Baku TV-nin "Aydın tarix" verilişinin yeni buraxılışında Vətən müharibəsi iştirakçısı, polkovnik Rəşad Aslanov Şuşanın azad edilməsi və Zəfər Günü ilə bağlı xatirələrini bölüşüb.
O bildirib ki, 8 Noyabr - Zəfər Günü dedikdə ilk növbədə şəhidlərimiz, Şuşa şəhərinin silueti və onun üzərində dalğalanan üçrəngli bayrağımız göz önünə gəlir.
Polkovnik əsgərlərin nümayiş etdirdiyi yüksək döyüş ruhundan danışarkən yaddaşında iz qoyan hadisələrdən birini xatırlayıb:
"Döyüşlər zamanı yanımda olan bir əsgər qarın nahiyəsindən güllə yarası aldı. Həyatı üçün təhlükə yox idi, ölümcül yara deyildi. Uzanıb kəlmeyi-şəhadət oxuyur və gülürdü. Soruşdum ki, nə edirsən? Dedi ki, sevinirəm, şəhid olacağam. Onların bir qayəsi var idi: ya şəhid olacaqdılar, ya da qazi".
Rəşad Aslanov, həmçinin Şuşanın girişindəki ermənicə yazının üzərindən Azərbaycan bayrağını necə asdığını da danışıb:
"Müharibədən əvvəl sosial şəbəkələrdə Şuşa şəhərinin girişində onların öz dillərində yazdıqları yazını görəndə özümə və döyüş yoldaşlarıma söz vermişdim ki, oraya çatsam, bayrağımızı həmin yazının üzərindən asacağam. Şuşaya çatanda döyüş yoldaşlarım məni mühafizə etdilər. Düşmən artilleriyası ətrafa mərmilər yağdırsa da, qalxıb gözəl üçrəngli bayrağımızı həmin yazının üzərindən asdım. O qədər böyük qürur hissi keçirirdik ki, atışmanı və düşmən mərmilərini heç hiss etmirdik".