Baş Prokurorluğun apardığı araşdırma zamanı Bakının Nəsimi və Xəzər rayonlarında dövlət mühafizəsinə götürülmüş tarixi və mədəniyyət abidələrində müvafiq razılaşdırma olmadan yenidənqurma işlərinin aparıldığı müəyyən edilib.
Oxu.Az Baku TV-yə istinadən bildirir ki, söhbət Nəsimi rayonunda Nizami küçəsi, 81 və Bülbül prospekti, 36C ünvanlarında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan iki qeyri-yaşayış obyektindən, həmçinin Buzovna qəsəbəsində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan məsciddən gedir.
Bəs tarixi abidə statusu daşıyan yaşayış və qeyri-yaşayış binalarında hansı təmir və dəyişiklikləri aparmaq mümkündür?
Memar Cahid Həsənov məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, tarixi abidələrdə özbaşına hər hansı dəyişiklik aparmaq yolverilməzdir.
"Hər hansı fasad üzlüyünün dəyişdirilməsi, eyvanların artırılması, reklam lövhələri və brendlərlə binanın ümumi həcminin örtülməsi tarixi memarlıq abidəsinə ciddi mənfi təsir göstərir. Bu, binanın tarixiliyinin və vizual görünüşünün itirilməsinə səbəb olur", - deyə mütəxəssis bildirib.
O həmçinin vurğulayıb ki, tarixi binaların birinci mərtəbələrində fəaliyyət göstərən ticarət obyektlərinin fasada müdaxiləsi də problem yaradan məsələlərdəndir. Kondisionerlərin, müxtəlif konstruksiyaların və digər avadanlıqların fasada icazəsiz quraşdırılması həm binanın texniki vəziyyətinə, həm də tarixi görünüşünə zərər vura bilər.