Mən Azərbaycan mədəniyyətini çox sevirəm.
Oxu.Az xəbər verir ki, bu sözləri rusiyalı filosof və ideoloq Aleksandr Duqin bu gün Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən “Geosofiyaya giriş. Sivilizasiyalar və onların loqosları” adlı kitabının təqdimatı zamanı deyib.
Azərbaycan ədəbiyyatı və mədəniyyətinə olan vurğunluqdan ağızdolusu danışan mütəfəkkir İmadəddin Nəsimi yaradıcılığı ilə tanış olduğunu vurğulayıb:
“Nəsiminin hər sətrinə bir dünya sığar”.
Duqinin sözlərinə görə, bu, Azərbaycan dilinə tərcümə olunan ilk əsəridir və tərcümədən razı qalıb:
“Bu kitabımda Avropa sivilizasiyalarının dominantlığının mahiyyətinin dərk olunması və eyni zamanda, digər sivilizasiya layihələrinin potensialı və özünün loqosu, mədəniyyətin fəlsəfi komponenti ilə əlaqələri aşkara çıxarılır. Geosofiya fərqli millət, mədəniyyət, irq və xalqların eyni hüquqlara sahib olduğunu izah edir”.
Qeyd edək ki, kitabda müasir rus fəlsəfəsinin ustadı Duqin platonizmə, aristotelizmə, M.Haydeggerin “Dasein”inə xüsusi diqqət yetirib.
Ə.Ş.
www.oxu.az