Bir çoxları təhlükəsizlik kameralarının quraşdırılması zamanı hansısa tələbin və ya icazənin olmasından xəbərsizdilər. Hətta görüntüyə icazə olub, səs yazmağın qadağan edildiyini düşünənlər də var.
Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, uzun illərdir təhlükəsizlik kameralarının satışını həyata keçirən şirkətlərdən birinin nümayəndəsi Həzrət Qonaqov bildirir ki, təhlükəsizlik kameralarının video və səsi qeydə alması, görünən və görünməyən yerdə quraşdırlması ilə bağlı heç bir tələb mövcud deyil.
Şirkət nümayəndəsi bildirir ki, bəziləri təhlükəsizlik kameraları əldə etsələr də, ondan səmərəsiz istifadə etdiklərindən hansısa hadisə baş versə belə, o görüntülərlə cinayətin üstünü açmaq mümkün olmur. Buna görə diqqət ediləcək məqamlar var.
Təhlükəsizlik kameralarının qiymətləri isə 34 manatdan başlayır və 10 min manata qədər yüksəlir. Hətta üzü tanıyan müasir kameralar da var ki, onunla obyektdən oğurluq edən şəxsi də asanlıqla aşkar etmək mümkün olur.
Məsələ ilə bağlı hüquqşünas Xəyal Bəşirov bildirir ki, təhlükəsizlik kameraları ilə bağlı qanunda heç bir tələb yoxdur. Əksinə, bu cür kameralardan istifadə bəzən hüquq- mühafizə orqanlarının işinə töhfə verir.
Xəyal Bəşirov bildirir ki, təhlükəsizlik kameraları ancaq təyinatına uyğun istifadə edilməli və iş yerlərində soyunma-geyinmə otaqlarına, sanitar qovşaq kimi yerlərdə qoyula bilməz. Başqa hallarda kameraların həm görüntü, həm də səsi qeydə alması ilə bağlı heç bir qadağa mövcud deyil.
S.B.
www.oxu.az