Laçının Fingə kəndində güllələnmə hadisəsi baş verib.
Belə ki, Ağcabədi rayonunun Şərəfxanlı kəndində müvəqqəti məskunlaşan 58 yaşlı Səfər Quliyevin qardaşı, 52 yaşlı Xasay Quliyev tərəfindən ov tüfəngi ilə öldürüldüyü bildirilir.
"Qardaşı onu 2 güllə ilə qaldığı çadırda qətlə yetirib. Hadisə baş verəndə bizə zəng etdilər gəldik. Hamı onları mehriban görüb. Aralarında nə münaqişə olub bilmirəm", - kənd sakini Tofiq Əliyev söyləyib.
Qeyd edək ki, bölgədə müğənni kimi tanınan Səfər Quliyev Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Laçın Rayon Komitəsinin sədri vəzifəsində çalışırmış. Mərhumun nəşi Ağcabədinin Şərəfxanlı kəndinə gətirilib və orada dəfn edilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən Xasay Quliyev isə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetində:
Ötən gün Laçında qardaşı tərəfindən öldürülən Səfər Quliyev vəzifəli şəxs olub.
Oxu.Az Teleqraf.az-a istinadla xəbər verir ki, Laçın rayonunun Qozlu kənd inzibati ərazi dairəsinin Fingə kəndində daimi qeydiyyatda olan, Ağcabədi rayonunun Şərəfxanlı kəndində müvəqqəti məskunlaşmış, 07.12.1967-ci il təvəllüdlü Səfər Əsgər oğlu Quliyev Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqının Laçın rayon komitəsinin sədri vəzifəsində çalışırmış.
Mərhum ailəli olub, 2 qızı və 2 oğlu qalıb.
Qeyd edək ki, Səfər Laçınlı kimi tanınan müğənni və iş adamı ötən gün qardaşı Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə məskunlaşmış, 1973-cü il təvəllüdlü Xasay Əsgər oğlu Quliyev tərəfindən Laçın rayonunun Fingə kəndi ərazisində aralarında yaranmış mübahisə zəminində ov tüfəngi ilə öldürülüb.
S.Quliyevin nəşi yaşadığı Ağcabədi rayon Şərəfxanlı kəndinə gətirilib, dəfni üçün hazırlıq işləri görülür.
Faktla bağlı araşdırma davam etdirilir.