“Qarabağ”ın futbolçuları cari mövsümdəki çıxışı ilə Avropada maraq oyadıb.
Oxu.Az xəbər verir ki, bir çox klub Patrik Andrade, Kadi Borqes, Abdella Zubir kimi futbolçularla yaxından maraqlanır.
“Futbol+” nəşrinin iddiasına görə, ağdamlıların daha bir üzvü karyerasını Avropada davam etdirə bilər. Söhbət Qurban Qurbanovun oğlu Musa Qurbanlıdan gedir. Hücumçu ilə Avstriya Bundesliqasında çıxış edən “Volfsberq” klubu maraqlanır. Klub mövsümün sonunda forvard üçün “Qarabağ”la danışıqlar aparmaq niyyətindədir.
Hazırda Avstriya Bundesliqasında beşinci pillədə qərarlaşan komandanın hədəfi gələn mövsüm avrokuboklara vəsiqə qazanmaqdı. “Volfsberq” 2020/21 mövsümündə Avropa Liqasının qrup mərhələsində iştirak edib və mübarizəni 1/16 finalda “Tottenhem”ə məğlub olmaqla dayandırıb.
Qeyd edək ki, Musa Qurbanlı bu mövsüm Premyer Liqada 12 matçda yeddi qol vurub, dörd məhsuldar ötürmə verib. O, 21 yaşadək futbolçulardan ibarət yığmalar arasında Avropa çempionatının seçmə mərhələsində də rəqibləri üç dəfə məyus edib.
Oxu.Az məsələyə “Qarabağ”ın mətbuat katibi Gündüz Abbaszadənin fikirlərini öyrənib. O hələ Musa Qurbanlı üçün hansısa klubdan rəsmi təklif almadıqlarını bildirib.