26 
Okt
2018
14:00
183
43
19370
Virtual karabakh

İranlı və türk çempionların Azərbaycanda başlayan sevgi hekayəsi - FOTO

26 Okt, 2018
14:00
19370

İranlı və türk çempionların Azərbaycanda başlayan sevgi hekayəsi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çox nadir hallarda olur ki, ailənin hər iki üzvü idmanla, xüsusən də eyni idman növü ilə məşğul olur. Belə ailələrdən biri Azərbaycanın kikboksinq millisinin üzvləri olan Rəcəbzadə ailəsidir.

Bu ailəni maraqlı edən digər məqam da var. Hər iki insan fərqli ölkələrdə doğulub, ancaq bir-birini ilk dəfə Azərbaycanda görüblər və hazırda Bakıda yaşayırlar.

Bəhram və Nehir Fatma Rəcəbzadələr Slovakiyanın paytaxtı Bratislavada keçirilmiş WAKO kikboksinq üzrə Avropa çempionatından medalla qayıtmağı bacarıblar. Müvafiq olaraq gümüş və bürünc medal.

Oxu.Az ötən il Macarıstanın paytaxtı Budapeştdə dünya çempionu olmaqla, Azərbaycanın ən yaxşı kikboksçusu seçilmiş “Golden Wolf” (Qızıl Qurd) ləqəbli Bəhramın və “She Wolf” (Dişi Canavar) ləqəbli Nehirin müsahibəsini təqdim edir.

– Necə oldu ki, başqa ölkə vətəndaşı olsanız da, Azərbaycan millisinin şərəfini qorumağa başladınız?

Nehir Rəcəbzadə: 2015-ci ilin dekabrında Azərbaycana gəldim. Artıq 2016-cı ilin fevralında Azərbaycan çempionatında çıxış etdim. O birincilikdə Azərbaycan çempionu olsam da, hakimlər qələbəni mənə vermədilər. 2017-ci ilin fevralında rəsmi olaraq ilk dəfə Azərbaycan çempionu oldum. Bundan sonra kikboksinq millisindən dəvət aldım.

Ötən il Budapeştə – həvəskar kikboksinq üzrə dünya çempionatına gedəcəkdim. Lakin müəyyən səbəblərdən oraya gedə bilmədim. Ancaq Bratislavadakı Avropa çempionatında iştirak etdim və bürünc medal qazandım. O yarışa da ağrıkəsici iynə hesabına yollanmışdım.

Polşalı rəqibim üçqat Avropa və birqat dünya çempionu idi. Həvəskar kikboksinq təcrübəsi məndən çox idi. Həvəskarla peşəkar kikboksinqin qaydaları bir az fərqlidir. Buna görə sona 15-20 saniyə qalmış uduzub finala çıxa bilmədim. Həmin qız sonradan Avropa çempionu oldu.

Amma inşallah, gələn il Bosniya və Herseqovinada keçiriləcək dünya çempionatında Azərbaycana qızıl medal qazandıracağam.

Bəhram Rəcəbzadə: Mən burada bir şeyi qeyd edim. Nehir Azərbaycan kikboksinq tarixində böyüklərdə ilk medal qazanan qadın idmançı kimi tarixə düşdü.

– Siz Türkiyə vətəndaşı ola-ola necə Azərbaycan çempionatında çıxış etdiniz?

N.R.: Mən indi də Azərbaycan vətəndaşı deyiləm. Bəhram Azərbaycan vətəndaşlığını qəbul edib. Ərim Azərbaycan vətəndaşı olduğu üçün mənim burada müvəqqəti yaşama icazəm var. O vaxt da elə olub, Azərbaycan çempionatında iştirak etmişdim.

B.R.: Mən Urmiyada doğulmuşam. Azərbaycanlıyam, türkəm. İranda doğulsam da, sonra Türkiyədə yaşamışam. Nehirlə də orada görüşmüşəm.

– Bildiyimə görə, ilk tanışlığınız Azərbaycanda olub...

B.R.: Bəli, bu, 2013-cü ildə Masallıda keçirilən muay-tay üzrə dünya çempionatı zamanı baş verib. Mən Masallıya İran, o da Türkiyə millisi adından gəlmişdi. Sonra dünya çempionatından sonra onu “Facebook”da tapdım.

Üç il ailə qurmaq üçün onun dalınca qaçdım. Hələ bundan sonra dedi ki, özünü yaxşı aparsan, baxarıq (gülür). Sonra elə oldu ki, Türkiyədə yaşamalı oldum. Həm onun üçün, həm də yarışlar üçün oraya getdim. Türkiyəyə onsuz da gedəcəkdim, ancaq Nehirlə tanışlıqdan sonra oraya getmək həvəsim daha da artdı.

3-4 il Türkiyədə yaşadım. Türkiyə, İran da bizim vətənimizdir. Amma azərbaycanlı olduğum üçün Azərbaycana qayıtmağı və bu ölkənin bayrağını qaldırmağı düşündüm.

N.R.: Masallıdakı dünya çempionatında hakim qıtlığı olduğundan onun döyüşündə taymı tutmuşam. Onda bir-birimizi tanımırdıq. Onun döyüşünü bəyəndim. Orada çox danışmadıq, açığı. Yalnız mən Türkiyədə olanda yazışmağa başladıq. Üç ildən sonra əmin oldum, fikri ciddidir. Sonra evlənməyə qərar verdik.

– Azərbaycanı təmsil etməyiniz İranda pis qarşılanmır?

B.R.: İranda buna pis baxsalar, mənim üçün bu, problem deyil. Mən güney azərbaycanlıyam, burada nə var ki?! İran millisinə yaxşı nailiyyətlər qazandırmışam. O millidə dünya çempionu olmuşam, səkkiz kəmər qazanmışam. İran millisinin qazandığı kəmərlərin hamısı mənim adımadır.

Beş il həm İranın muay-tay, həm də kikboksinq millisinin kapitanı olmuşam. Türkiyədə döyüşməyə başladıqdan sonra həm Türkiyə, həm də Azərbaycanın bayraqlarını qaldırmışam. İranda vətəndaşlığımı dəyişdirməyimi soruşanda dedim ki, belə rahatam, o ölkəni sevirəm.

N.R.: Mən də beynəlxalq yarışlarda iki bayraq üçün döyüşürəm. Bu, mənim üçün bir şərəfdir. Azərbaycanın məndə yeri bir başqadır. Bilmirəm bu, ərim azərbaycanlıdır, ya tanışlığımız Azərbaycanda olubmu deyə bundandır, ya yox. Azərbaycana qarşı fərqli simpatiyam var. Bura da bizim vətənimizdir. Altı il muay-tayda, MMA-da döyüşmüşəm, Türkiyə millisinin üzvü olmuşam.

Demək olar ki, kikboksinqə bura gəldikdən sonra başlamışam. Muay-tayda Türkiyə adından Avropa çempionatının gümüş medalını qazanmışam. Qazandığım medal və kəmərlərim Türkiyədədir. Hazırda muay-tayı buraxmışam. Son 2-3 ildir ki, ancaq kikboksinqlə məşğulam.

Niyə Azərbaycanı seçdim? İstəyirəm ki, dünyada Azərbaycan adından çıxış edən güclü qadın idmançının səsi eşidilsin. Əsl məqsədim budur. Allah izin versə, qadınlarda Azərbaycana səs salacağam.

– Kikboksinqə başlamağınızın səbəbi Bəhram olub?

N.R.: Ola bilər (gülür). Həmişə deyirdim ki, muay-taydan başqa, digər idman növləri üzrə döyüşə bilmərəm. Türkiyədən çıxdıqdan sonra muay-tayı atıb yavaş-yavaş kikboksinqə keçdim. Amma MMA olsa, burada döyüşərəm. Yeri gəlmişkən, Türkiyə millisi kikboksinq üzrə Avropa çempionatında 22 medal qazandı. Bunun üçü qızıl medal oldu.

– Toyunuz həm Adanada, həm də Bakıda olub. Nə əcəb Urmiyada yox?

B.R.: Çünki pulum qurtardı (gülür). Türkiyədəki toyda 10 minə yaxın pulum çıxdı. Bir o qədər də burada xərclədim. Valideynlərim toy üçün həm Türkiyəyə, həm də buraya gəldilər.

– Ailəniz bu evliliyə necə yanaşdı?

N.R.: Bəhramın ailəsindən fərqli olaraq, mənim ailəm əvvəl bu məsələyə tərəddüdlə yanaşdı. Çünki istər-istəməz fərqli ölkəyə gedəcəkdin. Amma üç aylıq nişan dönəmində ailələr bir-birini tanıdıqdan sonra heç bir problem olmadı. Bizdə ailələr bəyənməzsə, nişanı atmaq mümkündür.

B.R.: Onlar indi qaynıma – öz oğullarına mənim kimi güvənmirlər. Məni çox istəyirlər, mənə etibar edirlər.

– Eviniz Bakıdadır. Valideynlərinizi görmək problem olmur?

B.R.: Bayram olanda oraya gedirik. Bir dəfə İrana gedib 7-10 gün orada qaldıq. Sonra Türkiyəyə getdik. Beləcə, iyirmi gün vaxtımız getdi. Həm vaxt, həm də maddi baxımdan düz gəlmədiyindən, indi hərə bayramlarda öz ailəsini görməyə gedir. Yalnız 3-4 ildən bir ikimiz bərabər gedirik.

– Bəlkə də, hər ikisi döyüş növü ilə məşğul olan yeganə Azərbaycan idmançılarısınız. Əvvəldən həyat yoldaşınızın idmançı olmasını istəyirdiniz?

B.R.: Məndə belə bir fikir olmayıb. Amma tanış olduqdan sonra dedim ki, niyə də həyat yoldaşım idmançı olmasın?!

N.R.: Açığı, mən əvvəldən idmançı ilə ailə həyatı qurmağı arzulayırdım. Çünki o, idmançı olmalı idi ki, həm güclü olsun, həm də mənə idmanda problem yaratmasın. Oğlanların içində məşq etməyə, milli ilə səfərlərə getməyə qoymayacağını təxmin etdiyimdən, idmandan olmayan biri ilə evlənməyi istəmirdim. İndi 100 oğlanla da məşq etsəm, bizim aramızda problem olmur.

– Gələcəkdə övladınız olsa, onu da idmana qoyacaqsınız?

N.R.: Təbii ki, o da idmançı olacaq. Başqa yolu yoxdur (gülür).

B.R.: Ya idmançı olacaq, ya idmançı olacaq (gülür). Təbii ki, bu, uşağın özünə bağlı olan məsələdir. Bu, gələcəkdən asılıdır. Biz idmançı kimi böyüdəcəyik. Sonra özü bilər, idmanı davam etdirər, ya başqa peşəni seçər.

– Məşqlər zamanı bir-birinizə sparrinq olursunuz?

B.R.: Oluruq. Gözünü qaraltmışam, dodağını çatlatmışam. Bir dəfə də alnına vurmuşam, alnının ortası şişdi, özündən getdi. Amma bunu qəsdən etməmişəm. Bizdə vurmaq rəqib əlini aşağı saldığında refleksdir.

– Onda sizin bir-birinizlə məşq etməyiniz məsləhət deyil...

N.R.: Kilo olaraq deyil. O, sadəcə, kikboksinqin K-1 versiyası üzrə döyüşür. Mən də isə həm K-1, həm də Low Kick-dir. K-1-in fərqi dizlə zərbə vurmaq imkanının olmasıdır.

B.R.: Ağırçəkili olduğumdan məndə sparrinq problemi var. Olanlar da məni qane etmir.

– Son vaxtlar UFC, MMA döyüşləri məşhurluq qazanıb. Belə bir imkanın olsa, orada döyüşərdiniz?

B.R.: UFC-yə düşmək bir az çətindir. Qaydasız döyüşlərin ən peşəkarı, pik səviyyəsi UFC-dir. Kikboksinqlə başlamışam, idmanı bununla da bitirmək istəyirəm. Ola bilər ki, gələcəkdə MMA-da döyüşəm. Muay-tayı isə buraxmışam. Mən bu idman növünü sevmirəm.

İran millisində çıxış etsəm də, bu idmana qanım qaynamır. Ola bilsin ki, muay-tayda döyüş gözəl görünmür, ondandır. Ancaq dizlə vurursan. Amma kikboksda “stoyka”lar gözəldir, o vurur, bu vurur.

N.R.: Əslində, muay-tayda daha yaxşı döyüşürəm. Amma indi yalnız kikboksinqlə məşğulam.

– Muay-Tay Federasiyasından milliyə təklif gəlsə, iştirak etmək istərsiniz?

N.R.: Bəli. Bildiyim qədərilə, Azərbaycanda xanım muay-tay idmançısı yoxdur. Olimpiadada muay-tay olarsa, Azərbaycan millisinin şərəfini qorumaq istərdim.

B.R.: Biz bir federasiya ilə işləyirik. Kikboksinq Federasiyası ilə də sonadək davam etmək istəyirik.

– Evdə ailələr arasında davaların olması normal qarşılanır. Sizdə dava olanda necə olur?

B.R.: Dava hər evdə olur. Bir-birimizə hörmətlə yanaşmağa çalışırıq. Bir dəfə ikimiz də ayaqdan zədəli idi. Su içməliyik. Bilmirik ki, kim gətirsin. İkimiz də bir-birimizə “su gətir” deyirik. Axırda ikimiz bir-birimizə kömək edib su gətirdik.

– Ötən il əriniz Gənclər və İdman Nazirliyi tərəfindən kikboksinqdə ilin idmançısı seçildi. Gözləyirdinizmi?

N.R.: Həmin il Bəhramın kifayət qədər uğurları oldu. Dünya çempionu oldu. Ona görə də gözləyirdik.

– Bəs siz özünüz bu il ən yaxşı seçilə bilərsinizmi?

N.R.: Düşünürəm ki, ola bilərəm. Açığı, Avropa çempionu ola bilərdim. Səhvlərim oldu. Mən peşəkarlarda rəqiblərimə, adətən, ikinci raundu görməyə imkan vermirəm. Amma bayaq dediyim kimi, həvəskarlarda bir az döyüş fərqli olur.

– Peşəkar kikboksinqdə daha çox pul qazanmaq imkanın olur. Sizə hansında döyüşmək daha rahat gəlir?

B.R.: Elə insan var ki, peşəkarlarda döyüşə bilir, amma həvəskarlarda yox. Və ya tərsinə. Mən ikisində də döyüşə bilirəm. Amma mənə daha rahat peşəkar kikboksinqdir. Çünki orada başa dəbilqə taxmırsan. İdmançı özünü daha rahat hiss edir.

N.R.: Mən də peşəkarlar deyə düşünürəm. Xal hesablama sistemləri də fərqlidir. Çünki peşəkarlarda ilk iki raundda rəqibdən üstünsənsə, böyük ehtimalla qalib gəlirsən. Amma həvəskarlarda rəqib üçüncü raundda səndən çoxlu xallar qazanıb qalib gələ bilər.

– Azərbaycanda olduğunuz müddətdə başınıza maraqlı gələn nəsə olubmu?

N.R.: Buraya təzə gələndə “maydanoz” sözünün azərbaycanca qarşılığını bilmirdim. Bazarda izah edə bilmirdim nə istədiyimi. Həmçinin “bardak” sözünün “stəkan” olduğunu bilmirdim. Təyyarədən qorxanam. Bir dəfə yanımdakı adam “təyyarə düşür” dedi. Mən də bütün duaları oxudum ki, qəza baş verməsin (gülür).

B.R.: Yeni gələndə onunla bazara gedəndə tərcüməçilik edirdim (gülür).

– İkiniz də Avropa çempionatından zədə ilə qayıtmısınız. Bəhramda hətta ayaq baş barmağı sınıb...

N.R.: Bu, bizim üçün adi haldır (gülür)

B.R.: Biz öyrəşmişik. 7-10 gündən sonra yenidən məşqlərə başlayacağam. Amma finalda uduzmağımın səbəbi zədə yox, hakimlərin mənimlə müqayisədə, xorvat idmançıya simpatiya bəsləməsi oldu. Son 10-15 saniyədə döyüş döndü. İnşallah, gələn il ikinci dəfə Azərbaycana dünya çempionluğu qazandıraram.

Bahram Rajabzadeh Altin Qurd adlı şəxsin şəkli.Nehir Rajabzadeh adlı şəxsin şəkli.

Səbuhi MUSAYEV
Foto: Kərim ABBASOV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri