Bakıda rəsmən ödənişli müvəqqəti duracaqlardan istifadə edərkən lazım olan məbləği ödəməkdən imtina edən bir neçə avtomobilin sürücüsü barədə qanunvericiliyə uyğun olaraq cəza tədbirləri görüləcək. Bundan sonra belə hallara yol verən sürücülərin əməlləri həm də ictimailəşdiriləcək ki, onlar qınaq obyektinə çevrilsinlər.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.
Bölmə rəisi bildirib ki, paytaxtda rəsmi ödənişli müvəqqəti duracaqlardan istifadə edən bəzi sürücülər həmin ərazi üzrə məsul olan Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) işçilərinə qarşı kobudluq nümayiş etdirib və oradakı parkomatlara ödəniş etməyiblər. Hələlik idarəyə 4 avtomobil barədə ölçü götürülməsi ilə bağlı müraciət daxil olub.
V.Əsədovun sözlərinə görə, bunlar 90 AB 005 dövlət nömrə nişanlı, ağ rəngli “Lexus” markalı, 99 FK 713 dövlət nömrə nişanlı, qara rəngli “Kia Sportage” markalı, eləcə də 90 NR 088 dövlət nömrə nişanlı, qara rəngli “Mercedes S class” markalı və 90 RV 989 dövlət nömrə nişanlı, qara rəngli “Volkswagen Touareg” markalı avtomobillərin sürücüləridir. Onlar şəhər ərazisindəki müvəqqəti duracaqlardan istifadə etmələrinə baxmayaraq, ərazidəki parkomatlara pulu ödəməkdən imtina ediblər:
“Təəssüf ki, məsələn, “Lexus” kimi bahalı avtomobili idarə edən şəxs istifadə etdiyi xidmətin müqabilində təyin edilmiş 50 qəpik və ya 1 manat məbləğində ödənişi etməkdən imtina edir. Belə halların olması heç də yaxşı deyil. Bu, onlara heç nə verməyəcək. Avtomobil ödənişli müvəqqəti duracaqlarda saxlanılırsa, təyin edilmiş məbləğ ödənilməlidir. Əks halda parkomata 50 qəpik, 1 manat ödəməyən sürücülər indi ondan dəfələrlə çox cərimə ödəməli olacaqlar. Belə ki, həmin sürücülər tərəfimizdən İnzibati Xətalar Məcəlləsinin 158-1-ci (Dayanma, durma və parklanma qaydalarının pozulması) maddəsi ilə inzibati məsuliyyətə cəlb ediləcək və 20 manat məbləğində cərimə olunacaqlar”.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) rəis müavini Lətif Axundov Trend-ə bildirib ki, əslində belə faktlar çoxdur. Belə ki, idarə artıq Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə 90 ZZ 228 dövlət nömrə nişanlı “Toyota Yaris” markalı, 99 BO 335 dövlət nömrə nişanlı “BMW” markalı, 90 LB 034 dövlət nömrə nişanlı “Hyundai Elantra” markalı, 90 CC 801 dövlət nömrə nişanlı “Kia Picanto” markalı, H019577 dövlət nömrə nişanlı “Mitsubishi Pajero” markalı cip, 10 GC 344 dövlət nömrə nişanlı “Mercedes E class” markalı, 90 GP 106 dövlət nömrə nişanlı “Mercedes S class” markalı, 90 DK 720 dövlət nömrə nişanlı “BMW 525” markalı, 99 SS 628 dövlət nömrə nişanlı “Peugeot” markalı avtomobillərin sürücüləri ilə də bağlı müraciət etməyi planlaşdırır:
“Hələlik bu şəxslərə qarşı ictimai qınaq tətbiqi mövqeyi nümayiş etdirmək istəyirik. İstəyirik ki, onlar mətbuat vasitəsilə ictimai qınağa tuş gəlsinlər ki, ödənişlərini etsinlər. Amma ödəniş edilməsə, onlar dayanma, durma və parklanma qaydalarını pozduqlarına görə yol polisi tərəfindən inzibati məsuliyyətə cəlb olunacaqlar”.
L.Axundov qeyd edib ki, hazırda ödənişli duracaqlar və parkomatlardan istifadə ilə bağlı əhali arasında maarifləndirmə işləri aparılır ki, sürücülər tərəfindən belə hallara yol verilməsin. Hətta gələcəkdə bu kimi hallara yol verən sürücülər barəsində foto və videomaterialların hazırlanaraq ictimailəşdirilməsi də nəzərdə tutulur.(Trend)