Kubra Məhərrəmova yazır ...
Müharibə, inqilab, üsyanlardan ən çox əziyyət çəkən uşaq və qadınlar olur. Məhz onlar zorakılıq və şiddətə məruz qalırlar. XXI əsrdə yaşamağımıza baxmayaraq, hələ də düşüncəsi VI əsrdə qalan toplumlar var. Bəlkə də özlərini belə göstərirlər. Bütün dünyaya qorxu və nifrəti əks etdirmək üçün. Amma bir qədər də uzağa getsək görərik ki, süni şəkildə yaradılmış bu “müəssisələr” bəzi siyasi qüvvələrin əlində olan vasitələrdir. Və belə qüvvələrin oyuncağı olmaq üçün elə küt, savadsız və axmaq olmaq lazımdır. Neçə gündür Əfqanıstanı nəzarətə alan “talibançılar” da həmçinin.
“Talibançılar”ın əsas kütləsi bir əlində avtomat, o biri əlində aftafa olanlardır. Liderləri təbii ki, bunlardan daha ağıllı olmalıdır. Ən azı onlara veriləcək əmri yerinə yetirmək üçün beş qram beyinə sahib olmaq lazımdır. Məni kədərləndirən isə odur ki, böyük əmilərin oyunlarında yenə də kimsəsiz qadın və uşaqlar qurban gedir. “Taliban” hərəkatının üzvlərinin məqsədi Əfqanstanda “əsl” İslam dövləti qurmaq və yerli əhalini İslam dininin qaydalarına uyğun yaşamağa məcbur etməkdir. Bütün baş verənlər İslam dininin fəlsəfəsinə zidd olsa da, dünya baş verənləri “əsl İslam budur” kimi qarşılayır. Və yenə də bütün dünya üçün ən böyük qorxu rəmzi “qara çadralı” qadınlar olan İslam dini olacaq. İslam dini barış və mərhəməti ehtiva etsə də, elə müsəlmanların öz axmaqlığı üzündən ilkin məramını itirib. Nə qədər qışqırsaq da, artıq gecdir.
İslam dini radikal libasa bürünərək dünya üçün təhlükəli terrorçu obrazındadır. Bu da bir tərəfə. Son günlər Əfqanıstandan gələn videolarda gördüklərimizdən asanlıqla başa düşürük ki, özünü təyyarənin altına atan, qanadından yapışıb uçmaq istəyən yüzlərlə insan “əsl İslam”dan qaçır. “Taliban” hərəkatı bir çox ölkələr tərəfindən terrorçu təşkilat kimi dəyərləndirilsə də, bəzi ölkələr onlarla diplomatik əlaqələr qurmaqdan çəkinmir. Elə biri qonşu Rusiyadır. Rəsmi Moskva “Taliban” hərəkatını Rusiyada qadağan olunmuş və terrorçu təşkilat adlandırır. Amma “Taliban” bir dəfə də olsun Rusiyada terror aktı törətməyib. Rusiyanın “Taliban” hərəkatının üzvləri ilə artıq diplomatik və siyasi əlaqələri var. Qeyd edim ki, 8 iyul 2021-ci ildə “Taliban” hərəkatının nümayəndələri Moskvaya rəsmi danışıqlara gəlmişdilər. Səfərin əsas məqsədi Əfqanıstanın şimalında baş verən hadisələrin müzakirəsi idi.
İkinci maraqlı məqam isə odur ki, son baş verən hadisələrə baxmayaraq, Rusiya öz diplomatlarını Əfqanıstandan çıxarmır. “Taliban” isə bildirib ki, Rusiya səfirliyinin əməkdaşlarının təhlükəsizliyinə tam zəmanət verir. Bu da belə. Lakin əfqan xalqının təhlükəsizliyinə heç kim zəmanət vermir. “Taliban” dünəndən tətbiq olunacaq qaydaları elan edib. Bütün qadınlar məcburən çadra geyinəcək. Kişilər saqqal saxlayacaq. Allah tərəfi yaxşı xəbər də var. Əgər kiməsə ölüm hökmü veriləcəksə və ya daşqalaq olunacaqsa, bu, məhkəmənin qərarı ilə həyata keçiləcək. Zənnimcə böyük inkişaf var.
BMT-nin avqust ayı üçün verdiyi hesabatda bildirilir ki, “talibançılar” tərəfindən kütləvi qadın qətlləri həyata keçirilib. Öldürülən qadınlar arasında xeyli sayda jurnalist və insan haqları müdafiəçiləri var. Daha sonra BMT bildirir ki, “talibançılar” onlara təslim olan keçmiş məmur və hərbçilərə qarşı zorakılıq göstərib, onların ailə üzvlərinə şiddət tətbiq edib. Bununla bərabər xeyli sayda klinika, məktəb və evləri dağıdıblar. Bütün bunlar isə hərbi cinayət sayılır. Və yenə də olan adi, sıravi insanlara olur. Əfqanıstanda orta əsr təfəkkürlü dövlət qurulur. Burada qadın və uşaqlar sadəcə quldur.
Hazırda Kabildə Əfqanıstanın dörd tərəfindən qaçıb gələn 72 000 uşaq var. Onlar öz valideynləri ilə ac-yalavac sığınacaq axtarışındadır. Dünən “Taliban” hərəkatı Əfqanıstanı tam olaraq nəzarətə aldığını bütün dünyaya bildirəndən sonra aydın məsələdir ki, bu 72 000 uşağın gələcəyi heç də işıqlı görünmür. Onları ən yaxşı halda aclıqdan ölüm gözləyir. Ölkədən qaçanlara baxanda isə ancaq və ancaq kişiləri görürük. Təyyarələrin qanadından yapışanlar da kişilərdir. Əfqan kişiləri ana və övladlarını “talibançılar”a qoyub qaçırlar. Bu mənzərəyə baxanda adam bilmir kimi daha çox qınasın, bir əlində avtomat, digər əlində aftafa olan saqqallı “talibançı”nı, yoxsa ailəsini atıb qaçan əfqan kişisinə... Bəlkə də elə dünyanın sonu gəlib, bu da qiyamət günüdür. Sadəcə başımız “TikTok”a qarışıb, baş aça bilmirik. Yenə də yazıq körpələr.
Kaş ki Əfqanıstan kimi yerdə doğulmayaydılar...