Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydaları yumşaldılsa da, koronavirusun yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Polis əməkdaşları tərəfindən maarifləndirici, izahedici söhbətlər aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, bu cür tədbirlərdən biri Masallı rayonunda baş tutub.
Belə ki, bu günlərdə əhalinin daha sıx olduğu ərazilərdə, poçt məntəqələrinin, bankların, idarələrin qarşısına toplaşan vətəndaşlara Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 300-ə yaxın tibbi maska və əlcək paylanıb, xüsusi karantin rejiminin tələbləri izah edilib, ara məsafələrin qorunması xatırladılıb.
Eyni zamanda, şöbənin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən rayondaxili hərəkət edən marşrutlarda sıxlığın yaranmaması və sosial izolyasiya tədbirlərinə riayət olunması məqsədilə davamlı iş aparılır, sürücülərə tibbi əlcək və maska paylanır.