Ötən gecə Tərtərin Qapanlı kəndi yenidən Ermənistan Silahlı Qüvvələri tərəfindən iriçaplı silahlarla atəşə tutulub.
Oxu.Az TTV-yə istinadən xəbər verir ki, bu zaman kənddə çəkiliş aparan jurnalistlər atılan güllələrdən çox çətinliklə yayına biliblər.
Onların arasında El Televiziyasının əməkdaşları Daşqın Abdullayev və Ziya İsmayılov da olub.
Ermənistan hərbi birləşmələri ötən gecə saat 3 radələrində Tərtərin Qapanlı kəndini iriçaplı silahlarla atəşə tutdular. Həmin vaxt ərazidə çəkiliş aparan jurnalistlər də atəşə məruz qaldılar. Güllələr onların ayaqları altına düşdü. Bu zaman jurnalistlərdən xəsarət alan olmasa da, onlar çətin anlar yaşadılar. Jurnalistlər kəndin mərkəzindəki köhnə tikiliyə girərək güllələrdən yayına bildilər.
Qeyd edək ki, Qapanlı kəndinin atəşə tutulması zamanı yaşayış evlərinə və digər tikililərə də ziyan dəyib.