Almaniyanın Hamburq şəhərində keçirilən FIDE Qran-Prisinin üçüncü mərhələsi başa çatıb.
Oxu.Az xəbər verir ki, finalda rusiyalı Aleksandr Qrişuk polşalı Yan-Kjıştof Dudanı 3,5:2,5 hesabı ilə məğlub edərək bu mərhələnin qalibi olub.
Bu mərhələdə yalnız iki şahmatçımızdan Teymur Rəcəbov iştirak edib. O isə 1/8 finalda rusiyalı Daniil Dubova 3,5:4,5 hesabı ilə uduzaraq yarışdan erkən çıxıb. Əslində Teymuru anlamaq olar. Çünki FIDE Qran Prisi İddiaçılar turnirinə vəsiqə verir ki, Teymur bu vəzifənin öhdəsindən Dünya Kubokunun qalibi olmaqla gəlib.
Ona görə də şahmatçımız bu yarışa yalnız pul qazanmaq üçün qatılıb. Bu il Qran Pridə yarışan 21 şahmatçı arasında 17-ci olan Rəcəbov bu yarışın yekun sıralamasında 10 min avro qazanıb (xal qazanmayıb iştirakçı olanlara ən azı bu məbləğ verilir – S.M.). Lakin şahmatçımız dördüncü mərhələdə yaxşı çıxış etməklə bu məbləğin sayını artırmaq hüququna malikdir.
Bu yarışın Nizamnaməsinə görə, yekun sıralamada ilk iki pilləni tutan şahmatçı birbaşa İddiaçılar turnirinə vəsiqə qazanacaq. Bu mərhələyədək 10 xalla ilk sırada qərarlaşmış Şəhriyar Məmmədyarov hazırda üçüncü sıradadır.
Hamburq mərhələsinin qalibi Aleksandr Qrişuk bu yarışdan 10 xal qazanıb (qalibə 8, finalçıya 5, yarımfinaladək gələnə 3, 1/4 finalda uduzana 1, tay-breksiz hər matçda qalib gələnə əlavə 1 xal verilir – S.M.).
Yarımfinalda Qrişuka uduzmuş fransalı Maksim Vaşye-Laqrav isə 5 xala yiyələnib. Bu üzdən həm rusiyalı, həm də fransalı şahmatçı son mərhələdə mübarizə aparmamış (qaydalar hər şahmatçının azı bir mərhələni buraxmasını tələb edir – S.M.) “Şah”ı taxtından endirib.
Lakin Şəhriyarın yenə ilk iki sıranı tutmaq şansı var. Çünki Aleksandr Qrişukdan fərqli, Məmmədyarov 11-23 dekabrda İsrailin Qüds şəhərində keçiriləcək sonuncu – dördüncü mərhələdə mübarizə aparacaq.
Bununla belə, hazırda Qrişukun 20, Vaşye-Laqravın 13 və Şəhriyarın 10 xalı olduğunu nəzərə alsaq, şahmatçımızın azı finaladək irəliləməsi lazımdır. Belə olan halda, Qrişuku keçmək mümkündür. Həmçinin bu alınmasa, Vaşye-Laqravın Qüdsdəki yarışda zəif çıxışına ümid etmək lazımdır. Onu da unutmamaq lazımdır ki, rusiyalı Yan Nepomnyaşi doqquz xala malikdir və Şəhriyardan onu bir xal ayırır.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov mayda Rusiyanın paytaxtı Moskvada keçirilmiş birinci mərhələdə polşalı Radoslav Voytaşekə 0,5:1,5 hesabı ilə uduzub. Lakin o, iyulda Latviyanın paytaxtı Riqada baş tutmuş ikinci mərhələdə Daniil Dubov (1,5:0,5), polşalı Yan-Kjıştof Duda (2,5:1,5) və ABŞ təmsilçisi Uesli Soya (1,5:0,5) qalib gələrək finala çıxıb.
O, finalda Maksim Vaşye-Laqravı 5:4 hesabı ilə məğlub edərək həmin mərhələnin qalibi olub. Hazırkı duruma görə Şəhriyarı 29 min avro pul mükafatı gözləyir.
Səbuhi Musayev
Rəylər