Azərbaycanda iyunun 2-si mülki aviasiyanın 76-cı ildönümü qeyd olunur.
Oxu.Az xəbər verir ki, 1938-ci il iyunun 2-də Azərbaycanda ilk aviasiya qrupu yaradılıb və 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə bu gün mülki aviasiya işçilərinin peşə bayramı kimi qeyd olunur.
Azərbaycanın mülki aviasiyası Ulu Öndər tərəfindən yaradılan möhkəm bünövrə üzərində qərar tutaraq, 2003-cü ildən özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Belə ki, 2004-cü ildə müasir standartlara uyğun Naxçıvan Beynəlxalq Hava Limanı, 2006-2011-ci illərdə bir-birinin ardınca Gəncə, Zaqatala, Lənkəran və Qəbələdə müasir aeroportlar istifadəyə verilib. Sərnişin və yük daşımalarının günün tələbləri səviyyəsinə çatdırılması üçün təyyarə və helikopter parkı yenilənib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun bu il aprelin 23-də açılışı olan yeni aerovağzal kompleksi isə uçuşların təhlükəsizliyinə daha etibarlı təminat yaradan, beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki nailiyyətlərin tətbiqinə imkan verib.
Bununla da ölkənin əsas hava limanının strateji əhəmiyyəti daha da artıb. Milli aviadaşıyıcımız olan “Azərbaycan Hava Yolları - AZAL”ın təyyarə parkında bu gün yetərincə “Airbus A-320”, “Boeing-757-200”, “Airbus A-319”, “Airbus A-340-500”, “Boeing-767-300ER” və “Embraer” kimi ən müasir avialaynerlər var. AZAL tezliklə aviaparkına “Boeing-787 Dreamliner” tipli müasir təyyarə də əlavə edəcək.
Bununla da, yaxın gələcəkdə uzaq Amerika qitəsinə, Cənub-Şərqi Asiya və Avropanın bir sıra ölkələrinə yüksək komfortlu və təhlükəsiz aviareyslər həyata keçirmək mümkün olacaq.
“Azərbaycan Hava Yolları”nın təyyarələri hazırda dünyanın 32 şəhərinə uçur. Nəhəng aviaşirkətə çevrilmiş AZAL yeni avialaynerlərin sayına görə MDB məkanında liderlərdən biridir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının mülki aviasiya işçilərinin peşə bayramı ilə əlaqədar, qurumun işçilərinə fəxri adlar verilməsi haqqında sərəncam imzalayıb.