Salyan rayonunun Aşağı və Yuxarı Noxudlu kənd məktəbləri qəzalı vəziyyətə düşdüyü üçün yüzlərlə şagird təhsilini Aşağı Kürkəndi kənd məktəbində davam etdirir.
Məktəblilər hər gün qonşu kəndə getmək üçün təxminən 10-15 kilometr məsafə qət etməli olurlar.
"Altı nəvəm bu məktəbdə oxuyur. Hamısı aşağı sinif şagirdidir. Uşaq məktəbə gedib, sancıdan halı pisləşib. Bu necə şəraitdir? Biz hansı vəziyyətdə yaşayırıq?!" - sakinlərdən biri şikayətini dilə gətirib.
"Körpə uşaqlardır, xəstəlik yayılıb, hamısı xəstələnib. Dərsə gedib-gələndən sonra görürsən ki, uşaq titrəyir", - başqa bir sakin deyib.
Şirvan-Salyan Regional Təhsil İdarəsinin sektor müdiri Rəvan Baxışov bildirib ki, Aşağı Noxudlu kənd tam orta ümumtəhsil məktəbinin inzibati-tədris binasının tikintisi ilə bağlı qərar verilib: "2026-cı ildə tikintiyə başlanılacaq. Yuxarı Noxudlu məktəbinin binasının da 2026-cı ildə əsaslı təmir olunması barədə qərar verilib".