Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən 2-3 iyul tarixlərində media nümayəndələri üçün Lənkəran rayonuna mediatur təşkil olunub.
Oxu.Az xəbər verir, səfərin məqsədi bölgələrdə fəaliyyət göstərən fermerlərin əməyini, aqrar sahədə tətbiq olunan innovativ yanaşmaları, dövlət dəstəyi ilə həyata keçirilən layihələri və yerli istehsalın inkişafını yaxından nümayiş etdirmək olub.
İki gün davam edən mediatur zamanı jurnalistlər "Şəhərdən Kəndə" layihəsi çərçivəsində dəstək göstərilən üç fərqli təsərrüfatı - Lənkəranda fəaliyyət göstərən ilk Arıçılıq muzeyini, "Leynə.co" həsirçilik təsərrüfatını və "Citrus Valley" aqroturizm kompleksini ziyarət edərək, onların fəaliyyəti ilə yerində tanış olublar.
Media nümayəndələrini qarşılayan Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aqrar Tədarük və Təchizat" ASC-nin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Nilufər Mustafaqızı bildirib ki, PAŞA Holdinqin maliyyə dəstəyi ilə həyata keçirilən "Şəhərdən Kəndə" layihəsi çərçivəsində indiyədək ümumilikdə 35-ə yaxın təsərrüfata dəstək göstərilib. Onlardan dördü isə Lənkəran rayonunda olmaqla doqquzu cənub zonasını əhatə edir.

Onun sözlərinə görə, layihənin əsas məqsədi aqroturizmin inkişafına dəstək vermək, fermerlərin əlavə gəlir əldə etmək imkanlarını artırmaq və onların məhsullarının bazara çıxışını asanlaşdırmaqdır.
Nilufər Mustafaqızı qeyd edib ki, layihəyə sıfırdan yaradılan təsərrüfatlar deyil, artıq müəyyən inkişaf mərhələsinə çatmış təsərrüfatlar cəlb olunur. Monitorinqlərdən uğurla keçən təsərrüfatlara marketinq, abadlıq, satış və digər istiqamətlərdə dəstək göstərilir.
O bildirib ki, "Lənkəran Citrus Valley" layihə çərçivəsində dəstək verilən ən iri təsərrüfatlardan biridir. Buraya 30 min banka kompot və 10 min banka mürəbbə üçün qablaşdırma dəstəyi göstərilib, məhsulların Azərbaycanın müxtəlif bölgələrində satışına kömək edilib, eyni zamanda abadlıq və marketinq işləri həyata keçirilib.
N.Mustafaqızının sözlərinə görə, "Şəhərdən Kəndə" layihəsinə Azərbaycanın bütün regionlarından, o cümlədən işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən təsərrüfatlar da qoşula bilərlər.
Mediaturun ilk ünvanı Lənkəranın Şovu kəndində yerləşən və Azərbaycanın ilk Arıçılıq muzeyi hesab olunan "Balçı Səyavuş" Damazlıq Arıçılıq Təsərrüfatı oldu.

Təsərrüfatın rəhbəri Səyavuş Yaqubov bildirib ki, 2015-ci ildən innovativ arıçılıqla məşğuldurlar və fəaliyyətə arı pavilyonları ilə başlayıblar.

Onun sözlərinə görə, Azərbaycanda arıçılıq muzeyinin olmaması onları bu ideyanı həyata keçirməyə sövq edib. "Şəhərdən Kəndə" layihəsinə təqdim olunan layihə dəstəklənib, muzeyin təmir və dizayn işləri PAŞA Holdinqin maliyyə dəstəyi ilə "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən həyata keçirilib.

Muzey yalnız eksponatlardan ibarət deyil. Burada Azərbaycan və dünya arıçılığının tarixinə aid guşələr, qədim kötük və qamış pətəkləri, arının biologiyasına həsr olunmuş bölmələr, arıçılıq avadanlıqları və ixtisas ədəbiyyatı nümayiş etdirilir.
Səyavuş Yaqubov bildirib ki, gələcəkdə ekspozisiya daha da genişləndiriləcək və yeni eksponatlar toplanacaq.
Muzeydə diqqət çəkən yeniliklərdən biri də müəllif layihələri olub. Bunlardan biri ana arının saxlanılması üçün hazırlanmış inkubator, digəri isə arıçılıqda istifadə edilən smart tərəzidir.

Smart tərəzi pətəyin altına yerləşdirilir və məsafədən çəki, temperatur, rütubət və digər göstəriciləri izləməyə imkan verir. Hazırda sistem sınaq mərhələsindədir. Gələcəkdə bunun üçün mobil tətbiq və proqram təminatının hazırlanması nəzərdə tutulur. Məqsəd həm arıçılar üçün vahid məlumat bazası yaratmaq, həm də məhsulların satışını asanlaşdırmaqdır.
Bu layihə artıq Kəlbəcər Bal Festivalında təqdim olunub və proqram təminatı üzərində işlər davam edir.
Muzeydə apiterapiya bölməsi də yaradılıb. Burada arı havası ilə terapiya üçün xüsusi hazırlanmış pətək nümayiş etdirilir.
Səyavuş Yaqubov bildirib ki, bu layihə də onların müəllif işidir və gələcəkdə sağlamlıq mərkəzlərində tətbiq olunmasını təklif ediblər.
O qeyd edib ki, arı məhsullarına allergiyası olan şəxslərin apiterapiyadan istifadə etməsi tövsiyə edilmir.

Muzeydə yaradılan canlı arı guşəsi isə ziyarətçilərə arıların gündəlik fəaliyyətini yaxından izləmək imkanı yaradır. Hazırda sistem təkmilləşdirilir. Gələcəkdə burada interaktiv monitorlar və süni intellekt əsaslı təqdimatlar da quraşdırılacaq.
S.Yaqubov bildirib ki, muzeydə yalnız öz istehsalları olan bal, propolis, arı südü, güləm, çiçək tozu və digər məhsullar satılır. Hazırda satışlardan razıdırlar, lakin turist axınının artması ilə gəlirlərin də yüksələcəyinə inanırlar.
Mediaturun növbəti dayanacağı "Leynə.co" həsirçilik təsərrüfatı olub.
Təsərrüfatın sahibi Xalidə İsmayılova 45 ilə yaxın riyaziyyat müəllimi işlədiyini, təqaüdə çıxdıqdan sonra isə uşaqlıqdan bələd olduğu həsirçilik sənətinə qayıtdığını deyib.

Onun sözlərinə görə, həsirçilik cənub bölgəsinin qədim sənətlərindən biridir. Əvvəllər yalnız həsir və zənbil toxunurdusa, indi çanta, şlyapa, meyvə və çörəkqabları, müxtəlif səbətlər hazırlanır.
Hazırlanan bütün məhsulların əsasını "keşi" adlanan material təşkil edir. Keşi isə bataqlıqda bitən "lığ" adlı qamış növündən hazırlanır.

X.İsmayılova bildirib ki, bu xammalın hazırlanması olduqca çətin prosesdir. Qamış bataqlıqdan biçilir, qurudulur və quruma zamanı ona şeh dəyməməlidir. Əks halda material qaralır və istifadəyə yararsız olur.
Onun sözlərinə görə, biçin mövsümü iyunun sonundan avqust ayına qədər davam edir. Sentyabrdan etibarən isə toxuculuq işlərinə başlanılır. Material yaş vəziyyətdə işlənməlidir, əks halda həm əli kəsir, həm də toxunması çətinləşir.

Həsirçiliklə yanaşı, ailənin mandarin, limon və feyxoa bağları, eləcə də kiçik bostanı var.
X.İsmayılova bildirib ki, sifarişlər əsasən zənbillərə, tərəvəz və ev heyvanları üçün hazırlanan səbətlərə olur. Son illərdə bu sənətə maraq da artıb.
O, həm də master-klasslar keçdiyini, yeni şagirdlər yetişdirdiyini, Lənkəran sakinlərinin və turistlərin bu sənətə maraq göstərdiyini deyib.
Xalidə İsmayılovanın sözlərinə görə, bu sənət onun üçün sadəcə qazanc mənbəyi deyil, həm də mənəvi rahatlıqdır:
"Barmaqlarla işlədiyin üçün insanın əsəblərini sakitləşdirir".
Onun hazırladığı məhsulların qiyməti ölçüsündən asılı olaraq 5 manatdan başlayır, iri səbət və piknik məhsulları isə 20 manata qədər dəyişir.
Mediaturun son ünvanı "Citrus Valley" təsərrüfatı olub.
Təsərrüfatın sahibi Rəftarə Şükürova bildirib ki, 2009-cu ildən bu sahədə fəaliyyət göstərsə də, müəllim işlədiyi üçün ilk illərdə təsərrüfatla məşğul olduğunu gizli saxlayıb.

Onun sözlərinə görə, təxminən 10 il əvvəl Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi ilk mediatur təsərrüfatın tanınmasında dönüş nöqtəsi olub.
Bundan sonra "Şəhərdən Kəndə" və "Kənddən Şəhərə" layihələrinə qoşulan təsərrüfatın məhsulları yarmarkalarda və sərgilərdə təqdim olunmağa başlayıb.
R.Şükürova bildirib ki, bu gün təsərrüfat 15 hektar ərazini əhatə edir. Burada 6 hektar feyxoa, 3.5 hektar kivi, 4 hektara yaxın sahədə isə limon, naringi, portağal və kinkan yetişdirilir.

Təsərrüfatda cem, mürəbbə, turşu və kompot istehsalı da həyata keçirilir. Məhsullar Azərbaycanın müxtəlif bölgələrində satılır, kompot və bəzi turşu növləri isə Rusiyaya ixrac edilir.
Rəftarə Şükürova 32 il ibtidai sinif müəllimi işlədiyini, altı il həm məktəbdə dərs dediyini, həm də təsərrüfatı idarə etdiyini, daha sonra isə bütün fəaliyyətini kənd təsərrüfatına yönəltdiyini bildirib.
Onun sözlərinə görə, bu gün təsərrüfat ailə biznesinə çevrilib. Həyat yoldaşı və oğlu fəaliyyətə yaxından dəstək verirlər. Oğlu istehsal sahəsinə rəhbərlik edir.
Təsərrüfat tamamilə damcı-suvarma sistemi ilə təmin olunub və gələcəkdə müasir texnologiyaların tətbiqi daha da genişləndiriləcək.

"Citrus Valley" ilin bütün fəsillərində turist qəbul edir. Payız mövsümündə ziyarətçilərin sayı daha da artır. Buraya məktəblər, müxtəlif təşkilatlar, turizm qrupları gəlir. Bəzi şirkətlər isə əməkdaşlarının istirahəti üçün mütəmadi olaraq təsərrüfatı seçirlər.
Hazırda burada gecələmə xidməti yoxdur. Lakin gələcək planlarda aqroturizm imkanlarının daha da genişləndirilməsi nəzərdə tutulur.
Meyvə mövsümündə ziyarətçilər bağda məhsulu özləri dərib dada, sonra isə yığdıqları meyvələri ödəniş etməklə özləri ilə apara bilirlər.
Təsərrüfat sahibi bildirib ki, bağda təhlükəsizlik daim nəzarətdə saxlanılır və bu illər ərzində nə işçilər, nə də qonaqlar arasında ilan sancması və ya buna bənzər hər hansı hadisə qeydə alınmayıb.








