"Yay aylarında bir çox valideynin əsas məqsədi uşaqlarını smartfondan uzaqlaşdırmaq olur. Lakin əsl problem cihazın özündə deyil, maraqlı alternativlərin olmamasındadır".
Oxu.Az xəbər verir ki, bunu rusiyalı uşaq psixoloqu Darya Dugentsova Life.ru-ya müsahibəsində bildirib.
Mütəxəssisin sözlərinə görə, uşaqların, xüsusilə də yeniyetmələrin beyni həmişə ən əlçatan və cəlbedici həzz mənbəyini seçir. Məhz buna görə də telefonu sadəcə qadağan etmək əksər hallarda arzuolunan nəticəni vermir.
"Əgər uşaq telefonu sevirsə və siz onu sadəcə əlindən alaraq əvəzində darıxmağa məcbur edir və ya özünə məşğuliyyət tapmasını təklif edirsinizsə, bu, münaqişəyə səbəb olur. Nəticədə valideynlə uşaq arasındakı münasibətlər zədələnir və bunun heç bir müsbət nəticəsi olmur", - deyə psixoloq izah edib.
Ekspert qadceti əlindən almağı deyil, onun üçün cəlbedici alternativlər yaratmağı tövsiyə edir. Kiçik məktəbyaşlı uşaqlar üçün fəal oyunlar, idman, yaradıcı fəaliyyətlər, stolüstü oyunlar, ailə layihələri, gəzintilər, pikniklər və kvestlər uyğun seçim ola bilər.
Mütəxəssis bildirib ki, belə hallarda uşaqların yaddaşında daha çox bahalı əyləncələr deyil, parlaq emosiyalar və birlikdə keçirilən vaxt qalır. Məsələn, birlikdə hazırlanan pizza, ailəvi kvest və ya təbiət qoynuna təşkil olunan səfər.
Yeniyetmələrlə bağlı vəziyyət isə bir qədər mürəkkəbdir. Onlar üçün yaşıdları ilə ünsiyyət və müstəqillik hissi xüsusilə vacibdir. Buna görə də sadəcə asudə vaxtı doldurmaq kifayət etmir.
Könüllü layihələr, yaradıcılıq studiyaları, yay düşərgələri, mövsümi işlər, müxtəlif tədbirlərin təşkilində iştirak və birgə səfərlər smartfona yaxşı alternativ ola bilər.
Dugentsova valideynləri uşaqların darıxmasından qorxmamağa da çağırıb. Onun sözlərinə görə, məhz belə anlarda təxəyyül inkişaf edir və insanın sərbəst şəkildə özünə məşğuliyyət tapmaq bacarığı formalaşır.
"Ümumiyyətlə, uşaqlara darıxmağı öyrətmək lazımdır. Uşaq darıxmağa başlayanda özü üçün müxtəlif fəaliyyətlər düşünməyə başlayır. Yaradıcılıq, təşəbbüskarlıq və öz həyatını müstəqil şəkildə qurmaq bacarığı məhz belə yaranır".