21 yaşında şəhid olan Sumqayit sakini Hüseyn Abdulov Müdafiə Nazirliyi tərəfindən bu gün “Vətənə xidmətə görə” III dərəcəli medal ilə təltif olundu.
Oxu.Az xəbər verir ki, ANS TV-nin məlumatına görə, medal müdafiə nazirliyinin rəsmisi tərəfindən şəhidin atasına təqdim olundu.
Şəhidin atası Etibar Abdulov deyir ki, “Vətən üçün doğuldu, Vətən üçün də öldü. Allah cəmi şəhidlərə rəhmət eləsin!”.
Cəbhə bölgəsində şəhid olan Xaçmaz rayon sakini Elnur İbarahimovun medalı da şəhidin atasına təqdim olundu.
Şəhidin atası Məhyəddin İbrahimovun sözlərinə görə, dövlətimiz sağ olsun. Oğuldur, göndərdim şəhid oldu. Vətənə oğul lazım idi, beləsini verdim”.
Masallı sakini şəhid Əli Rəhimov da döyüş zamanı göstərdiyi şücaətə görə medala layiq görüldü.
Torpağı uğrunda canından keçən Ağdam sakini şəhid Qaryağdı Əhmədov da göstərdiyi şücaətlərə görə medalla təltif olundu.
Şəhidin atası Eldar Əhmədov qeyd edir ki, “Başım ucadır, mənim üzümü ağ edib getdi”.
Salyan sakini, 21 yaşlı şəhid Səftərin ailəsi də bu gün medal alanların sırasında idi.