Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Yusif Mirzəyevin doğum günüdür.
Oxu.Az xəbər verir ki, o, 1958-ci il 23 may Naxıçıvanın Babək rayonunun Böyükdüz kəndində anadan olub. 1975-ci ildə İ.Səfərli adına 1 saylı məktəbi bitirib. 1988-ci illərdə Xalq hərəkatına qoşulur.
Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirdikdən (1987) sonra 1990-cı ilədək Bakı Mərkəzi Əmanət Bankında baş müfəttiş vəzifəsində işləyib.
Xalq hərəkatında iştirakına və 20 yanvar faciəsi günlərində fəaliyyətinə görə Bakı şəhər komendantı tərəfindən həbs edilib və vəzifəsindən uzaqlaşdırılıb.
1991-ci ilin noyabrında hərbi xidmətə çağırılan böyük leytenant Goranboy və Ağdərə uğrunda gedən döyüşlərdə şəxsi igidlik nümunələri göstərib. Yusif tez bir zamanda taborun ən ad-sanlı döyüşçülərindən birinə çevrilir. Yusif 14 nəfərlik dəstə ilə bütün əməliyyatlarda iştirak edirdi. Döyüşlərin birində mühasirəyə düşən bölüyü itkisiz azad edə bilib. Vəng kəndinin alınmasında xüsusilə fərqlənib. Yusif Mirzəyev 1993-cü il 19 fevralda Ağdərədə gedən qanlı döyüşlərdə mühasirəyə düşmüş döyüşçüləri xilas edərkən qəhrəmancasına həlak olub.
Ailəli idi, bir övladı yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı fərmanı ilə Mirzəyev Yusif Vəli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Naxçıvan şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Naxçıvan şəhərində büstü qoyulub. Bakının Nəsimi rayonundakı 44 saylı məktəbə qəhrəmanımızın adı verilib, qarşısında büstü qoyulub.