Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Dört il insdut oxi axtdada gə afsand iştə"
Kubra Məhərrəmova yazır...
Yəqin, yadınızda olar bu əhvalat. Bəlkə də, əfsanədir.
Deyilənə görə, dahi ədib Mirzə Ələkbər Sabir şeirlərini çap etdirmək istəyir. Amma buna maddi imkanı olmur. Şeirlər kitabını çap etdirmək üçün kimə müraciət edirsə, bəylər 40 dəsmalla ağlayırlar ki, "bəs dünən gəlsəydin verərdim, bütün pulu ticarətə yatırmışam". Əl-qərəz, erməni qadınları Sabirə para verirlər ki, get çap elə. Çünki Sabir dövrünün və millətinin bütün eybəcərliklərini açıb tökmüşdü.
Yeri gəlmişkən, 1908-ci il aprelin 11-də Bakı quberniyasının ruhani idarəsində imtahan verən şair mayın 7-də Tiflisə gedir, Qafqaz Şeyxülislamı İdarəsindən ana dili və şəriət müəllimi diplomu alır. Bir müddət Şamaxı məktəblərindən birində köməkçi müəllim işləyir. Yəni dediyim odur ki, bineyi-qədimdən müəllimlər dərs keçmək üçün imtahan veriblər.
Sonra şair "Ümid" məktəbi açır ki, orada da şagirdlərə ana dili, fars dili, (indinin ingilis dili qədər vacib olan), hesab və coğrafiya fənni tədris edilir.
İndi qayıdaq bu günümüzə. İndi elmimiz nə dərəcədədir, onu Allahdan başqa heç kim bilmir. Çünki gündə üç dəfə yeməkdən sonra təhsil sisteminə demədiyimiz qalmır. Bəzi məktəb direktorları min cəhdlə çalışsalar da, məktəbin baş-ayağını yığa bilmirlər. Elə ki, savadsız müəllimləri işdən azad etmək istəyirlər, bu "müəllimlər" daş atıb başlarını tuturlar ki, 40 ilin müəllimlərini niyə çölə atırsınız? Nəticədə də şagirdlər narazı, valideynlər narazı, müəllimlər narazı, axırda da Təhsil Naziri narazı.
Çox mürəkkəb vəziyyət odur ki, ölkə əhalisinin bu və ya digər şəkildə ən çox iştirak etdiyi prosesdə hamı bir-birinə düşmən gözü ilə baxır.
Nə yalan deyim, heç kimə sirr deyil ki, uşaqlar məktəbəqədər kurslara, məşğələlərə gedirlər ki, məktəbə qəbul olsunlar. Uşaq bu get-gəldən, valideyn də pul tökməkdən bezir.
Axır min zillətlə uşaqlar ali məktəblərə daxil olurlar. Orada da başqa məşəqqət başlayır. Müəllimlər də ötən əsrin kitablarını gətirib tökürlər tələbələrin qarşısına ki, götürün oxuyun. Biz belə oxumuşuq.
Onu da deyim ki, tələbələrin çoxu da imam övladı deyil. Əsas heyətin məqsədi 4 il hərbi xidmətdən yayınmaqdır ki, ondan sonra bir il xidmət çəksinlər. Qızlar da onlardan dala qalmırlar. Nəticə göz qabağındadır. Məhz həmin kadrlar da müəllimlərin sertifikasiya imtahanından elmə məlum olmayan nəticə əldə ediblər.
Yəni bir adam 11 il məktəbdə, 4 il də ali məktəbdə oxusun, sonra da təklik, onluq, yüzlük, minlik nədir onu anlamasın... Sabirin bişirdiyi sabun tiyanına and olsun ki, soruşsanız ki, hansı bank hansı faizlə hansı krediti verir, bank işçisindən daha yaxşı çıxdaş edib qoyarlar ortaya.
İndi sual budur ki, hansı məqamda bu qədər savadsız kadr-müəllim gəlib düşdü məktəbə, oradan da bizim canımıza? Sistem harada səhvə yol verdi?
Pulla, rüşvətlə illər əvvəl məktəbə işə qəbul olunanlar (hansı ki, ən bəsit bilikləri yoxdur və hər dəfə bunu canla-başla sübut edirlər) görəsən neçə nəsil məktəblinin evini yıxıb? Yəni ümumilikdə neçə yüz min şagird bilik baxımından topal-şikəst olub? Bunu hesablayacaq bir formul, düstur olsaydı bilərdik ki, ay xalq, ay millət bizdə 20-30 il keyfiyyətli kadr olmayacaq.
Gedək xaricdən özümüzə kadr gətirək ki, heç olmasa indi birinci sinfə gedəcək uşaqların həyatı məhv olmasın? Bu uşaqların da təhsili bərbad olacaqsa, vay halımıza...
İndi keçirəm başqa məsələyə. Bir adamın ki, savadı yoxdur, o özündə necə cürət tapır sinif otağına girməyə? Nədir bu hünəri ona verən? Gizlincə "fond pulları"nın yığılmasımı, yoxsa valideynin üstünə hədə-qorxu gəlib "uşağın zəifdir, göndər yanıma, hazırlaşdırım" deməsimi, yoxsa yuxarı səviyyələrdə onları himayə edənlərin "qüdrətli" olmalarımı?
Heç kimə sirr deyil ki, məktəb direktoru olmaq üçün yuxarıda adamın, bir də pulun olmalı idi.
Ha fırlat, bu direktor da bir müddət əvvəl elə həmin məktəbdə müəllim işləyib də. Bəlkə fikirlərim oxucuya qarışıq gələ bilər, amma tablo ondan ibarətdir ki, eyni qazandan çıxan məhsuldur hamısı.
Arada isə şagirdlərin başı gedir. Lap Osmanlı dövrünün saray intriqaları kimi. Müəllimlərin məktəbdə öz koalisiyaları, qrupları, müqavimət dəstələri və s. olması heç kimə sirr deyil. Hər gün şəxsən mənə ən müxtəlif məktəblərdə təhsil alan şagirdlərin valideynləri uşaqlarının məhz müəllim və məktəb rəhbərliyi tərəfindən bulinqə məruz qalması barədə məlumat verirlər. Yazıb ağartmaq istəyən məqamda isə valideyn övladının sonrakı taleyindən nigaran qalaraq, şikayətini geri çəkir. Çünki hələ uşağı 5-7 il həmin məktəbdə təhsil almalıdır. Beləcə bu qara dairə açılmır ki, açılmır.
İndi prosesdən narazı qalan Elm və Təhsil Nazirliyi də bunları çıxdaş etmək üçün imtahan keçirir. Ən asan və bəsit suala 1209 müəllim ya səhv cavab verib, ya da boş qoyub.
Ümid edirəm, savadsız müəllimlərin məktəbdə yerləri həqiqətən də boş qalar.
Yazıq bu illər ərzində kor, topal təhsil sisteminin qurbanı olan körpələrə.
"Dört il insdut oxi axtdada gə afsand iştə" sitatın sonu.
Rəylər