Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Afrika Millətlər Kubokunun finalçıları bilindi
Misirdə keçirilən Afrika Millətlər Kubokunun finalçıları bəlli olub.
Oxu.Az xəbər verir ki, finala Seneqal və Əlcəzair milliləri vəsiqə qazanıb.
“Liverpul”un futbolçusu Sadio Manenin lideri olduğu Seneqal Tunis millisini əlavə vaxtda məğlub edib - 1:0. Bu görüşdə tərəflər hərəyə bir dəfə penaltidən yararlana bilməyib.
“Mançester Siti”nin futbolçusu Riyad Marezin lideri olduğu Əlcəzair isə Nigeriyanı 2:1 məğlub edib. Görüşün əsas vaxtına əlavə olunmuş sonuncu dəqiqədə Marezin cərimə zərbəsindən vurduğu qol ərəbləri finala çıxarıb.
Qeyd edək ki, Əlcəzair 1990-cı ildə məhz Nigeriyanı məğlub edərək bir dəfə bu turnirin qalibi olub. Seneqal isə 2002-ci ildə finalda Kameruna penaltilər seriyasında uduzub.
Onu da bildirək ki, hər iki komanda qrup mərhələsində artıq üz-üzə gəlib. Əlcəzair ötən ayın sonunda Seneqalı 1:0 hesabı ilə məğlub edib.
Səbuhi MUSAYEV