Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Doğum günü olan şəhidlər - FOTO
44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın işğal atlında olan torpaqlarını azad edən qəhrəman şəhidlərimizdən bu gün 10 nəfərin doğum günüdür.
Oxu.Az Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir:
MAHHXHQ əsgər Əliyev Pərvin Vüqar oğlu 1997-ci il oktyabrın 15-də Beyləqan rayonunun Qəhrəmanlı kəndində dünyaya gəlib. O, müddətli həqiqi hərbi xidmətə yollanıb və Vətənə borcunu kəşfiyyatçı kimi yerinə yetirib.
P.Əliyev Vətən müharibəsi zamanı qrupun rabitəçisi olub. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən Vətən müharibəsində Talış-Suqovuşan istiqamətində gedən döyüşlərə qatılan P.Əliyev elə ilk gündə şəhidlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Pərvin Əliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
MAHHXHQ əsgər Eldarzadə Azər İsmixan oğlu 1994-cü il oktyabrın 25-də Göygöl şəhərində anadan olub. 2000-2011-ci illərdə Göygöl şəhəri 4 saylı tam orta məktəbdə təhsil alıb. O məktəbi bitirərək 2012-ci ilin oktyabrında müddətli həqiqi hərbi xidmətə yollanıb.
2014-cü ildə hərbi xidmətini başa vurduqdan bir neçə ay sonra könüllü olaraq hərbçi olmaq üçün müraciət edib və döyüş bölgəsini seçərək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi ordu sıralarına yazılıb.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinə qatılıb. O, oktyabrın üçündə Göygöl rayonu Toğanalı kəndi istiqamətində düşmənlə təmas xəttində hərbi əməliyyatları yerinə yetirən zaman həlak olub. Şəhidimiz Göygöl şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Prezident İlham Əliyevin Sərəncamlarına əsasən, ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Əsgər Həsənov Məharət Ramil oğlu 1987-ci il oktyabrın 25-də Şirvan şəhərində anadan olub. 1994-cü ildə təhsilinə Şirvan şəhər Mübariz İsrayilov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəb-liseyində başlayıb.
2002-ci ildə 9-cu sinfi bitirən M.Həsənov 2005-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
O, Tərtər rayonunun N saylı hərbi hissəsində manqa komandiri kimi xidmət edib. Məharət Həsənov 2007-ci ilin iyul ayında həqiqi hərbi xidmətini başa vurub. 2013-cü ilin aprel ayında ailə həyatı qurub. Vətən müharibəsi başlayan zaman Məharət Həsənov da orduya ilk könüllü yazılan gənclərin sırasında olub.
Nəhayət sentyabrın 29-da döyüşə yollanan M.Həsənov oktyabrın 15-də döyüş tapşırıqlarını yerinə yetirən zaman şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Məharət Həsənov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Əsgər Hüseynov Mirəli Arif oğlu 1996-cı il oktyabrın 15-də Ağcabədi rayonunda dünyaya gəlib. M.Hüseynov müddətli həqiqi hərbi xidmətini snayperçi kimi yerinə yetirib.
İgidimiz oktyabrın 28-də Füzulinin işğaldan azad olunması uğrunda gedən şiddətli döyüşlərdə şəhadətə yüksəlib.
M.Hüseynov doğulduğu Ağcabədi rayonunun Şəhidlər Xiyabanında dəfn edilib. Şəhidimizin Vətənə əmanət bir oğul övladı qalıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Mirəli Hüseynov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Əsgər İbadlı Araz Babəli oğlu Lənkəran rayonu Gəgiran kəndində anadan olub. Sentyabrın 28-dən etibarən Vətən müharibəsində iştirak etmək üçün ön cəbhəyə yollanıb.
A.İbadlı Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edərək döyüş tapşırıqlarını uğurla yerinə yetirib. Oktyabr ayında ailəsi ilə bir dəfə əlaqə saxlayıb, hər şeyin yaxşı olacağını deyib. Noyabr ayının 13-də Arazın şəhid olması xəbəri ailəsinə verilib.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Araz İbadlı ölümündən sonra “Vətən uğrunda”, “İgidliyinə görə” medalları ilə təltif edilib.
Kiçik gizir Məmmədov Anar Zəhəddin oğlu 1992-ci il oktyabrın 25-də Saatlı rayonunun Azad kəndində anadan olub. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kiçik giziri olan Anar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Anar Məmmədov oktyabrın 17-də Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Anar Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Əsgər Məmmədov Röyad Famil oğlu 2000-ci il oktyabr ayının 25-də Masallı rayonunun Mahmudavar kəndində anadan olub. İlk təhsilini Mahmudavar kənd tam orta məktəbində alıb.
2018-ci ildə orta məktəbi bitirdikdən sonra Qərbi Kaspi Universitetinin nəzdində yaradılmış Qərbi Kaspi Kollecində bir ay təhsil aldıqdan sonra müddətli həqiqi hərbi xidmətə çağırılır. Röyad Məmmədov 2018-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Tovuz rayonunda yerləşən N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub.
Röyad Məmmədov 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Füzuli və Şuşa istiqamətində gedən döyüşlərdə vuruşub. Röyad Məmmədov noyabr ayında Laçından Şuşaya gedən yolu ələ keçirmək üçün verilən döyüş əməliyyatlarını yerinə yetirən zaman şəhid olub.
Şəhidimiz noyabrın 11-də Masallı rayonunun Mahmudavar kəndində dəfn olunub.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Röyad Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Əsgər Mustafayev Elvin Qiyas oğlu 1993-cü ildə Gədəbəy rayonu Çalburun kəndində anadan olub. 2000-2012 illərdə Çalburun kənd tam orta məktəbində təhsil alıb. 2012-2013-ci illərdə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Ötən ilin sentyabr ayının 27-də Vətən müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına yazılıb. Döyüş tapşırıqlarını uğurla yerinə yetirən Elvin Mustafayev 27 oktyabr 2020-ci ildə Zəngilanın işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Elvin Mustafayev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Leytenant Piriyev Səttər Fuad oğlu 1998-ci il oktyabrın 25-də Quba rayonunun Zərdabi qəsəbəsində anadan olub. 2004-2012-ci illərdə B.Şıxəmirov adına Zərdabi qəsəbəsi tam orta məktəbində, 2012-2015-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb.
Səttər Piriyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən N saylı hərbi hissəsində “leytenant” hərbi rütbəsində xidmət edib.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
S.Piriyev noyabrın 7-də Xocavənd döyüşləri zamanı “Qızılqaya” və “Üçtəpə” adlandırılan ərazilər istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhidimiz Quba rayonunda torpağa tapşırılıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Səttər Piriyev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
MAHHXHQ əsgər Quliyev Tural Mustafa oğlu 1995-ci il oktyabrın 25-də Yevlax şəhərində anadan olub. O, 2020-ci il sentyabrın 9-da müddətli həqiqi hərbi xidmətə yollanıb. Tural Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.
T.Quliyev oktyabrın 1-də Goranboy rayonu, Murov yüksəkliyi istiqamətində aparılan hərbi əməliyyatlar zamanı aldığı qəlpə yaralarından şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Tural Quliyev ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Könül Cəfərli
"Ağcabədi" teqi üzrə xəbərlər
- Ağcabədidə qadının boğazı kəsildi - 16 yaşlı oğlu və kürəkəni saxlanıldılar
- Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru vəzifəsindən ayrılıb
- Ağcabədidə dəm qazından boğulma: Bir nəfər öldü, digəri xəstəxanalıq oldu
- Ağcabədidə çətənə bitkisinin kultivasiyasını təşkil edən şəxs saxlanılıb
- Ağcabədidə yük maşını sexə çırpıldı
Rəylər