Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yaşayış binasının ətrafında sürüşmə təhlükəsi getdikcə artır.
Oxu.Az "Xəzər" TV-yə istinadla xəbər verir ki, güclü yağış və sel nəticəsində baş vermiş uçqunun fəsadları isə hələ də aradan qaldırılmayıb.
İri beton konstruksiyalar avtomobillərin üzərinə aşıb.
Sakinlərin sözlərinə görə, sürüşmə nəticəsində binanın ətrafındakı torpaq qatında ciddi dəyişikliklər baş verib. Hazırda ərazidə uçqun təhlükəsinin olması və yaşayış binasında bəzi çatların əmələ gəlməsi sakinlərin narahatlığını artırıb. Onlar mümkün təhlükənin qarşısının vaxtında alınmasını və ərazidə təhlükəsizlik tədbirlərinin görülməsini istəyirlər.
Məsələ ilə bağlı Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyindən bildirilib ki, problemin aradan qaldırılması məqsədilə FHN-ə və digər aidiyyəti qurumlara müraciət olunub. Müraciətə yenidən baxılacağı və problemin həlli üçün müvafiq tədbirlərin görüləcəyi bildirilib.