Bir uşaq təsəvvür edin: Oyuncaqları ilə oynamalı yaşda həyatla mübarizə aparır. Təəssüf ki, bu balacalar həyatın çətin üzü ilə erkən yaşlarda qarşılaşanlardır. Amma mübarizə ruhları o qədər güclüdür ki, bir gün mütləq qalib gələcəklərinə inanırlar.

Bura Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasıdır.
Görünən bu soyuq, səssiz divarlar arasında dərman qoxusu ilə bütünləşən körpələr var. Pambıq kimi əlləri, günəş kimi parlayan gözləri ilə palataların hər birini ayrı-ayrı rəngarəng bir dünyaya çeviriblər. Onlar sanki uzun müddət burada qalacaqlarını anladıqlarından özlərinə kiçik bir dünya qurublar.
Çünki gecələr yuxusuz qalmaq, zaman-zaman baş qaldıran ağrılarla mübarizədə tək silahları gülüşdür... Sağlamlığa inam və hər an yanlarında olan valideynlərindən aldıqları mənəvi dəstək.
Bu dəniz gözlü qızımızın adı Rəqiyyədir. 12 yaşlı Rəqiyyə artıq bir ildir ki, mərkəzdə müalicə alır. Anası deyir ki, müalicə effekt verdikcə çox sevinir:

“Burada olmaqdan çox sıxılır, lakin müalicəmiz gedir. Uşaqlar darıxmasın deyə həkimlər əllərindən gələni edir. Mərkəzdə oyun otaqları da var. Ruh yüksəkliklərini qorumaq üçün hər kəs çalışır. İnşallah sağalıb evimizə qayıdarıq”.
İstəyirəm top və təzə gəlinciyim olsun
Rəqiyyə deyir ki, sağalıb tez evə, dostlarının, sinif yoldaşlarının yanına getmək istəyir:
“7-ci sinifdə oxuyuram. Xaçmaza, evimizə getmək istəyirəm. Atam üçün çox darıxıram. Yaxşılaşıb dostlarımla topla oynamaq istəyirəm”.
Rəqiyyənin otaq yoldaşı isə 9 yaşlı Fidandır. Fidan otaq yoldaşından fərqli olaraq özünə əyləncə tapıb, dayanmadan hər kəslə dama oynayır və hamıya da qalib gəlir:

“9 yaşım var. Beş aydır burdayam. Dərslərimdən geri qalmamaq üçün çox çalışıram. Başım çox ağrıyırdı. Bura ilk gələndə çox sıxılırdım. Ağrılarım çox idi. İndi yaxşıyam”.

Bu arada özümü sınamaq istədim, amma Fidana qalib gələ bilmədim. Mənə qalib gəldiyi kimi bu xəstəliyə də qalib gəlməyin diləyilə, gözəlim...
Mərkəzdə həkimlərlə yanaşı, tibb bacıları, tərbiyəçilər, psixoloqlar, müəllimlər də uşaqlara xidmət göstərir. Otaqlar ən müasir texnologiyalarla təchiz edilib. Uşaqların istirahəti üçün xüsusi otaq ayrılıb və orada müxtəlif yaş qruplarına aid uşaqlar üçün əyləncələr - kompüter oyunları, kitablar, rəsm çəkmək üçün ləvazimatlar, hətta planşetlər belə var.

Mərkəzdə tərbiyəçi kimi çalışan Nərminə Gülməmmədova deyir ki, hər gün səhər saat 09:00-dan 16:00-a qədər uşaqlar istirahət saatından istifadə edə bilərlər:

“Uşaqların kimyaterapiya saatları olur. Bu onlar üçün çox gərgin prosedurdur. Təxminən saat 3-ə qədər burada zaman keçirə bilirlər. Kimyaterapiyalar xəstəliyin mərhələsindən asılı olaraq günün birinci yarısı da ola bilir, ikinci yarısı da. Ona görə də uşaqlar istirahət otağında zaman keçirə bilsin deyə saat 16:00-a qədər mən burada oluram. Uşaqlar ən çox kompüter oyunlarına maraq göstərirlər. Lakin, stolüstü oyunlarımız – şahmat, dama və s. mövcuddur. Çalışırıq ki zehni çox yoran oyunlar olmasın. Uşaq ədəbiyyatından maraqlı kitablar var ki, onları da oxuyurlar”.

Əyləncə otağında divardan asılan əl işləri diqqətimi çəkdi. Rəsmləri burada müalicə alan uşaqlar çəkiblər. Rəngarəng dünyanı ağ kağız üzərinə köçürən körpələrin sağlam olmasını diləyirik...
Mərkəzdə uşaqlar üçün gimnastika dərsləri də keçirilir. Uşaqların əyləncə otağından çıxıb, kiçik tədris otağına keçirik. Artıq dərs vaxtı bitdiyi üçün otaq boş idi. Bütün masalarda kompüterlər var və uşaqların müalicə dövründə dərslərindən geri qalmaması üçün Təhsil Nazirliyi tərəfindən müəllim cəlb edilib.

Belə ki, Nazirlik tərəfindən göndərilən 219 nömrəli orta məktəbinin müəllimi Nərminə Rzayeva burada uşaqlarla məşğul olan pedaqoqlardandır.

Valideynlərin də rahatlığı düşünülərək onların istifadəsi üçün camaşırxana, mətbəx ayrılıb. Gün ərzində uşaqların qidalanmasına, tədrisinə və əyləncəsinə zaman ayırmaq üçün xüsusi proqramlar qurulur.
Mərkəzdə birinci kimyaterapiya, ikinci kimyaterapiya, reanimasiya, şüa-terapiya, cərrahiyyə və poliklinika şöbələri olmaqla, cəmi altı şöbə var.
Azərbaycanda ilk dəfə bud və diz protezinin bir protez formasında modeli bu gözəl oğlana qoyulub. Protezin qiyməti kifayət qədər bahadır. 14 yaşlı Fərid 6 saat cərrahi əməliyyatda olub.
Babası ilə söhbət zamanı təsadüfən bu balacanın anasını onkoloji xəstəlikdən itirdiyini öyrənirəm... Fəridə hazırda babası baxır və onun tək dayanağı da nəvəsidir.
Az qalıb, ayağa durub velosiped sürəcəyəm...
Fərid deyir ki, ən çox istədiyi uşaqlarla futbol oynayıb, velosiped sürə bilməkdir:

“Ayağım çox ağrıyırdı. O biri uşaqlar kimi qaçıb oynaya bilmirdim. Amma artıq protez qoyuldu, həkim deyir ki, zamanla sağalacam və velosiped sürə biləcəm”.
Uşaq Onkoloji Klinikasının rəhbəri Reyman İsmayılzadə bütün uşaqlara xüsusi diqqət və qayğı ilə yanaşır.
Onu da qeyd edim ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Milli Onkoloji Mərkəzi mütəmadi ziyarət edərək, orada müalicə alan körpələrin vəziyyəti ilə maraqlanır. Uşaqların burada müalicə olunan zaman təhsilindən geri qalmaması üçün şəraitin yaradılması məhz Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.

Bura gələndə qətiyyən körpələrin yanında kövrəlmək olmaz deyə öz-özümə təkrar etmişdim. Amma ilk baxışda balacalara baxanda nə qədər ağrısalar da, acılarını təbəssümlərində boğmağa çalışdıqlarını hiss edirəm. Allah kimsəyə çəkə bilməyəcəyi yükü verməz... Onların da sınağı budur yəqin...
17 yaşlı Aysel də xərçəng xəstəliyi ilə mübarizə aparan güclü uşaqlardan biridir. Artıq 4 aydır ki, müalicəsi davam edir. Həkimlər orqanizmin müalicəyə müsbət cavab verdiyini söyləyirlər.

İkinci kimyaterapiya şöbəsinin müdiri Günel Ələsgərova deyir ki, xərçəng xəstəliklərinin növündən və xəstəliyin hansı mərhələdə olmasından asılı olaraq müalicə protokolları, eləcə də müalicə müddəti dəyişir:

“Hər bir xəstəliyin özünün müalicə protokolları var. Məsələn, limfoma xəstəliyin ikinci mərhələsində müalicə müddəti təxminən 3-4 ay çəkirsə, xəstəliyin 3-cü, 4-cü mərhələsində müalicə müddəti 6-7 aya qədər uzana bilir. Elə xəstəlik növləri var ki, müalicə müddəti 2 ilə qədər çəkə bilir. Müalicə bitdikdən sonra xəstələr üçün saxlayıcı müddət deyilən prosedur başlanılır”.

İkinci kimyaterapiya şöbəsində hazırda müalicə alan uşaqların konkret sayını demək çətindir. Çünki, müalicəsi bitdikcə pasiyentlər evə yola salınır. Ümumilikdə isə şöbə 36 nəfərlik çarpayı ilə təmin edilib.

Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasının rəhbəri, ali ixtisas kateqoriyalı onkoloq, tibb elmləri doktoru Reyman İsmayılzadə ölkədə onkoloji xəstəliklərin vəziyyəti ilə bağlı danışarkən deyib ki, il ərzində 150 xəstə qəbul edilir:

“Mərkəzdə 12 həkim var. Həkimlərimiz sırf onkologiya sahəsində ixtisaslaşmış cərrahlar, pediatrlar, terapevtlərdir. Ümumiyyətlə leykoz xəstələrindən başqa, digər bütün bədxassəli – limfoma, beyin şişləri, qaraciyər, yumşaq toxuma şişləri və digər xəstələr bu mərkəzdə müalicə olunur. Bu, bütün onkoloji xəstəliklərin 55-60 faizini təşkil edir. Avropa ölkələrində onkoloji xəstəlikləri 100-dən 25-30 faizi leykozun, 10-14 faiz limfomaların, 18-19 faizi beyin mənşəli şişlərin, 8 faizi neyroblastomanın, 7 faizi nefrobalstomanın, 5-7 faizi sümük sisteminin xəstəlikləri və xırda digər törmələrin payına düşür”.

Xərçəng xəstəliyindən sağalma ortalaması 80 faizdir.
Həkim deyir ki, müalicə prosedurunda Avropa Ümumdünya Uşaq Onkologiya Cəmiyyətinin hazırladığı protokollar tətbiq edilir:

“Ölkəmizdə xəstəliyin hər mərhələsi üçün ayrı-ayrı protokollar tətbiq edilir. Bizdə rast gəlinən onkoloji xəstəliklərin təxminən 80 faizi sağalır.
Bu, çox böyük rəqəmdir. Nəzərə alsaq ki, Azərbaycanda bu sahə hələ gəncdir, təxminən 10 ildir fəaliyyət göstərir, lakin nəticələrimiz Avropanın 50 ildən çoxdur mövcud olan uşaq onkologiyasından heç də geri qalmır”.

Həkim xarici ölkələrdə əhalinin, cəmiyyətin onkoloji xəstələrə olan münasibətindən danışaraq burada da eyni həssaslığın olmasını arzu edir. Belə ki, xarici ölkələrdə sahibkarlar, hətta bu xəstəliklə mübarizə apararkən övladlarını itirən ailələr onların xatirəsinə onkoloji mərkəzlərə üzərində uşaqlarının adları yazılan zəruri olan cihazlar, avadanlıqlar alırlar.
Onkoloji xəstələrə maddi mənəvi dəstək olunmalıdır...
Həkim deyir ki, bəzən cəmiyyətdə onkoloji xəstələrlə bağlı yanlış məlumatlar yayaraq onların həyat keyfiyyətini azaldırlar:
“Bizim müalicə prosedurlarımızda xəstələrin aktivliyini qorumaq, onları depressiv vəziyyətdən kənarlaşdırmaq üçün tədbirlər görülür. Yeniyetmə oğlanlarda spermanın dondurulması tətbiq edilir. Praktiki olaraq bu, müalicədən sonra gənc oğlanların valideyn olma riskinin azalmaması üçün önəmli faktordur. Bəzi xəstələrdə bu artıq tətbiq edilib, lakin bu bütün xəstələrə tətbiq edilə bilməz”.

İl ərzində Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasına 150 xəstə qeydiyyata düşür.
Zaman bu xəstəlik üçün dərmana bərabərdir...
Həkim deyir ki, bu sahədə valideyn məsuliyyətsizliyi xəstəliyin növbəti, ağır mərhələyə keçməsinə səbəb olur:
“Bəzən təbii xalq təbabətilə xərçəng xəstəliyini müalicə etməyə çalışırlar. Qohumlar, qonşular deyir ki, filan meyvəni ye, filan tərəvəzin suyunu iç, sağalacaqsan. Bu isə zaman aparır. Zaman bu xəstəliyin ən önəmli faktorudur, dərmana bərabərdir. Xəstəliyin gecikmiş mərhələsində həkimə müraciət xəstənin sağalma faizinə də mənfi təsir edir.
Düzdür, xəstəliyin müalicəsində istifadə edilən dərmanların qiyməti bahadır, lakin bunlar mərkəzləşdirilmiş qaydada alınır. Xüsusi saxlanma şəraitində saxlanılır. Qeydiyyatda olan xəstələrin xəstəliyinin növünə, mərhələsinə uyğun olaraq protokol üzrə hazırlanaraq, dozası qeyd edilməklə palatalara göndərilir. Bir neçə ildən bir müalicə protokollarında müsbət dəyişikliklər edilir”.
Elə olur ki, 1 aylıq uşaq gətirirlər...

Bir anı qeyd edim ki, həkimlər peşəkardırlar. Lakin uşaqlara baxanda kövrəkliklərini, gözlərindəki üzüntünü görməmək mümkün deyildi. Elə Reyman həkim də ürək ağrısı ilə qeyd etdiyi məqamlarda həssaslığını gizlətməyə çalışsa da, gözümdən qaçmadı..
0-18 yaş arası onkoloji xəstələrin mərkəzə qəbul edildiyini deyən R.İsmayılzadə kiçik uşaqlarda daha çox limfomalara rast gəlindiyini deyir:
“Uşaqlarda rast gəlinən digər şişlər embrional törəmələrdir. Bunlar embrional hüceyrələrdən əmələ gəlir və əsası ana bətnində qoyulur. Embrional törəmələr şüa və kimyaterapiyaya daha həssasdır. Ona görə də nəticə daha yaxşıdır. Ümumiyyətlə, uşaqlarda rast gəlinən onkoloji xəstəliklər böyüklərdə rast gəlinmir. Bunlar tamam başqa bioloji fenomenlərdir. Deyək ki, böyüklərdə siqaret çəkdikləri üçün ağciyər xərçəngi yarana bilər”.
Qohum evlilikləri xərçəng xəstəliyinin geniş yayılmasına təkan verir.
Həkim deyir ki, qohum evlilikləri nəsli zəiflədir.
Cəmiyyətdə xərçəng xəstəliyi ilə bağlı “bıçaq dəydisə, bitdi” deyə yanaşmanın olmasından təəssüfləndiyini deyən həkim bildirir ki, buna səbəb onkoloq olmayan cərrahların onkoloji xəstəliklərə müdaxilə etməsidir:

“Bəzən həkimlər bu kimi vəziyyətlərdə cərrahi prosedur həyata keçirir ki, bu doğru deyil. Onlar müalicə edə, profilaktik istiqamət verə bilər. Lakin onkoloji xəstəliklərlə onkoloq-cərrah məşğul olmalıdır. Düşünürəm ki, onkoloji xəstələrin fərdi klinikalara qəbulu qadağan edilməlidir. Diaqnoz onkoloji xəstəlikdirsə, xəstə mütləq mərkəzə göndərilməlidir. Orada həkimlərin yanlış müalicəsi xəstəliyin gedişatına mənfi təsir edir və gecikmiş vəziyyətdə gələn xəstələrin həyatını xilas etmək də çətinləşir. Valideynlərin bu kimi məqamlara xüsusi diqqət etmələri yaxşı olardı”.

1 ay, 1 həftə, 1 gün, hətta bir neçə saat...
Bəzən elə xəstələr olur ki, onlar üçün zamanı dondurmaq belə mümkün olmur. Həkim deyir ki, xarici ölkələrdə xərçəng xəstəliyi ilə bağlı xüsusi mərkəzlər var:

“Xəstəlik o qədər ağır mərhələdə olur ki, artıq onun üçün heç bir müalicə protokolu effekt verə bilmir. Xaricdə bu kimi xəstələrin qalan zamanının bitməsini ağrısız gözləmələri üçün iynələr vurulur. Həmin müəssisələrdə tibb bacıları, həkim, dini ayin həyata keçirən şəxslər və ailə yaxını olur. Məsələn, ailənin 3 uşağından biri onkoloji xəstədirsə və onun bu dünyadakı zamanının bitməsinə az qalıbsa, o digər uşaqların yanında ölür. Bu, çox ağrılıdır. Uşağın qardaş-bacısının yanında can verməsi, digər uşaqlar üçün də travmadır”.

Həkimin dedikləri insanı çox düşündürür. Ümumiyyətlə bir-birimizi başa düşmək üçün qarşılıqlı empatiya olmalıdır. Bu balacalarla bir günümüz sona çatır.
Artıq şöbəni tərk edirik. Ümid edirəm ki, balacalar sağalıb evə qayıdacaq. Sevimli oyuncaqları - top, velosiped, gəlincik ilə doyunca oynayacaqlar...

Qeyd edək ki, bu gün Xərçənglə Mübarizə Günüdür. Xərçəngə qarşı Beynəlxalq Mübarizə Birliyi (International Union Against Cancer, UICC) 2005-ci ildən başlayaraq hər il fevralın 4-də Dünya Xərçənglə Mübarizə Gününü (World Cancer Day) qeyd edir.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumatına görə, bütün dünyada olduğu kimi Azərbaycanda da onkoloji xəstəliklərə tutulmuş insanların sayı artmaqdadır. 2020-ci ilin hesabatına görə, qeydiyyatda 54 min 403 nəfər onkoloji xəstə olub. Ümumilikdə götürdükdə 2020-ci ildə qeydiyyata 11 min 595 nəfər birincili onkoloji xəstə kimi düşüb. Bunlardan birinci-ikinci mərhələdə 4575 nəfər, üçüncü mərhələdə 3876, dördüncü mərhələdə 3144 nəfər olub.
Könül Cəfərli
FOTO: Tapdıq Abdullayev