"Gündə cəmi bir stəkan şəkərli qazlı içki qəbul edən insanların telomerləri qısalır. Bu isə hüceyrələrin təxminən 4-5 il daha tez qocalmasına bərabərdir və siqaretin telomerlərə mənfi təsiri ilə müqayisə oluna bilər".
Oxu.Az xəbər verir ki, bu fikirləri "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" verilişində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov səsləndirib.
Onun sözlərinə görə, şəkərin orqanizmə mənfi təsirinin ikinci mexanizmi dəridə baş verir və qlikasiya adlanır:
"Artıq şəkər qanda zülallara, xüsusilə kollagen və elastinə bağlanaraq onları sərtləşdirir. Nəticədə dərinin elastikliyi azalır, rəngi dəyişir və dərin qırışlar yaranır. Maraqlıdır ki, meyvə şirələrində və bəzi şirinləşdiricilərdə çox olan fruktoza bu prosesi adi şəkərdən təxminən yeddi dəfə daha sürətləndirir. Beləliklə, şəkər həm hüceyrələri daxildən, həm də dərini xaricdən qocaldır".
Mütəxəssis-ekspert bildirib ki, əlavə şəkər həm də orqanizmdə iltihab proseslərini gücləndirir:
"Artıq şəkər qanda iltihab göstəricilərini, o cümlədən yüksək həssaslıqlı C-reaktiv zülalın (hs-CRP) səviyyəsini artırır. Araşdırmalar göstərir ki, gündə 40 qramdan artıq əlavə şəkər qəbul edən insanlarda iltihab riski 50 faizdən çox yüksəlir. Burada əsas təhlükə meyvələrin tərkibindəki təbii şəkər deyil. Meyvələri rahatlıqla yemək olar, lakin meyvə şirələrinin həddindən artıq qəbulu məsləhət görülmür. Əsas məhdudlaşdırılmalı olan əlavə şəkər və şəkərli içkilərdir".
Emin Məmmədov qeyd edib ki, kifayət qədər su qəbulunun da bioloji qocalmanın ləngidilməsində mühüm rolu var. Onun sözlərinə görə, uzun müddət kifayət qədər su qəbul etməmək orqanizmin daha sürətli qocalmasına səbəb ola bilər.
Sonda mütəxəssis vurğulayıb ki, sağlam qocalmanın sirri mürəkkəb və ya bahalı üsullarda deyil:
"Əlavə şəkərin azaldılması, vitaminlərin məqsədəuyğun qəbulu, gündəlik fiziki aktivlik və kifayət qədər su içilməsi hər kəsin həyatına tətbiq edə biləcəyi sadə vərdişlərdir. Məhz bu kiçik dəyişikliklər uzunmüddətli perspektivdə bioloji yaşımıza ən çox təsir göstərən amillərdən biridir. Gənc qalmağın sirri çox vaxt aptekdə deyil, gündəlik həyat tərzimizdə gizlənir".