Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların YENİ QRAFİKİ AÇIQLANDI
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədilə 1 aprel 2025-ci il tarixindən Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların yeni qrafikini müəyyənləşdirib.
Oxu.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, yeni hərəkət cədvəlinə əsasən, Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt marşrutları üzrə reyslərin sayı artırılır və xüsusən günorta saatlarında qatarlararası interval azaldılır. Həmçinin sürət qatarlarının iş günləri, şənbə və bazar günləri üçün ayrı-ayrılıqda üç hərəkət cədvəli tərtib edilib. Abşeron dairəvi dəmiryol marşrutu üzrə həftənin iş, şənbə və bazar günləri ümumilikdə 61 reys əlavə olunur.
İş günlərində Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə reyslərin sayı 24-dən 36-ya, Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu üzrə 42-dən 56-ya çatdırılacaq. O cümlədən sərnişinlərin çox sayda müraciəti nəzərə alınaraq Bakı-Xırdalan-Sumqayıt istiqamətində saat 20:20 reysi əlavə olunur (əvvəlki qrafiklə sonuncu qatar 19:35-də idi). Bu isə işdən evə qayıdan sərnişinlər üçün daha çox seçim imkanı yaradır, sərnişin sıxlığının azaldılması, səyahət müddətinin qısaldılması və hərəkət intensivliyinin tənzimlənməsini mümkün edir.
Eyni zamanda, Bakı-Xırdalan-Sumqayıt istiqamətində səhər reysləri də optimallaşdırılıb. Belə ki, bu vaxtadək saat 7:20-dan Sumqayıtdan çıxan qatar Bakıya 8:01-də çatırdı. Yeni qrafiklə saat 6:15-də çıxan qatar Bakıya 6:56-da çatacaq. Bundan başqa, Xırdalandan Bakıya birbaşa hərəkət edəcək yeni FLİRT qatarı Bakıya 07:15-də çatacaq. Bu da iş vaxtı saat 8-də başlayanlar üçün əlavə imkanlar yaratmış olacaq. Həmçinin bu istiqamətdə səhər saatlarında hərəkət edən ekspres tipli qatara Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləcək.
Şənbə günlərində Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 16-ya, Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə reyslərin sayı isə 20-dən 36-ya çatdırılacaq.
Optimallaşdırma çərçivəsində həftənin bazar günləri üçün də xüsusi qrafik tərtib olunub. Belə ki, yeni cədvələ əsasən, bazar günləri Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 15-ə, Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə reyslərin sayı isə 20-dən 28-ə çatdırılacaq.
Bu dəyişikliklər Abşeron dairəvi dəmiryol marşrutunda günlük sərnişindaşıma sayını hazırkı 37-38 min nəfərdən 48-50 min nəfərə qədər artırmağa imkan verəcək.
"Sürət qatarı" teqi üzrə xəbərlər
- Kürdəmirdə özünü sürət qatarının altına atan kişi intihar edibmiş
- Azərbaycanda qatarların sürət həddi endirildi
- Ağstafadan Bakıya gələn sürət qatarına ZİYAN DƏYDİ
- Çindən böyük sürpriz: Sürəti saatda 450 kilometrə çatan qatar təqdim olundu
- Bakı-Xırdalan-Sumqayıt sürət elektrik qatarı niyə gec saatlara qədər sərnişin daşımır?