Yay, əlbəttə ki, gözəl fəsildir. Amma amansız istilər hər zaman diqqətli olmağımızı tələb edir.
Oxu.Az qızmar istilərdə meydana gələcək problemlərdən qorunmaq üçün bir neçə məsləhəti təqdim edir:
Bol maye içmək lazımdır.
İstilərdə istifadə edilən mayenin miqdarını artırmaq lazımdır. Üstünlüyü isə qazsız, tərkibində az miqdarda duz olan mineral sulara versəniz daha yaxşı olar. Çünki insan orqanizmi isti havada yalnız maye deyil, eləcə də mineral duzları itirir. Müalicəvi mineral suyu (1 litrdə 10 q-dan çox duz olan suyu) yalnız həkim məsləhəti ilə qəbul etmək lazımdır.
Susuzluğu yatırmaq üçün ideal içki isə - limonlu sudur: bir stəkan suya limonun dörddə birini sıxaraq için.
İsti yay günündə açıq dəmli kəmşirin çay içmək də xeyirlidir, limon əlavə etmək olar. Qara və ya yaşıl çay, fərq etməz. Ən yaxşısı isə bitki çayıdır. İsti çay susuzluğu soyuq çaydan daha tez yatırır, çünki o, 20 dəqiqə sonra orqanizm tərəfindən sovrulur, bütün bu müddət ərzində isə insan su içmək istəyir. Susuzluğu süd məhsulları da yatırır – ayran, kefir, qatıq və s.
Şirə və nektarlar isə təbii olmalıdır, təzə sıxılmış, ən yaxşı halda isə su ilə qarışdırılması məsləhətdir.
Şirin qazlı sular isə nəinki susuzluğu yatırmır, əksinə, daha da çox susuzluq yaradır. Bütün spirtli və kofein tərkibli içkilər isə ürəyi və damarları yükləyərək, orqanizmdə su azlığına gətirib çıxara bilər. İsti havalarda qəhvədən, ümumiyyətlə, imtina etmək və ya onu yalnız səhərlər içmək məsləhət görülür.
Daha çox səhər maye qəbul edin – bu, orqanizmdə su ehtiyatının yaranmasına imkan verəcək. Gün ərzində isə suyu az miqdarda müntəzəm içmək lazımdır.
Amma müəyyən həddi gözləmək lazımdır. Mayenin həddən artıq qəbulu ürəyə və böyrəklərə zərərdir. Hamiləlik, hipertoniya, ürək çatışmazlığı, böyrəklərin fəaliyyətinin pozulması zamanı xüsusilə diqqətli olmaq lazımdır. Əgər susuzluqdan əziyyət çəkirsinizsə ağzınızı bir azca duz əlavə edilmiş su ilə yaxalayın.
Günvurma.
Uzun müddət havada başıaçıq gəzmək günvurma, beyində qan dövranının kəskin şəkildə pozulması ilə nəticələnə bilər. Ona görə də qızmar yay günlərində saat 11:00-dan 17:00-a qədər günəşin altında olmamağa çalışın.
Günvurmanın yüngül hallarında baş gicəllənməsi, zəiflik, baş ağrıları, göz qaralması müşahidə edilir. Daha ağır halda qıcolmalar olur, üzün dərisi öncə qızarır, sonra isə bəyazlaşa bilər, nəbz və nəfəsalma tezləşir, qaytarma olur, hərarət 38-39 dərəcəyə qalxır. Zamanında tədbir görülməsə huşunu itirmə baş verir, intensiv qaytarma hərarət isə 42 dərəcə və daha çox olur, nəbz zəifləyir, nəfəs daralması ola bilər, ürək fəaliyyəti isə pisləşir. Bu vəziyyət hətta ölümlə belə nəticələnə bilər.
İlkin yardım: zərərçəkən təcili surətdə kölgəli sərin yerə aparılmalı, kürəyi üstə uzanmalı və başı bir qədər hündürə qaldırılmalıdır, yaxasını açmaq, əgər boynunda qalstuk varsa mütləq çıxarmaq, başına buz qoymaq, su vermək və üzünə islaq dəsmal qoymaq lazımdır. Nəfəs alma pozulduqda isə pambığa naşatır spriti vurub bir neçə dəfə ehtiyatla zərərçəkənin burnuna yaxınlaşdırmaq lazımdır. Həkim çağırmağı unutmayın.
İstivurma.
Bu, günvurmadan daha tez alınması mümkün olan zərbədir. İstivurma orqanizmin ümumi qızması nəticəsində, adətən açıq havada yox, əksinə qapalı məkanda baş verən bir haldır. Bu çox qida, spirtli içki qəbul etdikdə, həddən artıq isti geyimdə olduqda, fiziki iş, yorğunluq, orqanizmdə su çatışmazlığının nəticəsində meydana gəlir.
İstivurma daha çox uşaqlarda və yaşlılarda yaranır. Xüsusilə yeni doğulan və bir yaşına qədər olan körpələr risk altında olur.
Günəşdən yanmalar.
Günəşlənməyin də öz qaydaları var, dərinizin qaralmasını istəyirsinizsə bunu saat 16:00-dan sonra etmək daha məqsədəuyğundur. Günəşdən yaranan yanıqlar adi yanıqlardan fərqlənmir, müvafiq olaraq müalicəsi də termik yanıqlarla eynidir. Yüngül hallarda günəş yanmaları üçün vasitələr, efir yağları (çobanyastığı, qızılgül), E vitaminli kremlərdən istifadə edilir.