Qəşəm Nəcəfzadə yazır...
Şahları diz çökdürən qadın axırda özü ağladı bir sevginin önündə. Şahlara əsir düşməyən qadın axırda özü əsir düşdü körpəsinin əlində. Qarlı qış gecəsində canında nə qədər paltarı vardı, çıxarıb bükdü balasına, özü buz heykəl oldu, amma balasını sabaha sağ-salamat çıxardı.
Nobel mükafatçısı qadın Svetlana daim qadınların müharibə həyatından yazıb. Nobel nitqində o deyirdi ki, qadın (hekayəsindəki qadın) əsgərlərlə faşizmə qarşı vuruşdu. Səngərlərdə onlarla bir yatdı, bir durdu. Axırda kişiləşdi. Kişi kimi söyüş söydü. Beləliklə, faşist Almaniyası məğlub oldu. Qadın uçurulmuş faşist iqamətgahının qarşısında durub ağlayırdı. Birdən əsgərin biri dedi: “Ağlama, mən səni sevirəm, gəl evlənək”. Qadın dedi: “Mən qadın deyiləm, kişiyəm. Get mənə gül al, hədiyyə et, məni qadına çevir, sonra evlənək”.
Demək, çiçəklə qadını ilkinliyinə qaytarmaq olar. Amma biz kişilər həmişə bunu düşünə bilsək…
“Qurdlar vadisi” serialından maraqlı bir epizod: Mafiya başçısına deyirlər ki, sən öz qızından niyə şübhələnirsən? O sənin qızındır. Mafiya başçısı deyir ki, o mənim qızım olmaqdan əvvəl qadındır. Maraqlı, əsaslı, sirli bir fakt…
Yenə Nobel mükafatçısı qadın Svetlana nitqində deyir: “Çernobıl qəzasından xilas olmaq mümkün deyildi. Yoldaşım mühəndisdir, onu təcili qəza yerinə apardılar. Ona qoruyucu paltar verməmişdilər deyə, tez şüalandı. Xəstəxanaya düşdü və öldü. Mən də şüalandım, məndəki şüanı bətnimdəki körpəm özünə çəkdi və onu beş aylığında itirdim. Amma onun sayəsində mən xilas oldum”. Yenə qadının sirli həyatı. Təbiətin özünüxilas möcüzəsi.
Bir hədisdə deyilir ki, körpələrə ana bətnində ikən adlar qoyulmalıdır. Birdən onlar ölü doğula bilərlər. Qiyamət günündə hamını öz adı ilə çağırıb oyadacaqlar. Bəs onda adları olmayan körpələr necə olacaq? Allah-Təala buyurur ki, bütün ölü doğulan körpələr əbədi olaraq cənnətə gedəcəklər. Bu buyruqdan sonra bir gün Allah-Təala körpələrin ah-fəğan, ağlaşma səslərini eşidir. Soruşur ki, o səslər, ağlaşmalar nə üçündür? Deyirlər ki, ana bətnində ölən uşaqlar anaları olmadan cənnətə girmək istəmirlər. Böyük Allah-Təala buyurur ki, onları analarından ayırmayın, qoy anaları da onlarla cənnətdə yaşasınlar. Yenə qadın istəyi, yenə qadın vücudu və Allah-Təalanın qadına böyük mərhəmət hissi…
Vaxtilə bir şeirimdə deyirdim ki, cəbhədə döyüş vaxtı hər əsgərin yanına öz qadınını qoyun, o qadın həmin əsgəri qəhrəmana çevirə biləcək.
Aleksandr Sergeyeviç Puşkin Dantesdən güllə yarası alanda qarnında güclü ağrılar vardı. Həkimi ona deyir ki, Aleksandr Sergeyeviç, siz inildəsəniz, ağrınız azalar. Puşkin üzünü həyat yoldaşına tutub deyir: “Tatyana çölə çıxsın, mən inildəyim”. Baxın, böyük şair öz qadınının yanında inildəmək istəmirdi.
Leyli bir məktubunda Məcnuna yazırdı: “Gəl ayaqlarının tozunu qəbrimə bəzək elə”.
Budur qadın sevgisi. Heç vaxt tükənməyən qadın daim bəşəriyyəti qoruyur, onu xilas edir, dünyanı gözəlləşdirir.
Dahi Jül Vern deyirdi ki, qadın o qədər incə məxluqdur ki, onu çiçəklə də döymək olmaz.
Çox qəribə məntiqdir, Hitleri də ana doğub, Bayronu da, Stalini də…
Sirli qadın, gözəl qadın, böyük qadın!