Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində yolun çökməsi sürücülərin narahatlığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.
Görüntülərdə yolun müəyyən hissəsində çökmənin yarandığı və bunun nəqliyyat vasitələrinin hərəkətinə çətinlik yaratdığı görünür.
Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məsələyə aydınlıq gətirilib.
Qeyd olunub ki, Biləcəri qəsəbəsində Y.Hüseynov və Natəvan küçələrinin kəsişməsində diametri 800 mm olan tullantı su kollektorunda ötən gün qəza baş verib.
"Əraziyə dərhal briqada cəlb edilib. İlkin təhlükəsizlik tədbirləri görülərək ərazi çəpərlənib və müvafiq yol nişanları qoyulub. Xətdə baş verən qəzanın aradan qaldırılması üçün aidiyyəti üzrə işlərə başlanılıb. Hazırda da borunun qəzalı hissəsinin dəyişdirilməsi işləri davam etdirilir", - deyə məlumatda bildirilib.