"Prezident İlham Əliyevin səhiyyə sisteminin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı imzaladığı sərəncamı ölkədə aparılan institusional islahatların məntiqi davamı, səhiyyənin idarə edilməsində yeni mərhələyə keçidin mühüm göstəricisidir".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova deyib.
O bildirib ki, bu qərarın mahiyyəti yalnız idarəetmə strukturunun dəyişdirilməsi ilə məhdudlaşmır:
"Burada əsas məqsəd səhiyyə sistemində vahid strategiyanın, koordinasiyanın və məsuliyyət mexanizmlərinin gücləndirilməsi, nəticə etibarilə tibbi xidmətlərin keyfiyyətinin və vətəndaş məmnunluğunun yüksəldilməsidir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaradılması öz dövrünün tələblərindən irəli gələn zəruri addım idi. İcbari tibbi sığortaya keçid dövlət tibb müəssisələrinin maliyyələşmə mexanizmlərinin yenilənməsini, xəstəxanaların idarəçilik modelinin müasirləşdirilməsini və yeni iş prinsiplərinin tətbiqini tələb edirdi. Bu baxımdan TƏBİB dövlət tibb müəssisələrinin yeni sistemə uyğunlaşdırılması, idarəetmədə çevikliyin artırılması və xidmətlərin təşkili sahəsində ayrıca mexanizmin formalaşdırılması baxımından mühüm rol oynadı.
İndi isə səhiyyə sisteminin qarşısında duran vəzifələr daha geniş və kompleks xarakter daşıyır. Keçid mərhələsində formalaşdırılmış idarəetmə təcrübəsinin vahid strateji yanaşma əsasında birləşdirilməsi zərurəti yaranıb. TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi bu baxımdan idarəetmədə parçalanmanın aradan qaldırılması, təkrarlanan funksiyaların azaldılması və səhiyyə siyasətinin vahid mərkəzdən əlaqələndirilməsi üçün yeni imkanlar yaradır. Səhiyyə sahəsində qərarların qəbulu, onların icrası və nəticələrinə görə məsuliyyət arasında daha aydın əlaqənin qurulması həm idarəetmənin səmərəliliyini, həm də sistemin hesabatlılığını gücləndirə bilər. Ən başlıcası, tibbi xidmətlərin keyfiyyətinə, maliyyə resurslarından istifadəyə və xəstələrin hüquqlarına vahid yanaşmanın təmin olunması üçün daha əlverişli institusional zəmin formalaşır", - deputat vurğulayıb.
Parlamentari hesab edir ki, bu islahatın real nəticəsi yalnız idarəetmə pillələrinin dəyişməsi ilə ölçülməməlidir:
"Əsas meyar vətəndaşın həkimə əlçatanlığı, xəstəxanalarda xidmətin keyfiyyəti, tibbi personalın peşəkar fəaliyyətinə yaradılan şərait və ayrılan maliyyə vəsaitlərinin səmərəliliyidir. Rəqəmsal sistemlərin inteqrasiyası, tibb təhsili ilə səhiyyənin real ehtiyacları arasında əlaqənin gücləndirilməsi, keyfiyyətə nəzarətin vahid meyarlar əsasında qurulması bu dəyişikliklərin mühüm istiqamətləri olmalıdır. Prezidentin fərmanı məhz belə bir sistemli yanaşma üçün institusional zəmin yaradır.
İndi əsas məsələ qəbul edilmiş qərarın ardıcıl və səmərəli icrasıdır. İdarəetmənin mərkəzləşdirilməsi özlüyündə uğurun təminatı deyil, onun üstünlüyü yalnız daha çevik qərarlarda, güclü məsuliyyətdə və insanların gündəlik həyatında hiss olunan müsbət dəyişikliklərdə üzə çıxır.
Səhiyyə islahatlarının son ünvanı vətəndaş olmalıdır. Çünki insan sağlamlığından daha vacib dəyər yoxdur və dövlət səhiyyəsinin uğuru ilk növbədə hər bir vətəndaşın keyfiyyətli tibbi xidmətə inamında, əlçatanlığında və məmnunluğunda təcəssüm etməlidir", - E.Akimova fikrini tamamlayıb.