şəkildə əməl edilir. Müştərilərin maskasız şəkildə içəri daxil olmasına icazə verilmir. Masalarda isə beş nəfərdən artıq insanın oturmasına rəhbərlik tərəfindən icazə verilmir”.
Digər bir restoran da kifayət qədər tanınan və özünün daimi müştəriləri olan “Bella Pizza” adlı məkandır. Burada da masalar arasında məsafə qorunur. Məkanda da gözümüzə qeyri-adi məqamlar dəymədi.
Məkanda çalışan işçilərin tibbi maskadan və əlcəkdən istifadəsi, içəri daxil olarkən bizim belə əllərimizi dezinfeksiyaedici məhlulla təmizləməyimizi tələb etmələri sözün yaxşı mənasında diqqətimizi çəkdi.
Son olaraq “Anadolu” restoranına da baş çəkdik. İçəri daxil olarkən girişdə yerləşdirilən dezinfeksiyaedici məhlulun olduğu aparat digərlərindən fərqlənirdi.
Belə ki, əlləri təmizləmək üçün sadəcə qurğunun alt hissəsindəki pedalı ayaqla basmaq kifayətdir, əllə təmas qətiyyən yoxdur.
Eyni zamanda, maskası olmayan müştərilərə restoranın girişində ödənişsiz tibbi maska da verilir.
“Anadolu” restoranlar şəbəkəsinin əməkdaşının sözlərinə görə, bir masada maksimum dörd müştərinin oturmasına icazə verilir:
“Fəaliyyətimiz operativ qərargahın təlimatlarına uyğun şəkildə tənzimlənir. Müştərilərimiz də qaydalara uyğun şəkildə əyləşir. Düşünürük ki, hər şey öz qaydasında gedəcək. Müştərilər bizdən, biz də onlardan razıyıq”.
Məkanda da gözümüzə qeyri-adi məqamlar dəymədi.
Könül Cəfərli
FOTO: Ramil Zeynalov
Rəylər