Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycanda on iki günlük tətil: Turizm sektoru bayramlara necə hazırlaşıb?
Qarşıdan 12 günlük tətil gəlir. Bu il Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar tətil günləri üst-üstə düşür. Bu aspektdən yanaşsaq, görəsən, ölkəyə turist axınının artırılması üçün hansı addım atılır? Prosesin düzgün tənzimlənməsi üçün plan varmı? Hotellərdəki qiymətlər nə yerdədir?
Oxu.Az bu suallarla Dövlət Turizm Agentliyinə üz tutub.
Qurumun Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycan turizminin xaricdə təbliği ilə bağlı ilboyu çoxsaylı beynəlxalq tədbir və sərgilərdə Dövlət Turizm Agentliyi tərəfindən ölkənin turizm imkanlarını tanıtmaq üçün turizm şirkətləri və hotellərin iştirakı ilə təmsilçilik təmin edilir, genişmiqyaslı marketinq və kommunikasiya tədbirləri görülür:
"2024-cü il ərzində xarici ölkələrdə yerli turizm sənayesi subyektlərinin iştirakı ilə ölkənin turizm imkanlarını tanıtmaq və təbliğ etmək məqsədilə 17 beynəlxalq turizm sərgisində (GITF, "Tourism Expo Japan", EMITT, IMTM, "ATM Dubai", "OTM Mumbai", MITT, KITF və s.) ölkə stendi qurulub. Rusiya, Qazaxıstan, Özbəkistan, Belarus, Çin, Hindistan, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və BƏƏ-də turizm şirkətləri üçün silsilə tanıtım seminarları, Mumbay, Dehli, Təl-Əviv və Almatı şəhərlərində turizm şirkətləri üçün müxtəlif tanıtım-təbliğat tədbirləri təşkil edilib. Həmçinin Türkiyə, Almaniya, Avstriya, İsveçrə, Qətər, Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistanından olan qabaqcıl turizm şirkətlərinin Azərbaycana tanışlıq turları təşkil edilib.
Bundan əlavə, il ərzində BBC, "Euronews" və CNN kimi qlobal media platformalarında və onların veb-səhifələrində reklamlar yerləşdirilib. Hədəf bazarlarında irimiqyaslı rəqəmsal marketinq və reklam kampaniyasının aparılması məqsədilə "Expedia", "Wego", "Aviasales", "Yandex Travel", "Ctrip", Wechat", "Weibo" kimi yerli və qlobal platformalar ilə əməkdaşlıq həyata keçirilir, hədəf bazarlardan olan influenser və media nümayəndələrinin ölkəmizə səfərləri təşkil olunub, beynəlxalq xarici nəşrlərdə və onlayn platformalarda məlumatlar yerləşdirilib.
2024-cü il ərzində ölkəmizin turizm potensialını təbliğ etmək məqsədilə reklamlar (qatar və taksilərin üzərində, hava limanında, ticarət mərkəzlərində, açıq məkanlarda və s.) yerləşdirilib, eləcə də Türkiyənin İstanbul Hava Limanında ölkəmizin turizm imkanlarını əks etdirən banner və təbliğat videoçarxları nümayiş etdirilib.
Hazırda Təl-Əviv və Moskva şəhərlərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi, Çin və Hindistanda təmsilçilik ofisləri fəaliyyətdədir.
2024-cü ildə 2 milyon 626 mindən çox xarici vətəndaş ölkəmizə gəlib ki, bu da 2023-cü illə müqayisədə 26 faiz artım deməkdir. 2024-cü il rəqəmlərinə əsasən, ilk onluqda Rusiya, Türkiyə, Hindistan, İran, Gürcüstan, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Pakistan, BƏƏ, Özbəkistan kimi ölkələr sıralanır".
Hotel qiymətləri ilə bağlı isə qeyd olunub ki, iqtisadiyyatın digər sahələri kimi, turizmdə də tələb və təklif mütənasibliyi əsas rol oynadığından bu sahədə birbaşa dövlətin qiymət tənzimlənməsi mövcud deyil:
"Dövlətin bu istiqamətdə strategiyası bazarda təkliflərin həcminin artması üçün əlverişli şərait yaradaraq sağlam rəqabətlilik mühitinin bərqərar olmasına, bununla da hər seqmentə və büdcəyə uyğun təkliflərin formalaşmasına dəstək verməkdir. Bu istiqamətdə bir sıra dövlət mexanizmləri tətbiq olunur.
Belə ki, Vergi Məcəlləsinə 2023-cü ildə edilmiş dəyişikliyə əsasən, Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında mehmanxana, hotel və sanatoriya fəaliyyətində istifadə edilən (Vergi Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırıldığı dövr istisna olmaqla) daşınmaz əmlaka görə əmlak vergisi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə 75 faiz azaldılıb.
Bu dəyişikliklə müvafiq sahələrdə fəaliyyət göstərən subyektlər 2024-26-cı illəri əhatə edən dövr ərzində hesablanmış daşınmaz əmlak vergisinin 75 faizindən azad edilib. Güzəştlər müəssisələrin daşınmaz əmlakının yalnız hotel və sanatoriya xidmətlərinin təşkili məqsədilə istifadə edilən hissəsinə şamil edilərək müəssisənin yalnız fəaliyyət dövrünü əhatə edir (fəaliyyətin müvəqqəti dayandırılması halında sahibkar bu güzəştlərdən faydalana bilmir). Hazırda dəyəri bir milyon manatdan az daşınmaz əmlaka sahib olan mikrosahibkarlar əmlak vergisindən azaddırlar. Sözügedən dəyişiklik bu kateqoriyadan olan sahibkarlara şamil edilmir. Bundan başqa, investisiya təşviqi sənədi alan sahibkarlar, kiçik və orta biznes (KOB) klaster şirkətləri də fəaliyyətinin ilk yeddi ilində əmlak vergisindən azaddırlar. Bu hüquqlar da müvafiq müəssisələr üçün qalır.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin "Turizm və rekreasiya zonalarının Nümunəvi Əsasnaməsi"nin 2024-cü il 2 avqust tarixli fərmanı ilə təsdiq edilmiş və investisiya qoyuluşunun təşviqi məqsədilə ayrılan, habelə sahibkarlıq subyektlərinin inkişafına kömək edən, sərhədləri dəqiq müəyyən edilmiş turizm əhəmiyyətli ərazilərdə turizm və rekreasiya zonalarının yaradılmasına, çevik və səmərəli idarə edilməsinə imkan yaradacaq mexanizm müəyyənləşdirilib.
İşğaldan azad edilmiş ərazilər üzrə Kəlbəcər rayonunun iki perspektivli ərazisində turizm və rekreasiya zonasının yaradılması nəzərdə tutulub. Həmçinin 2016-cı il 1 avqust tarixli 286 nömrəli qərarı ilə Xızı-Xaçmaz, Quba, Qusar turizm və rekreasiya zonaları yaradılıb. Qeyd olunan zonalarda müvafiq ərazi planlaşdırılma işlərinə paralel olaraq, ərazilərə investisiya qoyuluşu ilə bağlı özəl sektorun cəlb edilməsi nəzərdə tutulub.
Dövlət Turizm Agentliyinin əsas prioritet istiqaməti hotel kateqoriyasına aid olan yerləşmə müəssisələrinin sertifikatlaşdırılması və ulduz dərəcələrinin verilməsidir. Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Turizm Bürosu tərəfindən hotellərdə ulduzlaşma prosesi davam etdirilir. Cari dövr üçün ölkə üzrə əksəriyyəti Bakı və Abşeronda yerləşməklə 257 hotelə ulduz sertifikatı verilib. Regionlar üzrə monitorinqlərə başlanılıb və il ərzində regionlarda yerləşən hotellərdə sertifikatlaşmanın aparılması nəzərdə tutulur".
Agentlik ölkədəki hostellərin sayı və keyfiyyəti ilə bağlı sualımızı da cavablandırılıb:
"Dövlət Turizm Agentliyi tərəfindən hostellərin fəaliyyətinin müvafiq standartlara uyğunlaşdırılması məqsədilə AZS 906-2022 "Turizm xidmətləri. Yerləşmə vasitələrinin təsnifatı. Minimum tələblər" adlı dövlət standartı hazırlanıb. Bu standart hostellər üçün minimal tələbləri müəyyən edərək onların fəaliyyətinin müasir və beynəlxalq tələblərə uyğunlaşdırılmasına dəstək vermək məqsədini daşıyır.
Qeyd olunan standartın tətbiqi könüllüdür və sahibkarlıq subyektlərinin həmin standartlara riayət etməsi tələb kimi qoyulmayıb. Eyni zamanda hostellərin icbari sertifikatlaşdırılması tələbi mövcud qanunvericilikdə nəzərdə tutulmayıb. Eləcə də turizm fəaliyyəti üçün lisenziya tələbi mövcud olmadığından hostellərin fəaliyyət keyfiyyətinə nəzarət kimi hüquqi mexanizm mövcud deyil.
Cari dövr üçün Dövlət Turizm Agentliyinin turizm ehtiyat bazası kimi çıxış edən Turizm Reyestrində qeydiyyatdan keçmiş hostellərin sayı 60 təşkil edir".
Məhərrəm Əliyev