Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Dünya Vəkil Cübbələri və Atributları” sərgisinin açılış mərasimi olub - FOTO
28 dekabr Vəkil günü peşə bayramı ərəfəsində, Vəkillər Kollegiyasının təşəbbüsü, Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu gün Muzey Mərkəzində “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun (KNP) təşkilatçılığı ilə “Dünya Vəkil Cübbələri və Atributları” sərgisinin açılış mərasimi baş tutub.
Oxu.Az-ın məlumatına görə, sərgidə “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun şəxsi kolleksiyası olan müxtəlif ölkələrin vəkil, hakim cübbələri və atributları nümayiş olunub. Bundan başqa sərgidə həmçinin Bakı şəhər Xətai Rayon Məhkəməsinin sədri Rəşid Rzayevin zəngin şəxsi kolleksiyasına aid olan, vəkillik və ədliyyə tarixinə dair medallar, ordenlər, döş nişanları, markalar və pul əsginasları nümayiş olunub.
Kolleksiyanın toplanmasına 2019-cu ilin dekabr ayında Çinin Quanjou şəhərində keçirilən beynəlxalq vəkillər konfransında Çin Vəkillər Kollegiyası tərəfindən vəkil Kamandar Nəsibova hədiyyə edilən vəkil mantiyası və döş nişanı ilə başlanılıb və 2021-ci il sonuna qədər ağır pandemiya şəraitində 70 vəkil və hakim cübbələri müxtəlif ölkələrdən toplanaraq gətirilib. Gələcəkdə vəkil mantiyalarının sayı 100-dən çox ölkəni təmsil edəcək. Həmçinin yaradılacaq muzeydə müxtəlif ölkələrin hakim cübbələri də yer alacaq.
Cübbələrlə yanaşı sərgidə vəkillik atributları da nümayiş etdirilir. Bildirilib ki, müstəqillik dövründə xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları çərçivəsində 28 dekabr 1999-cu il tarixdə respublikamızın ilk “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunu qəbul edilib. Mütərəqqi müddəaları ilə seçilən bu qanunun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının vəkilləri məhkəmə iclaslarında xüsusi geyimdə iştirak etməlidirlər. Xüsusi geyim formasının təsvirinin təsdiq edilməsi isə Vəkillər Kollegiyasının Ümumi yığıncağına həvalə edilib. Bundan sonra “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının maddi-texniki təminatının yaxşılaşdırılması üzrə tədbirlər barədə” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11.03.2005-ci il matın 11-I tarixli Sərəncamında vəkillərin xüsusi geyim formasının hazırlanması üçün vəsait ayrılması tapşırılıb.
Kollegiyanın Rəyasət Heyəti tərəfindən qeyd olunanlar nəzərə alınaraq vəkillərin xüsusi geyiminin tarixi, məqsədi, ümumi forması, istifadə olunan rəngləri, tətbiqi qaydası və s. məsələlər öyrənilməklə müvafiq nümunə hazırlanıb, rəy və təkliflərin öyrənilməsi məqsədilə vəkil qurumlarında nümayiş etdirilib. Daha sonra vəkillərdən daxil olmuş rəylər də nəzərə alınaraq, 8 aprel 2006-cı il tarixdə keçirilmiş Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağında (konfransda) bu gün istifadə etdiyimiz cübbə forması təsdiq olunub.
Qeyd edildiyi kimi vicdanın və tərəfsizliyin simvolu olan qara rəngli cübbəmizdə yaxalıq qara atlasdan, boyun yaxalığı və biləkliyi yaşıl atlasdan hazırlanıb, kənarları isə nazik qızılı xətlə haşiyələnmişdir. Cübbənin yaxalığının üzərində milli ornamentimiz olan odlar yurdunu tərənnüm edən buta, həmçinin tərəfləri sülhə və barışığa səsləyən zeytun budaqları təsvir edilmiş qızılı lentlə haşiyələnib. “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il fevralın 22-si tarixli Sərəncamında qeyd edildiyi kimi, vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır.
Ölkə başçısı tərəfindən sözügedən sərəncamla, həmçinin digər aktlarla vəkilliyə göstərdiyi diqqət və qayğı, vəkil fəaliyyətinə verilən yüksək qiymət, göstərilən böyük etimad olub. Kollegiyanın üzvləri tərəfindən vəkilliyin nüfuzunun artırılması məqsədilə öz gözəlliyi, rənglərinin harmoniyası ilə seçilən bu xüsusi geyimimizi məhkəmələrdə fəxr və qürur hissi ilə geyinilərək hüquq müdafiə fəaliyyətini həyata keçirirlər.
Sərgidə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov bildirib ki, ölkəmizin tanınmış vəkillərindən olan Kamandar Nəsibov tərəfindən vəkilliyin inkişafına və nüfuzunun artırılması işinə verilmiş töhfələrdən biri də onun xarici ölkələrin cübbələrini (mantiyalarını) toplayaraq böyük bir kolleksiya, daha doğrusu muzey yaratmasıdır:
“Hazırda dünyada vəkil cübbələrindən (mantiyalarından) ibarət olan ilk və tək muzey Fransada yerləşsə də, tam əminliklə deyə bilərik ki, “Kamandar Nəsibov və Partnyorları” vəkil bürosunda təşkil olunmuş bu muzey eksponatların sayı, saxlanma şəraiti və zənginliyi ilə hər zaman daha yüksək zirvədə olacaq. Bu geniş kolleksiyanın vəkillərimiz, məhkəmə və hüquq-mühafizə orqanlarının əməkdaşları, gənc hüquqşünaslar, ümumən yerli və xarici hüquq ictimaiyyəti üçün böyük maraq doğuracağına inamım böyükdür”.
İlhamə Əbülfət
Foto: Firudin Səlimov
"Çin" teqi üzrə xəbərlər
- Ən böyük hərbi donanmaya sahib ölkə AÇIQLANDI
- Rövşən Rüstəmov: "Çindən gələn blok qatarlarının sayının 3 dəfə artırılması planlaşdırılır"
- "Puma"dakı tək azərbaycanlı: "Şirkəti idarə edən önəmli şəxslərdən olmaq istəyirəm"
- Çin ABŞ-nin 13 hərbi sənaye müəssisəsinə sanksiya tətbiq edib
- Dərmanların heyvanlar üzərində sınaqdan keçirilməsinə daha mərhəmətli alternativ tapılıb
Rəylər