Hüquqşünas Şəhla Hümbətovanın Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti tərəfindən “Cəsarətli qadınlar” beynəlxalq mükafatına layiq görülməsi ilə bağlı son günlərdə Kütləvi İnformasiya Vasitələrində yazılarla rastlaşırıq.
Əslində, bir Azərbaycan vətəndaşı olaraq bu hadisə qürurverici haldır. Çünki bir Azərbaycan vətəndaşının beynəlxalq səviyyədə mükafatlandırılması insanda sevinc yaradır.
Lakin qeyd olunan mükafatın təyinatı və məqsədi ilə maraqlandıqda, heç də sevindirici olmayan hallarla rastlaşırsan. Belə ki, xanım Şəhla Hümbətovaya hansı əsaslarla və göstərdiyi hansı cəsarətli addımına görə, bu mükafatın verilməsi insanda maraq oyadır.
Vəkil olduğu zamanlarda heç də cəsarətli addımları, həmçinin keyfiyyətli hüquqi yardımla bağlı fərqlənməyən şəxsə belə bir mükafatın verilməsi və bunun belə səs-küylə qarşılanması hadisənin səmimiliyinə çox şübhə yaradır.
Çünki Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti kimi ciddi təşkilatın Azərbaycan Respublikasında vəkilliyə belə diqqətlə yanaşması əslində, bu sahəyə qayğı və maraq kimi qarşılanmamalıdır. Bu, dövlətin daxili işinə qarışmaq, onun mövcud hüquqi islahatlarına kölgə salmaq, vəkillik institutunun uğurlarını ləkələmək niyyəti daşıyır. Çünki ölkədə tanınmış, öncül, həm milli, həm də beynəlxalq cəmiyyətdə tanınmış vəkillərə bir vərəqlik təşəkkür belə ünvanlamamış təşkilatın birdən-birə bu addımı təəssüf hissi yaradır. Həm qadın, həm də kişi vəkillərin adlarını çəkib öyünə biləcəyimiz Azərbaycan vəkilliyinin müdrik simalarından mərhum Elton Quliyevin adını səsləndirmək kifayət edər.
İndi isə qayıdaq əsas məsələyə. Şəhla Hümbətovanın 27 noyabr 2019-cu il tarixində Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkillik fəaliyyətinin dayandırılması və onun Kollegiya üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul olunub.
Qərarın qəbul edilməsinə səbəb vəkil Şəhla Hümbətovanın məhkəməyə saxta sübut təqdim etməsi, ictimai iaşə müəssisələrində ərizəçidən pul alması, məhkəmə iclasında üzrsüz səbəbdən iştirak etməməsi və Vəkillər Kollegiyasına ödənilməli olan üzvlük haqqını 6 aydan artıq müddətdə ödəməməsidir (Qeyd: “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respbulikasının Qanununa əsasən, vəkil tərəfindən üzvlük haqqının altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödənilməməsi onun fəaliyyətinə xitam verilməsi üçün əsasdır).
İşin hallarına gəldikdə qeyd olunmalıdır ki, vətəndaş R.Q. vəkil Şəhla Hümbətovanın intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı müvafiq tədbirlər görülməsi üçün ərizə ilə Rəyasət Heyətinə müraciət edərək, məhkəmədə iştirak və sorğular üçün cəmi 1300 manat məbləğində vəkilə pul ödədiyi halda, vəkil tərəfindən ona qəbz verilmədiyini, boş blanklara imza etdirdiyini, vəkilin məhkəməyə 3000 manat qonorarla bağlı sənədlər təqdim etdiyini, “MC Donalds” və “Mado” kafelərində ona pul ödədiyini, vəkilin məhkəmə iclasında iştirak etmədiyini, vəkil tərəfindən iddianın və sənədlərin məhkəməyə gec təqdim edilməsi ilə əlaqədar mübahisələndirilən mənzilin özgəninkiləşdirildiyini və digər məsələləri göstərib.
Vəkil Şəhla Hümbətovanın hüquqi yardım göstərdiyi şəxs tərəfindən ona 3000 manat ödənilmədiyi halda, guya bu məbləğin ödənilməsinə dair qəbz tərtib edərək məhkəməyə sübut kimi təqdim etməsi və iddia tələbinin əsası kimi məhkəmə baxışının sonunadək bu sübuta istinad etməklə, habelə üzvlük haqqını altı aydan artıq müddətə üzrsüz səbəbə görə ödəməməklə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinin II, III hissələrinin, 5-ci maddəsinin 1-ci hissəsinin, 16-cı maddəsinin 1-ci hissəsinin, 18-ci maddəsinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2, 1.5, 2.2, 2.3, 4.2, 4.4, 4.5-ci bəndlərinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərinin pozuntusuna yol verib.
Görəsən, mükafatı təqdim edən təşkilat komitəsinə vəkilin kobud qanun pozuntusuna yol verməsi barədə məlumat verilibmi, əgər verilibsə, onda ABŞ özündə ağır cəza nəzərdə tutulan əməli törətmiş şəxsə hansı əsaslarla mükafat verir?
Əminəm ki, bu məsələ ya gizlədilib və ya hər-hansı formada təhrif olunmuş şəkildə çatdırılıb. Əks halda, öz nüfuzunu qoruyan heç bir qurum və dövlət bu cür vəkil adına yaraşmayan hərəkətə, saxtakarlığa yol vermiş birini seçməzdi, bu seçim mümkünsüz olardı.
Ümumiyyətlə, bu hadisəyə münasibət bildirən, özünü ciddi sayan hər kəs əvvəl məsələnin mahiyyətini öyrənməli, sonra isə rəy verməlidir.
Əslində, bu məlumatları Vəkillər Kollegiyasının Rəyasət Heyəti ictimaiyyətə Azərbaycan və ingilis dillərində 2019-cu ildə çatdırıb.
Mən həmin hüquqşünası tanımasam da, yuxarıda qeyd olunan reallıqları görməyə bilmərəm. Bu səbəbdən hesab edirəm ki, beynəlxalq təşkilatın xanım Şəhla Hümbətovaya vermiş olduğu mükafat qərəzli yanaşmanın birbaşa təcəssümüdür.
Hüquq üzrə elmlər doktoru Ayxan X.Rüstəmzadə
