Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Gəncə Dövlət Universitetinin rektorunun işi niyə təftiş olunur? - RƏSMİ CAVAB
Kütləvi informasiya vasitələrində yayılan xəbərə görə, Elm və Təhsil Nazirliyi tərəfindən Gəncə Dövlət Universitetində yoxlamalara başlanılıb.
Bununla bağlı universitetin Mətbuat Xidmətinin rəhbəri Günay Məmmədova Oxu.Az-a açıqlamasında bildirib ki, beş ildən bir Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş qrafik üzrə hər bir ali təhsil və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası həyata keçirilir, Gəncə Dövlət Universitetində aparılan yoxlamalar da bununla bağlıdır:
"Yəni Gəncə Dövlət Universitetində aparılan yoxlama, sadəcə, rektorun fəaliyyəti ilə bağlı deyil, ümumilikdə universitet əməkdaşlarının fəaliyyəti ilə bağlıdır. Yoxlama zamanı rektor da daxil olmaqla dekanların, kafedra, şöbə müdirlərinin və s. sənədlərinə baxış keçirilir, sənədlərin uyğunluğu yoxlanılır".
Günay Məmmədova əlavə edib ki, Elm və Təhsil Nazirliyinin Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli KQ-05 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları" əsasında 2024-cü il üçün GDU-nun akkreditasiyası həyata keçirilir:
"Akkreditasiya prosesi Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən aparılır. Qəbul olunmuş dövlət təhsil standartlarına, təhsil sahəsinə aid digər normativ-hüquqi aktların tələblərinə uyğunluğu yoxlamaq üçün TKTA-nın komissiyası universitetin özünütəhlil hesabatının əsasında təhlillər aparır.
GDU qarşıdakı beş il müddətində ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları" əsasında fəaliyyətini davam etdirməyi və mövcud fəaliyyətləri daha da təkmilləşdirməyi planlaşdırır".
Onun sözlərinə görə, yekun mərhələdə universitetin növbəti beş il ərzində fəaliyyət göstərməsinə əsas verən şəhadətnamənin alınması üçün nazirliyin Akkreditasiya Şurası qarşısında komissiya tərəfindən vəsatət qaldırılması gözlənilir.
"Yoxlamalar hazırda davam edir. Tələbələr danışdırılırlar. Yoxlama bitdikdən sonra nəticə Elm və Təhsil Nazirliyi tərəfindən elan olunacaq", - deyə o qeyd edib.
Aytac Qasımova
Rəylər