Qobustanda istirahət mərkəzində baş vermiş faciəli hadisə ilə bağlı cinayət işi başlanıb.
Oxu.Az xəbər verir ki, Qobustan rayon Polis Şöbəsindən APA-ya bildirilənə görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) və 314.2-ci (səhlənkarlıq – zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
Hadisə ilə bağlı hələlik saxlanılan yoxdur.
Qeyd edək ki, məlum hadisə mayın 23-də Qobustan rayonunun “Cənnət bağı” İstirahət-əyləncə Mərkəzində qeydə alınıb. Bakı Oksford Məktəbinin müəllim və şagirdlərinin əyləndiyi elektromobil (“Elektrokar”) aşıb. Nəticədə maşında olan 10 yaşlı Qorcu Dəniz Tərlan qızı hadisə yerində dünyasını dəyişib.
Məktəbin digər şagirdi - 12 yaşlı Hacızadə Ayla Rövşən qızı və məktəbin müəlliməsi, 1971-ci il təvəllüdlü Əzizova Aytən Faiq qızı müxtəlif bədən xəsarətləri alıblar.
Qeyd edək ki, hadisə nəticəsində dünyasını dəyişmiş 10 yaşlı Qorcu Dəniz tanınmış rejissor Tərlan Qorçunun qızıdır.
09:39
Qobustan rayonunda yerləşən Bağ-bağat əyləncə istirahət mərkəzində faciəli anlar yaşanıb.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, Bakı Oksford Məktəbinin müəllim və şagirdlərindən ibarət bir qrup insan bura əylənməyə gəlibmiş.
Elə bu məqsədlə də onlardan bir neçə nəfəri Qolf maşını ilə əyləncə istirahət mərkəzini gəzintiyə çıxıb. Ancaq qəfildən elektromobil aşıb. Nəticədə maşında olan 10 yaşlı Qorcu Dəniz Tərlan qızı hadisə yerində dünyasını dəyişib.
Məktəbin digər şagirdi - 12 yaşlı Hacızadə Ayla Rövşən qızı və məktəbin müəllimi, 43 yaşlı Əzizova Aytən Faiq qızı müxtəlif bədən xəsarətləri ilə Şamaxı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Hadisə baş verdikdən sonra ilk yardıma gələn əyləncə istirahət mərkəzinin işçiləri olub. Elə yaralıları da xəstəxanaya onlar çatdırıb. Hər iki yaralı sonradan paytaxta gətirilib. Hadisəyə səbəb olan elektromobilin niyə aşmasına gəlincə əyləncə istirahət mərkəzinin rəsmisi buna onun idarəsi zamanı düzgün dönmə bucağının seçilmədiyini əsas gətirdi.
Faktla bağlı Qobustan rayon Polis Şöbəsində araşdırma aparılır.