Sumqayıt şəhərində fəaliyyət göstərən 7 nömrəli marşrut avtobusunun sürücüsünün sərnişinlərin həyatını təhlükəyə atması ilə bağlı görüntü araşdırılıb, sürücü barədə müvafiq tədbir görmək tapşırığı verilib və həmin şəxs artıq işdən azad olunub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumatda qeyd olunub ki, avtobus sürücülərinin işə qəbulu daşıyıcılar tərəfindən həyata keçirilir:
"Daşıyıcılarla keçirilən görüşlərdə mütəmadi olaraq onlara müvafiq tapşırıqlar verilir. AYNA tərəfindən Sumqayıt şəhərində marşrut avtobuslarının sürücüləri ilə bağlı mütəmadi monitorinqlər aparılır. Hər hansı nöqsanlar aşkarlandığı təqdirdə müvafiq tədbirlər görülür. Daxil olan bütün müraciətlər də ətraflı araşdırılır".
Məhərrəm Əliyev
Sumqayıt şəhərində 7 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusu sürücüsünün nəqliyyat vasitəsini idarə edən zaman sərnişinlərin həyatını təhlükəyə ataraq mobil telefondan istifadə etməsi və sosial şəbəkəyə daxil olması barədə yayılan görüntülər araşdırılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Qeyd olunub ki, sürücü N.Əlişanov müəyyən olunaraq Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinə dəvət edilib:

"Onun barəsində inzibati protokol tərtib edilib və sürücü ilə profilaktik söhbət aparılıb".
Məhərrəm Əliyev
Sumqayıt şəhərində fəaliyyət göstərən 7 nömrəli marşrut avtobusunun sürücüsünün sərnişinlərin həyatını təhlükəyə atan davranışı narazılığa səbəb olub.
Oxu.Az-a göndərilən görüntülərdə avtobus sürücüsünün nəqliyyat vasitəsini sürən zaman mobil telefondan istifadə etdiyi əks olunub.
Kadrlardan da göründüyü kimi, sürücü sükan arxasında olarkən diqqətini yoldan yayındıraraq telefonla məşğul olur, daha dəqiq desək, iki əlini də sükandan çəkərək "TikTok"da izlədiyi videolara şərh yazır. Bu cür davranış isə həm sərnişinlərin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini risk altına atıb.
Qeyd edək ki, yol hərəkəti qaydalarına əsasən, nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadə etmək qadağandır və inzibati məsuliyyət yaradır.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Görüntüləri təqdim edirik:
Məhərrəm Əliyev