Paytaxtda daha bir kütləvi ağac kəsimi qeydə alınıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Milli Məclisin binasının arxasındakı poliklinikada təmir işləri ilə əlaqədar iş gedir. Söküntü-təmir işləri poliklinikanın ətrafındakı xeyli sayda ağacın kəsilməsinə səbəb olub.
Ərazidə işləyən fəhlələr çinar və şam ağaclarını kökündən kəsərək "KamAZ"a doldurublar.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumatlandırılıb. Nazirlikdən bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.
ETSN-dən ANS PRESS-ə verilən məlumata görə, sözügedən ağac kəsimi Səbayıl rayonu Mətbuat prospekti 2, 2a, 2b, və 4 ünvanında yerləşən binaların ətrafında aparılıb.
Nazirlikdən qeyd ediblər ki, bu binaların fasadlarının yenilənməsi zamanı ağaclar maneçilik yaratdığı üçün ETSN tərəfindən onların kəsilməsinə rəy verilib. Bu rəyə əsasən ağacların kəsilməsi və köçürülməsinə icazə verilir.