Təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin və itkin düşən pilotun axtarışlarında iştirak edəcək türkiyəli mütəxəssislər Bakıya göndərilib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Heyətə Türkiyə Hərbi Dəniz Qüvvələrinin Sualtı Axtarış Xilasetmə Dəstəsinin 10 əməkdaşı daxildir.
Xatırladaq ki, iyulun 24-də saat 22 radələrində təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi qəzaya uğrayaraq Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.
Müdafiə Nazirliyi əməliyyatlara əlavə qüvvələrin qatılması məqsədilə Türkiyənin aidiyyəti qurumlarına müraciət etmişdi.