Səhər saat 07:00. Biz tarixi zəfərin izi ilə Zəngilana yola düşürük. 30 ilə yaxın bir həsrət sona çatıb və doğma Qarabağ bölgəsinə gedirik.
Media nümayəndələri olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə işğaldan azad edilmiş Zəngilan rayonuna səfər edirik.
Avtobusa əyləşirik. Hamımız həyəcanlıyıq. Zəngilana uzanan yolun tez bitməsini, 30 il həsrətində olduğumuz Vətən torpağına daha tez çatmaq istəyirik.
Yolboyu Füzuli, Cəbrayıl ərazisində ermənilərin vandallığının şahidi oluram. Bu görüntüləri videolarda, fotolarda görmüşəm. Amma canlı şahidi olduğum həqiqəti, erməni barbarlığını gördükdə hiss etdim ki, foto və videolar gerçəyi yansıtmır. 100 eşitməkdənsə, bir görmək yaxşıdır ifadəsi bu məqamda öz yerini tapır. Avtobus doğma Qarabağ torpağına irəlilədikcə bu barbarlığın miqyası daha çox görünür.
Zəngilan da digər işğal olunan torpaqlarımız kimi mənfur düşmən tərəfindən xarabalığa çevrilib.
Nəhayət, Şərq çinarının vətəninə çatırıq. Zəngilan yazısını görən zaman ürəyimdən bu sözlər keçir: “Bu vandallığın içində qalsan da, sağsan. Əsas da budur. Dirçələcəksən!”
Zəngilanda ilk olaraq Şərq çinarı əkirik. Elə Şərq çinarını vətəninə qovuşdurmaq naminə.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində jurnalist həmkarlarımız ilə birlikdə işğaldan azad olunan Zəngilan rayonunda tinglər əkdik.
Ərazinin torpaq-iqlim şəraitinə uyğun 500 ədəd müxtəlif cinsli ağac əkildi. Həmçinin palıd, şərq çinarı və tut ağacının toxumları əraziyə səpildi.
İstəyirəm ki, əkdiyimiz ağaclar Vətənin yaralarını sarısın. Qoy, bu ərazilər yaşıllığa çevrilsin! Bəlkə o zaman həsrətin ağrısı azalar.
Elə Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bu məqsəd, bu amal uğrunda çalışır. Nazir müavini Firdovsi Əliyevin sözlərinə görə, bu işdə bir sıra çətinliklər mövcuddur:
“Təəssüf ki, hər şey bizim iradəmizdən asılı deyil. Ərazilərin çoxu minalanıb. Ərazilər minalardan təmizləndikcə, ağac əkmə aksiyalarımız davam edəcək. Ermənilərin təbiətimizə vurduğu yaraların qısa bir zamanda sağalması istiqamətində hamımız səfərbər olmalıyıq”.
O qeyd edib ki, mənfur düşmən ölkəmizin faydalı yataqlarını da talayıb:
“Bizim qurub yaratdığımız evlərdə 30 il yaşadılar və gedəndə oranı yandırdılar. Bu illər ərzində 100 min hektar ərazidə yanğınlar törədib, flora və faunamıza ciddi ziyan vurublar. Bununla bağlı araşdırma aparılır. Bu məsələ ilə bağlı beynəlxalq qurumlar qarşısında məsələ qaldırılacaq. İşğaldan azad olunan torpaqlarımızda ekologiyaya dəymiş ziyanın hesablanması ilə bağlı müvafiq işlər görülür”.
Daha sonra avtobus Zəngilan şəhərinə hərəkət edir.
Burada da vəziyyət eynidir viran qalmış yurdlar, dağıdılmış evlər...
Oxçuçay üzlük daşı yatağının Alabaşlı sahəsinə səfər edirik. Buradan axan Oxçuçay Ermənistan tərəfindən axıdılan kimyəvi maddələrlə çirkləndirilib, balıqlar məhv olub.
Nazirliyinin nümayəndəsi Mehman Nəbiyev bildirib ki, Oxçuçayın mənbəyində yerləşən Kacaran mis-molibden saflaşdırma kombinatının tullantıları, eyni zamanda, məişət çirkab suları təmizlənmədən çaya axıdılır:
“Bu da həmin çayda ağır metalların normadan artıq olmasına səbəb olur. ETSN tərəfindən çaylarda aparılan monitorinqlər göstərir ki, bu çayın çirklənməsi digər sərhəd çaylarından daha çoxdur”.
Çayın sahilində çiçək açmış ağacları, daşların arasından özünə yer edib çıxan çiçəkləri görəndə torpaqlarımızın cənnətə çevriləcəyinə ümidimiz daha da artır.
Zəngilan səfərimiz çərçivəsində gedəcəyimiz son məkana yaxınlaşırıq. Rayon ərazisindən keçən Bəsitçayın sahilinə.
Zəngilan rayonunda iki xüsusi mühafizə olunan ərazi yerləşir. Onlardan biri Bəsitçay Dövlət Təbiət Qoruğu, digər isə Arazboyu Dövlət Təbiət yasaqlığıdır.
Təəssüf ki, erməni vandalları Bəsitçay qoruğunda da çoxillik çinar ağaclarını kəsib, məhv ediblər.
Qoruğun ümumi sahəsi 107 hektardır. Qoruq unikal ekosisteminə görə fərqlənir. Bura Şərq çinarlarının təbii halda bitdiyi ən böyük ərazidir. Bu ərazinin 100 hektarı Şərq çinarları, qalanı isə qarışıq meşəlik olub.
Təbii ki, ermənilərin burada həyata keçirdiyi ekoloji terror meşə təsərrüfatına birbaşa ziyan vurub.
Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, işğal dövründə erməni vandalizmi nəticəsində 42,8 ha meşə sahəsi məhv edilib.
O əlavə edib ki, Arazboyu Dövlət Təbiət yasaqlığı isə 2200 hektar ərazini əhatə edir:
“Yasaqlığın yaradılmasında məqsəd Arazboyu Tuqay meşələrinin qorunması olub. Hazırda olan məlumata görə, həmin ərazidə 1500 hektaradək Tuqay meşələrinin məhv edildiyi məlumdur”.
Burada yaşı təqribən 200-300 il olan Çinar ağacları kəsilib, kökü, oduncağı yandırılıb.
Zəngilandan yenidən geri dönmək üçün ayrılırıq. Qoy yeni əkilən fidanlar Vətən torpağının düşmənin darmadağın etdiyi bağrını bərpa etsin, yurdumuzun yaralarını sağaltsın.
İlhamə Əbülfət
FOTO: Ramil Yunus
Rəylər