Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğından sonra sakinlərin əksəriyyəti mənzilsiz qalıb.
Bu barədə Oxu.Az-a danışan bina sakini Heydər Mirzə məlumat verib.

O bildirib ki, 90 ailənin yaşadığı binada hazırda nə su, nə işıq, nə də qaz var:
"Binada işıq, su, qazın verilişi dayandırılıb. Elektrik şkafları yanıb. Binanın infrastrukturu yararsız haldadır. Bizimlə maraqlanan yalnız polislərdir, onlardan savayı biz heç kimi görmürük. Binaya işıq, su və qazın nə zaman veriləcəyini bilmirik".

Heydər Mirzə əlavə edib ki, binada yaradılan ictimai birliyin rəhbəri olan şəxs vəfat etdiyi üçün lazımi sənədlər də onun evindədir:
"Binanın sığortalı olub-olmadığını bilmirik. Binamız mənzil-tikinti kooperativi (MTK) deyil. Vaxtilə biz binada sakinlər birləşərək ictimai birlik yaratdıq. Yanğında vəfat edən Samir bəyi (Məhəmmədov - red.) də ona rəhbər seçdik. Bütün sənədləşmə işlərini o icra edirdi. Samir bəyin ailəsi yasda olduğu üçün gedib sənədləri də istəyə bilmirik".
Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bina Yasamal Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında deyil.

"Azərişıq" ASC-dən Oxu.Az-a verilən məlumata görə, sözügedən binada "Azərişığ"a məxsus heç bir avadanlıq yanaraq sıradan çıxmayıb:
"Binada yer alan daxili şəbəkələr, daxili xətlər yanaraq sıradan çıxıb. Bunlar isə binanın aid olduğu MTK və ya ictimai birliyə məxsus məsələdir. Binanın daxili şəbəkəsi bərpa edildikdən sonra işığın verilişi bərpa ediləcək".
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan ünvanda suyun verilişi MTK tərəfindən dayandırılıb:

"Digər bir məqam da odur ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti MTK-larda suya nəzarət prosesini yalnız suyun ötürüldüyü anbara qədər həyata keçirmək səlahiyyətinə malikdir. Yaşayış binasında içməli suyun abonentlərə daxili ötürülməsini, daxili xətlərə nəzarəti və sairi MTK həyata keçirir".
Qazın verilişinin nə zaman bərpa olunacağını öyrənmək üçün də aidiyyəti qurumlara sorğu ünvanlanıb.
Xatırladaq ki, noyabrın 21-i Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində üç nəfər tüstüdən zəhərlənərə həyatını itirib, 27 nəfər tüstüdən zəhərlənib.
Aygün Mirakif