Azərbaycanda vətəndaşlar polisə etibar etmirlər.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bu barədə psixoloq Dəyanət Rzayev bildirib.
O qeyd edib ki, Azərbaycan balaca ölkədir və burada cinayətkarı tapmaq çətin deyil. Buna görə də, demək olar ki, bütün cinayətlərin üstü tezliklə açılır.
“Lakin cinayətlərin üstünü açmaqla yanaşı, onların yaranmasının qarşısını da almaq lazımdır. Cəmiyyətimizdə “Polis mənim dostumdur” kimi anlayış yoxdur. Bununla belə, hamı polislərdən qorxurlar” – deyə, psixoloq bildirib.
D.Rzayev hesab edir ki, bəzən polislər özlərini apara bilmirlər.
“Onlar kobud danışırlar. Kömək üçün onlara müraciət etmək çətindir. Polislərin vətəndaşlarla etik davranmalarını təmin etmək üçün onların maaşlarını artırmaq lazımdır. Bu addım aqressiyanı azaldar və polislər öz işlərini böyük məmnunluqla görə bilərlər” – deyə, o qeyd edib.
Bu arada Azərbaycan DİN-nin mətbuat xidməti rəhbərinin müavini, polis polkovniki Ehsan Zahidov psixoloqun bu bəyanatını şərh edib.
Onun sözlərinə görə, psixoloq ya yalan danışır, yaxud da cəmiyyətdə polisin nüfuzunun artması barədə məlumatlı deyil.
“Bir faktı qeyd edim. Vətəndaşların polisə müraciətlərinin sayı artıb. Bu, vətəndaşların etibarının ən əsas göstəricisidir. Təsəvvür edin, DİN-nin “102” nömrəsinə hətta polisin vəzifəsinə daxil olmayan məsələlərlə bağlı müraciət edirlər. Nazirin qəbuluna düşmək istəyən vətəndaşların sayı polisin yüksək nüfuzunun olmasını deməyə əsas verir. Bu gün Azərbaycan vətəndaşları öz polisinə inanır və etibar edirlər” – deyə, E.Zahidov bildirib.
O, hüquq-mühafizə orqanlarının əməkdaşlarının əmək reputasiyasının artırılması üçün “102” xidmətinin yaradıldığını bildirib.
“Hətta ən uzaq kəndlərdən olan insanlar bu nömrəyə zəng edə və problemlərini danışa bilərlər. 15 dəqiqə ərzində hüquq-mühafizə orqanlarının əməkdaşları onların evinə gələcək və problemin həllində kömək göstərəcəklər” – deyə, mətbuat xidməti rəhbərinin müavini bildirib.
Bundan əlavə, ayrı-ayrı rayonlardakı Polis idarələri nəzdində İctimai şuralar yaradılıb. Həmin Şuraların tərkibinə yerli sakinlərlə tanış olan, ictimai həyatda fəal olan vətəndaşlar daxil ediliblər. Onlar sakinlərin problemini dinləyir, polislə birgə onları həll etməyə çalışırlar.
Bundan başqa, DİN müvafiq sahə üzrə maarifləndirici tədbirlər keçirir.
“Hər kəsə məlum olduğu kimi, nazir Ramil Usubov respublikanın, demək olar, bütün rayonlarında yerli sakinlərlə görüşüb. O, vətəndaşları dinləyib və müraciətlərin həlli üçün göstərişlər verib” – deyə, E.Zahidov bəyan edib.
DİN nümayəndəsi, həmçinin psixoloqun polislərin həddindən artıq sərt olmaları ilə bağlı fikirlərinə də aydınlıq gətirib:
“Polis sadə vətəndaşlarla deyil, bu kobudluğa layiq olan cinayətkarlarla kobud rəftar edirlər. Polis əməkdaşları müvafiq qanunu rəhbər tutaraq cinayətkarlıqla mübarizə aparırlar. Buna görə də onların cinayətkarlarla münasibətləri sadə vətəndaşlarla münasibət kimi ola bilməz”.