Tanınmış vəkil Şəfiqə Nağıyeva Vəkillər Kollegiyasında fəaliyyətinin dayandırılması ilə bağlı qərara sərt reaksiya verib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, qərarı alıb məhkəməyə müraciət edəcək.
“Guya ki müdafiə etdiyim şəxsdən külli miqdarda pul almışam. Yalandır. Bir kişi gəlini ilə qeyri- normal həyat tərzi keçirib, ona görə onu evdən qovublar. Mənim yanıma gəldilər ki, kömək edim, uşaqları atasının yanında saxlayaq. Həmin uşaqları atasına verdirdim. Sən demə, ata da ruhi xəstə imiş. Mənə təşəkkür etdilər.
Üstündən bir az keçəndən sonra mənim yanıma gəldilər ki, ev məsələsini həll edim. Dedim ki, birincidə sizə pulsuz kömək elədim, ikincidə komissiyaya pul ödəmək lazımdır.
Bunun üstündə həmin ailə ilə mübahisəmiz düşdü. Onlar məni şantaj etməyə başladılar. Bu şantaj məsələsindən də Azər Tağıyev istifadə etdi. Nərimanov rayon prokurorluğu bu işi araşdırdı. Bu işin düzgün olmadığı barədə qərar verildi.
Bundan əlavə, deyirlər ki, iclaslara getmirəm, saymıram. Bunları məni nüfuzdan salmaq üçün edirlər. Mən xəstə qadınam. Heç məhkəmələrə də getmirəm, stasionar şəkildə müalicə olunuram. Mənsiz iclas keçiriblər. Bu gün mətbuatda haqqımda çıxarılan qərardan xəbər tutmuşam”.
15:42
Tanınmış vəkil Şəfiqə Nağıyevanın vəkillik fəaliyyəti dayandırılıb.
Oxu.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İradə Cavadova məlumat verib.
O bildirib ki, Şəfiqə Nağıyevanın fəaliyyəti ilə bağlı ötən gün Kollegiyada iclas keçirilib:
“Qərara alındı ki, onun fəaliyyəti 6 ay müddətinə dayandırılsın. Haqqında olan iş materiallarının araşdırılması üçün Baş Prokurorluğa müraciət edildi. Buna səbəb isə müdafiə etdiyi şəxsdən külli miqdarda pul almasıdır.
Bundan əlavə, Şəfiqə Nağıyeva Rəyasət Heyətinə hörmətsizlik edir, iclaslarda iştirak etmir və digər qaydaları pozur. Ona görə də onun vəkillik fəaliyyəti dayandırılıb”.