Daşıyıcı şirkət Bakı küçələri ilə burnu yerə dəyən sərnişin avtobusunun yayılan görüntülərinə münasibət bildirib.
Şirkət nümayəndəsi Rövşən Salamov Oxu.Az-a açıqlamasında bildirib ki, 99-MJ-449 dövlət nömrə nişanlı, 525 saylı sərnişin avtobusunda texniki nasazlıq yaranıb və həmin zaman nəqliyyat vasitəsində heç bir sərnişin olmayıb:
“Görüntü Masazır ərazisində çəkilib. Sözügedən ərazidə Zəngilan şəhərciyi deyilən bir yer var, həmin şəhərciyin yolu çox bərbad haldadır. Biz o yolu dəfələrlə öz hesabımıza düzəltdirsək də, heç bir mənası olmayıb. Çünki orada kanalizasiya sistemi işləmir. O binaların bütün suyu yola axıdılır, yolda çalalar əmələ gəlir. O çalalara görə də, tək o avtobus deyil, elə avtobuslarımız var ki, düşür çalaya, təkəri cırılır. Bir sözlə yol çox bərbad haldadır.
Sözügedən videodakı avtobus da nasazlıq səbəbindən son dayanacağa gedəndə çəkilib. Avtobusda sərnişin yoxdur, boşdur. Sürücü axırıncı dayanacağa gedən vaxt təkər düşüb içində su olan çökəyə. Yəni avtobusun əyilməsi yüklənmədən deyil, texniki nasazlıqdan əmələ gəlib. Belə deyim, hava sistemində yastıqlar var - hava yastıqları. Orada xırda borular var. Həmin boruların birində sızma olduğu üçün avtobus əyilib. Onu düzəltmək də beş-altı dəqiqəlik işdir, iki başdan açılır və təzəsi qoyulur. Dərhal aradan qaldıra biləcəyimiz nasazlıqdır. Bu, adi yolda gedəndə də olur”.
13:46
Paytaxt küçələri ilə burnu yerə dəyən sərnişin avtobusu hərəkət edir.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.
Yayımlanan videodan görünür ki, Cavadxan küçəsi, 1 - Masazır marşrutu üzrə hərəkət edən 525 saylı sərnişin avtobusu tamamilə sağ tərəfə əyilmiş vəziyyətdə hərəkət edir ki, bu da sərnişinlərin həyatı üçün təhlükə deməkdir. Sosial şəbəkə istifadəçiləri də sərnişin avtobusunun bu cür məsuliyyətsiz şəkildə idarə olunmasından narazılıqlarını bildiriblər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq. Agentlik rəsmisi Oxu.Az-a bildirdi ki, məsələ araşdırılacaq və ictimaiyyətə məlumat veriləcək.
Əzizə İsmayılova
Rəylər