Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində taksi ilə avtobusunun toqquşması nəticəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti məlum olub.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyunun 22-də saat 14:10-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Lökbatan qəsəbəsi, dəmiryol keçidinin yanından çağırış qeydə alınıb:
"Çağırış ünvanına cəlb olunan təcili tibbi yardım briqadası tərəfindən iki nəfər (qadın) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunublar.
Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar".
Lökbatanda baş verən yol-nəqliyyat hadisəsi zamanı üç nəfər xəsarət alıb.
Bu barədə Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli məlumat verib:
"Zakir Axnəzər oğlu Rəhmanlının idarə etdiyi BYD markalı, 77-VT-537 dövlət qeydiyyat nişanlı avtomobil ilə İSUZU markalı, 99-JM-360 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu toqquşublar.
Nəticədə BYD markalı avtomobilin sürücüsü və avtobusda olan iki sərnişin xəsarət alıblar.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır".
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.
İddialara görə, taksi fəaliyyəti göstərən BYD markalı minik avtomobili 206 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu ilə toqquşub.
Hadisə nəticəsində BYD markalı avtomobilin sürücüsünün xəsarət aldığı bildirilir. Avtomobil yararsız vəziyyətə düşüb.