Azərbaycanın uğurla ev sahibliyi etdiyi III MDB Oyunlarında çıxış edən idmançılar və nümayəndə heyətləri rahat və təhlükəsiz nəqliyyat xidmətləri ilə təmin olunublar.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, 24 sentyabr - 9 oktyabr tarixlərində 189 reys həyata keçirilib, 4 056 idmançı və nümayəndə heyəti üzvünün aeroportlardan oyunların keçirildiyi şəhərlərə, o cümlədən əks istiqamətdə daşınması təmin olunub.
Qeyd edək ki, ölkəmizə gələn qonaqların həm Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanından, həm də Gəncə Beynəlxalq Hava Limanından oyunların keçirildiyi şəhərlərə daşınması üçün 40 avtobus cəlb edilib.
Həmçinin tədbirlərin keçiriləcəyi şəhərlər üzrə iştirakçıların yarış və digər məkanlar arasında daşınması üçün 93 avtobus ayrılıb. Yarışların keçirildiyi günlərdə həmin avtobuslarla şəhərdaxili daşımalarda 4 055 reys həyata keçirilib, 17 792 idmançı və nümayəndə heyətinin üzvü tədbirlərin keçirildiyi məkanlara rahat və təhlükəsiz şəkildə çatdırılıb.
Xatırladaq ki, III MDB Oyunları ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Agentliyin əməkdaşları Oyunların Təşkilat Komitəsi ilə birgə tədbirlərin keçirildiyi şəhərlərə tam heyətlə cəlb olunublar.